Evi yanan məcburi köçkünlər: "Bilmirik geyim alaq, yoxsa kirayə ev tutaq"

Video açılmırsa, buradan izləyin.

Bakının Binəqədi rayonunda yaşadıqları bina yanmış məcburi köçkünlər onlara verilən kirayə pulundan narazıdırlar.

Evi yanmış Füzuli rayonundan məcburi köçkün Rüfət Məmmədov deyir ki, onlara kirayə pulu olaraq 300 manat ödənilib.

"Evdə hər şey yanıb, sənədlər də, pal-paltar da. Kirayə evdə hər şey olmur axı. Qalıqları nə ilə bərpa edək?!", sakin deyir.

Nə baş verib?

Bazar ertəsi Bakının Binəqədi rayonunda məcburi köçkünlərin yaşadığı binanın 3-cü mərtəbəsində yanğın baş verib.

Yanğın söndürülərkən isə aşağı mərtəbələrdəki mənzillər də su içində qalıb. Yanğın nəticəsində ölən və yaralanan olmayıb, sakinlər bildirib.

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, yanğın nəticəsində 46 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.

Komitə həm də qeyd edib ki, müvəqqəti sığınacaq üçün 15 çadır quraşdırılıb, yataq dəsti və müvafiq avadanlıqları təchiz edib.

Sakinlər deyir ki, bina uzun müddətdir qəzalı vəziyyətdədir. Sakinlər binada yaşamağın mümkün olmadığını deyirlər və evlə təmin edilməyi istəyirlər.

Zərərçəkənlər üçün binanın yaxınlığında çadır qurulub. Əraziyə gələn "Qaçqınkom"-un sədri Rövşən Rzayev sakinlərin evlə təmin ediləcəyini deyib.

Geyim, yoxsa kirayə ev?

Evi yanmış Füzuli rayonundan məcburi köçkün Elməddin Hacıyev də məbləğlə razı deyil.

"Əyin-baş hamısı yanıb, bilmirik geyim alaq, yoxsa kirayə ev tutaq", o deyir.

Sakin Rövşən Məmmədovun sözlərinə görə, onlara müxtəlif fikirlər deyilir.

"Gah deyirlər bura təmir ediləcək və yenidən köçəcəyik bura, gah da deyirlər ki, yanvara qədər kirayədə yaşayacaqsınız, sonra isə Kürdəxanıda ev veriləcək", o bildirir.

Kirayə haqqının miqdarı ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən şərh almaq mümkün olmayıb.

Bu barədə daha geniş