Azərbaycan: dünyanın ən böyük (keçmiş) bayrağı hardadır?

bayraq Fotonun müəllifi Azertag
Image caption Dövlət Bayrağı Meydanının açılışı yerli KİV-lər tərəfindən geniş işıqlandırılmışdı

Bu gün Azərbaycanda Milli Bayraq Günü qeyd olunur... onun adına olan bayraqsız meydanda. Bəs, rekord-bayrağın taleyi necə oldu?

Çiskinli, tutqun payız günü paytaxtın Dövlət Bayrağı Meydanına girmək istəsək də, mühafizəçi qarşımızı kəsir: "Bayraq Meydanı qorunduğu üçün, bura giriş qadağandır".

Amma bayraq gözə dəymir. Onun orda yalnız bünövrəsi var. Meydanın yanındakı boş ərazi avtomobil dayanacağı kimi istifadə olunur və orada hərəkət sərbəstdir.

2010-cu ildə Azərbaycan futbol sahəsi ölçüsündə olan ərazidə dünyanın ən böyük bayrağını ucaltdı. Səhəri günü bayraq cırıldı, altı ay sonra isə Tacikistandakı "rəqibi" yüksəkliyinə görə onu geridə qoydu. Bir qədər sonra isə bayraq tamamilə çıxarıldı və geri qaytarılmadı.

Dövlət Bayrağı meydanından ağ yaxtalar olan buxtaya, inqilaba qədərki memarlıq, məscidlər və qüllələri olan orta əsr şəhərinə gözəl mənzərə açılır.

Bu meydanda 1 il 6 ay əvvəl milli üçrənglı bayraq dalğalanırdı. 162 metrlik bayraq dirəyinin yüksəkliyinə qaldırılan bayraq Xəzərin o tayında Tacikistanın bayrağına qədər dünyanın ən böyük bayrağı hesab edilirdi. Lakin sonra bayraq meydandan tamamilə yoxa çıxdı. 2017-ci ildə dəyəri təxminən 30 milyon ABŞ dolları olan layihə təmirə göndərildi və bir daha geri qayıtmadı.

Dünyanın ən uzun bayrağı tituluna sahib olmaq hökumətə asan başa gəlməmişdi, ərazidəki çoxmərtəbəli bina sakinlərinin köçürülməsi ciddi narazılıq yaratmışdı. Bayraq Meydanının "ətrafındakı yolun inşası" üçün burada yaşayan 70-dən çox ailə köçürülmüşdü. Ailələrin narazılığı hökumətin onlara evlərinin hər kvadrat metri üçün təklif etdiyi 1500 manatlıq vəsaitlə bağlı idi.

Image caption Vaxtilə Bayraq Meydanının yerləşdiyi ərazidə fotoda görüntülənən, lakin sonradan sökülmüş binanın qazanxanası yerləşib

Bayraq Meydanının təntənəli açılış mərasimi 2010-cu ilin sentyabrın 1-də baş tutub. Mərasim lazer şoularla və atəşfəşanlıqla müşayiət olunub.

"Bizim bayraq Dağlıq Qarabağda dalğalanacaq və biz bu günün daha yaxın olması üçün daha çox işləməliyik", həmin zaman açılışda iştirak edən prezident İlham Əliyev demişdi.

Mərasimin səhəri günü bayrağı sərt Xəzər küləyi parçaladı və onu aşağı endirdilər.

Ümumilikdə, bayraq dirəyinin çəkisi 220 ton, bayraq özü isə 350 kiloqramdır. ABŞ-ın Trident Support şirkəti tərəfindən hazırlanan və Azərbaycanın Azinko şirkəti tərəfindən həyata keçirilən layihənin reallaşdırılmasına təxminən 30 milyon dolları xərclənib. Açılışdan 22 gün sonra prezident Əliyev Ehtiyat Fondundan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə yenidənqurma və abadlıq işlərinin aparılması üçün 10 milyon manat ayrılması barədə sərəncam verib.

Kimin bayrağı yüksəkdir?

