Freedom House: Azərbaycan internet azadlığında geriləyib

Bakı Fotonun müəllifi Pacific Press

Azərbaycan internet azadlığı reytinqində "qismən azad" ölkələr sırasında yer alıb.

Freedom House təşkilatının "2018-ci il üçün İnternet Azadlığı: Rəqəmsal avtoritarizmin yüksəlişi" hesabatında Azərbaycan 60-cı yeri tutub.

Təşkilat 65 ölkədəki vəziyyət araşdırıb. Bu, dünyada internet istifadəçilərinin 87 faizini əhatə edir.

Azərbaycan rəsmiləri isə internet azadlığı ilə bağlı deyilən tənqidləri əsassız sayırlar. Ölkə rəhbəri İlham Əliyev bu ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib ki, Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir.

"İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır", prezident deyib.

O əlavə edib ki, bəzi QHT-lərin belə reytinqləri Azərbaycanı "gözdən salmaq, nüfuzuna xələl gətirmək və Azərbaycanı qeyri-demokratik dövlət kimi təqdim etmək məqsədi daşıyır".

Hesablamada 0-dan 100-dək qiymətləndirmə sistemindən istifadə olunub. Bu qiymətləndirmədə 0 "ən çox azadlığı" , 100 isə "ən az azadlığı" olan ölkələri göstərir.

Azərbaycan bu qiymətləndirmədə 60-cı pilləni tutaraq qismən azad ölkələr siyahısına düşüb.

0-30-cu yerləri tutan ölkələr azad, 31-60 arasında yer alanlar qısmən azad, 61-100 arasında yer alan ölkələr isə azad olmayan kateqoriyasına aid edilib.

Gürcüstan 25, Ermənistan 27, Ukrayna 45, Türkiyə 66, Rusiya 67-ci, İran isə 85-ci yeri tutub.

Azərbaycan haqqında nə deyilir?

Azərbaycan üzrə göstəricilərdə qeyd olunur ki, ölkədə siyasi, sosial və ya dini tərkibli məlumatlar bloklanır, hökumətyönlü şərhçilər isə onlayn müzakirələri manipulyasiya edir.

Bundan başqa, senzura və ya cəzanı artıran yeni qanun və ya direktivin qəbul edildiyi, blogger və ya İKT istifadəçilərinin siyasi və ya sosial baxımdan saxlandığı və ya həbs edildiyi də vurğulanır.

Digər bir göstəricidə isə deyilir ki, Azərbaycanda hökumət tənqidçilərinə və ya insan hüquqları təşkilatlarına qarşı texniki hücumlar baş tutur.

Fotonun müəllifi JOSH EDELSON/AFP/Getty Images

Azərbaycan geriləyib, Ermənistan irəliləyib

Bu ilki məlumatlara görə qiymətləndirilən ölkələr arasında 2017-ci ilin iyun ayından 26 ölkədə internet azadlığının səviyyəsi aşağı düşüb, 19 ölkədə isə müsbət artım müşahidə olunub.

Hesabatda deyilir ki, internet azadlığının səviyyəsi aşağı düşən ölkələrdə enmə səbəbinin demək olar ki, yarısı seçkilərlə bağlı olub.

Azərbaycan keçən ilin hesabatında 58-ci yerdə qərarlaşmışdı.

2017-ci ilin hesabatında deyilirdi ki, Azərbaycan hökuməti internetdə şərh yazanlara pul ödəyir, siyasi "bot" sistemi işlədir, hökumətyönlü medianı idarə edir və ümumilikdə təbliğat aparır.

Bundan başqa, Azərbaycanda sekçilər ərəfəsində saxta xəbərlərin yazıldığı, eləcə də sosial media hesablarının oğurlandığı qeyd olunub.

Bu ilin hesabatına görə, Ermənistan "qismən azad ölkələr" kateqoriyasından "azad ölkələr" kateqoriyasına yüksəlib. Hesabatda bu yüksəlişdə ölkədəki "məxməri inqilabın" rolu qeyd olunub.

Ən böyük eniş Misir və Şri-Lankada olub. Siyahını isə Kamboca, Keniya, Nigeriya, Filippin və Venesuela davam etdirib.

Bu ilin hesabatına görə, interneti ən çox sıxışdıran ölkə isə Çin olub.

"Azərbaycan izləmə vasitələri alır"

Yeni hesabatda deyilir ki, "Çin şirkətləri insan haqlarına hörmət etməyən hokumətləri yüksək texnoloji izləmə vasitələri ilə təmin edib".

Məlumatda göstərilir ki, Azərbaycan və Ermənistan Çin şirkətləri tərəfindən hazırlanmış "ağıllı monitorinq sistemləri və üz tanıma texnologiyası" alıb.

Fotonun müəllifi Azertag
Image caption Foto. Arxiv. Ölkə rəhbəri İlham Əliyev bu ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycanda internetin və medianın azad olduğunu deyib

"Kim qanunu pozursa, o cəza alır"

Millət vəkili Elman Məmmədov BBC News Azərbaycancaya deyib ki, Azərbaycanda internet azaddır.

"Heç kim deyə bilməz ki, Azərbaycanda internet istifadəsində problem var və ya kiməsə qadağa qoyulub. Hamı azad şəkildə internetdən istifadə edir, öz fikirlərini bildirir, izləyir".

Hesabatı "qərəzli" sayan deputat hesab edir ki, Azərbaycanda region ölkələrlə müqayisədə "daha yüksək səviyyədə istifadə olunur".

Cənab Məmmədov hesabatda bloqçuların təqibi barədə yer alan fikirlərlə də razılaşmır, deyir, qanunu pozmayan nə izlənilir, nə də cəzalandırılır.

"Kim qanunu pozursa, hansı sahədə olur-olsun, peşəsindən və fəaliyyət növündən asılı olmayaraq, qanuna əməl etməyə cəlb olunur və qanunla cəzasını alır".

"Statuslara görə həbs edirlər"

Media hüququ üzrə təhlilçi Xalid Ağəliyev deyir ki, "Azərbaycanın belə nəticə göstərməsi ölkəyə yaraşmır".

"Ümumilikdə baxanda isə bizim Azərbaycanın hesabatda yerini şübhə altına almağımıza əlimizdə heç bir əsas yoxdur".

Onun sözlərinə görə, qanunvericilik baxımından internet azadlığına ciddi hüquqi əngəllər olmasa da, reallıq və təcrübələr fərqlidir.

"Son 8-9 ayda 25 nəfərə qədər gənc fəal inzibati həbs olunub. Onlar inzibati qaydada həbsdən çıxandan sonra hamısı deyir ki, məhz internetdəki, sosial şəbəkələrdəki statuslarına görə həbs ediliblər".

Fotonun müəllifi Jonas Gratzer/LightRocket via Getty Images

"Hökumət saytları bloklayır"

Təhlilçi deyir ki, hökumət öz nəzarətində olmayan xəbər saytlarının əksəriyyətini bloklayıb.

"Son illərdə hökumət çox sərt bloklama qanunvericiliyi yaradıb və bundan onu tənqid edən, onun nəzarətində olmayan mediaları sıxışdırmaq üçün istifadə edir".

O, bloklanmaların bəzi hallarda məhkəmə qərarı ilə, bəzi hallarda isə məhkəmə qərarı olmadan həyata keçirildiyini deyir.

Xalid Ağəliyev deyir ki, bütün məqamlara baxdıqda "Azərbaycanın qismən azad ölkələr siyahısında olması ilə razılaşmaqdan başqa yolumuz yoxdur".

"Tənqidçiləri susdurmaq üçün istifadə edir"

Xalid Ağəliyev düşünür ki, alınan texnologiyalar məqsədi üzrə istifadə olunmur.

"Azərbaycan bu texnologiyaları alır, amma onlardan vətəndaşların təhlükəsizliyi və hüquq və azadlıqlarının daha yaxşı təmin olunması üçün yox, hökumətin öz tənqidçilərini susdurmaq naminə istifadə edir".

O, texnologiyaların etiraz aksiyalarını da hədəflədiyini ehtimal edir:

"Bu üsullardan daha çox müxalif qüvvələrin etiraz aksiyaları zamanı istifadə edilməsi barədə xeyli iddialar ortaya qoyulur, amma bu iddialardan heç birini hökumət təkzib etmir. Eyni zamanda hər il kütləvi toplantılardan sonra müəyyən həbslərin şahidi oluruq ki, onları bu texnologiyalardan istifadə etməklə həyata keçirirlər".

Cənab Ağəliyev deyir ki, QHT-lərin sözügedən texnologiyaların istifadəsi haqda sübutlar toplamağa imkanları məhdudlaşdırılıb.

"Təəssüf ki, son illərdə bizim bu texnologiyaların necə işləndiyini sübutlarla göstərmək imkanımız əlimizdən alınıb. Lakin təcrübəni izləyəndə görürük ki, bu texnologiyalardan daha çox hökuməti tənqid edənlərin izlənməsi üçün istifadə olunur", o deyir.

Bu barədə daha geniş