Növbəti xoşagəlməz hadisə 8 ay sonra baş verdi. 2011-ci ilin mayında Tacikistanın paytaxtı Düşənbədə Azərbaycanın bayrağından 3 metr hündür olan bayraq ucaldıldı. Hərçənd, bu bayrağın həcmi daha kiçik idi.

Beləliklə, Azərbaycan bayrağı dünyanın ən hündür bayrağı siyahısında ikinci (3-cü yeri Türkmənistanın paytaxtı Aşqabaddakı 133 metrlik bayraq tutur) yerə düşdü.

Yeri gəlmişkən, hər üç bayraq konstruksiyasını buna qədər Yaxın Şərqdə ən yüksək bayraq sütunları tikən ABŞ-ın Trident Support şirkəti inşa edib.

Bu gün (2014-cü ildən) ən böyük bayraq dirəyi Səudiyyə Ərəbistanına məxsusdur. Tacikistandan sonra isə Səudiyyə Ərəbistanı da öz ən hündür bayrağını tikdi. Onun hündürlüyü 170 metrdir. Həmçinin ən böyük bayraq dirəyi ilə lovğananlar arasında Şimali Koreya, İordaniya, Qazaxıstan, BƏƏ, Malayziya, Qığızıstan və Belarus da var. Azərbaycan bayrağı Tacikistan və Səudiyyə Ərəbistanından sonra 3-cü yerdə qərarlaşıb.

Image caption Yağışlı noyabr günlərində Dövlət Bayraği Meydanına gedən yollar bağlıdır

Bayrağın itməsi

2017-ci ilin avqustunda bayraq yenidən aşağı endirildi, amma bu dəfə geri qaytarılmadı. O zaman, Dənizkənarı Bulvarın işçiləri yerli KİV-ə müsahibədə bayrağın "texniki nəzarət"dən keçirilməsi üçün endirildiyini və tezliklə ucaldılacağını demişdilər. Lakin bayraq geri qaytarılmadı, bu arada bayraq dirəyi sökülməyə başladı və indi o tamamilə yığışdırılıb.

Dənizkənarı Bulvar İdarəsi hələki BBC-nin bayrağın taleyi barədə yazılı sorğusuna cavab verməyib. İdarədən cavabın hazırlandığı bildirilib.

Milyonlar"boş yerə xərclənməyib"

Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, bayrağın yerləşdiyi ərazinin abadlaşması da nəzərə alınsa, ayrılmış vəsait "boş yerə xərclənməyib".

"Vaxtilə orada Sovet Hərbi Dəniz Donanmasının sıradan çıxmış gəmiləri üçün gəmi qəbiristanlığı vardı, indi həmin 30 milyona Bakı Bulvarının o ərazisində gözəl bir meydança salınıb, o ətraf abadlaşdırılıb, yaxşı məişət xidməti obyektləri açılıb. İnsanlar gəlib orada dincəlirlər, şəhərin gözəl görüntüsü yaradılıb".

"İndi meydanda yalnız bayraq sütunu və bayrağın özü yoxdur", deyən millət vəkili bunun səbəbini bilmədiyini desə də, "texniki" amillərlə əlaqələndirib.

Fotonun müəllifi Anadolu Agency

Dövlət bayrağının Azərbaycanın "fəxri və kimliyi" olduğunu deyən deputat qeyd edir ki, nəinki paytaxtda, eləcə də digər bölgələrdə Dövlət Bayrağı meydanları var və Bakıda onun olmaması mümkün deyil.

"Burada söhbət ancaq və ancaq texniki problemdən gedə bilər", o əlavə edir.

"Həmin bayraq yerinə qaytarılacaq. Mən inşaat mühəndisiyəm, düşünürəm ki, bayrağın yerinə qaytarılması üçün cüzi xərcə ehtiyac olacaq", deyə Aydın Mirzəzadə Dövlət bayrağının yerinə bərpa olunması üçün təkrar vəsait ayrılacağını ehtimalı edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş