Azərbaycanın qaçqın və köçkün teatrları nə vəziyyətdədir?

Şuşa Teatrı Tamaşa Şuşa Azərbaycan
Image caption Şuşa Dövlət Dram Teatrının hazırda yerləşdiyi zaldan bir görüntü.

Bakının Ziya Bünyadov prospektində yerləşən, daha çox anbarı xatırladan, amma divardakı "toyunuz mübarək" yazısından bir vaxtlar toy şənliklərinə ev sahibliyi etdiyi görünən, pəncərələri balaca olduğu üçün içərisinə yetərli işıq düşməyən bu zal hazırda Şuşa Dövlət Dram Teatrının "evi"dir.

Şuşa teatrı bir neçə ildir ki, qızdırılmayan, pəncərələrinə bir vaxtlar dəbdə olmuş, indi isə nəmişlik və baxımsızlıqdan rəngi solmuş, bir tərəfi asılqandan qopmuş pərdəsinin aralıqlarından divarları görünən bu zalda hələ bir müddət də qalacaq.

Teatrın direktoru Yadigar Muradov deyir ki, Mədəniyyət Nazirliyindən keçmiş Savalan kinoteatrının onlara veriləcəyini bildiriblər, lakin hələlik orada təmir işləri aparılır.

"Bu günə kimi tamaşalarımızı şəhər teatrlarında, onların cədvəlinə uyğunlaşaraq göstərmişik. Bəzən bu səbəbdən tamaşanı ertələməli olmuşuq. Bu isə çətinlik yaradır", cənab Muradov deyir.

Image caption Şuşa Dövlət Dram Teatrının aktyorları məşq zamanı.

Teatrın söhbətləşməyə imkan tapdığımız üç aktrisası deyir ki, maaşları 150-200 manat civarında dəyişir.

Bu maaş "nəyə çatır" sualının cavabı isə həm çətindir, həm də çox asan...

80-90-cı illərdən 1-i qaçqın, 3-ü məcburi köçkün kimi Bakıya üz tutmuş - İrəvan, Şuşa, Ağdam və Füzuli Dövlət Dram Teatrları uzun illər bir neçə dəfə ünvan dəyişdikdən sonra hazırda hərəsi bir yerdə məskunlaşıb.

Teatrların rəhbər və aktyor heyəti "maaşın azlığı və şəraitsizlikdən" gileylənirlər.

BBC News Azərbaycanca Mədəniyyət Nazirliyindən qaçqın teatrların büdcəsi ilə bağlı sorğuya cavab ala bilməyib.

Ali təhsilli aktyor çatışmazlığı

"183 manat maaş alıram, azdır, qane etmir", BBC News Azərbaycancaya danışan Ağdam Dövlət Dram Teatrının aktyoru Fərhad Fərhadzadə deyir.

O bildirir ki, bu sahəni özü seçib, ona görə də qalıb işləmək istəyir.

Qaçqın teatrların ikisi Ağdam və Füzuli teatrları bir müddət əvvəl müvafiq rayonlara geri qayıdıb. Teatrların direktorları deyir ki, cəbhə bölgəsində olmaq və şəraitsizlik onlara həm də ali təhsilli aktyorların yoxluğu çətinliyini yaradır.

"Əsas çətinliyimiz aktyorların bura gəlməməsidir. Həm cəbhə ərazisi olduğuna görə, həm də Bakıdan gələn aktyor yaxşı şərait istəyir. Belədə isə təhsilli aktyorlarımız cəmi səkkiz nəfərdir, çünki əyalət teatrlarında əməkhaqqı aşağıdır", Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Hüseynov deyir.

"Məsələn, aktyorun ən yüksək əməkhaqqı 230 manatdır. Maaşlar 130 manatdan başlayır. Bakıda aktyor teatrdan sonra dublyaja gedir. Maddi durumunu yaxşılaşdırır. Burada isə o imkan yoxdur. Üstəlik, aktyor gəlib burada aldığı maaşa həm də kirayə qalmalıdır. Ona görə də həvəsləri yoxdur", cənab Hüseynov vurğulayır.

Aktyor heyətini əsasən özfəaliyyət kurslarından topladıqlarını deyən Vaqif Hüseynov deyir ki, digər bir problem də teatrın cəbhə bölgəsində yerləşməsidir.

"Axşamlar olan atışmalar, səs-küy şəhərli aktyorları qorxudur, ona görə də gəlmirlər. Biz isə öyrənmişik artıq".

"Əsas məsələ gəncləri cəlb etməkdir, bu isə çətindir. Gənc aktyorlar nəinki bölgə teatrlarına, heç şəhər teatrlarına da getmirlər. Onlar daha çox şou-biznesə can atırlar, bəzən də universiteti bitirirlər və ümumiyyətlə sənətin arxasınca getmirlər", Vaqif Hüseynov deyir.

Fotonun müəllifi Zöhrab İmamalıyev
Image caption Nəcəf Bəy Vəzirovun "Ağa Kərim xan Ərdəbili" əsəri əsasında hazırlanmış tamaşadan bir səhnə

Tamaşaçı yoxluğu...

Tamaşalara biletlərin satış qiymətinin 1-10 manat arasında dəyişir və teatr rəhbərləri biletlərin qiymətini istədikləri kimi qoya bilməməkdən gileylənirlər.

Biletlərə qiymət təyin edərkən onlar məktəbliləri, əsgərləri nəzərə almalı olurlar.

Hər rübdə bir tamaşa hazırlayıb təhvil verməli olduqlarını deyən Məhəmməd Hüseynov deyir ki, tamaşaçı "pul verib, bilet alıb, teatra gələ bilmir".

"Əsas tamaşaçı kontingentimiz isə Ağdamdakı sosial-iqtisad kollecinin tələbə-müəllim heyətidir. Onlar tez-tez kollektiv şəkildə yığışıb, tamaşaya baxmağa gəlirlər. Tamaşanın sonunda da disput keçirirlər.

Biz insanlar arasında təbliğat aparırıq, ancaq teatra adam gəlmir. Bircə keçən il "Aydın" tamaşasında, bir də "Sadığın toyu" tamaşasında adi tamaşaçılar bilet alıb gəlmişdilər", cənab Hüseynov xatırlayır.

Məhəmməd Hüseynov deyir ki, ərsəyə gəlməsi üçün hər tamaşanın öz büdcəsi, öz tələbləri var. Bir tamaşaya yalnız səhnə kostyumu alsaq, afişaların hazırlasaq, təxminən 1500-1700 manat pul xərclənəcək".

Fotonun müəllifi Füzuli Dövlət Dram Teatrı
Image caption Nəcəf bəy Vəzirovun " Hacı Qəmbər tamaşası" əsəri əsasında hazırlanmış tamaşadan bir səhnə

"Teatrlarda iqtisadi məsələ öz həllini tapsa"

Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı hazırda Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki mədəniyyət evində yerləşir.

Hazırda bina teatrın balansında olsa da, Rəsulzadə Bələdiyyəsi də burada məskunlaşıb. Tikilinin bir tərəfində örtüklü, təmiz pəncərələri, girişdə üzərində bələdiyyənin adı yazılan metal lövhə parıldayır.

Digər tərəfdə isə İrəvan Teatrının pərdəsiz, tozdan və illərlə istifadə olunmaqdan rəngi getmiş, üstəlik pərdəsiz pəncərələri və köhnə taxta qapının fonunda burada bir az təzə görünən, giriş qapısıınn yanında divara bərkidilmiş teatrın adı yazılan lövhədir.

İkinci mərtəbənin kandarında rastlaşdığımız aktyor Niyaməddin Səfərəliyev deyir ki, aylıq maaşı 200 manat olsa da, "başqa yerlərdən" gəliri var lakin..

"200 manatla dolanmaq mümkün deyil ki, başqa yerlərdən gəlirimiz var. Ancaq aktyor kimi özümüzü inkişaf etdirməyə imkanımız yoxdur. Problem bundadır".

"Aktyorun fikri pul qazanmaq yox, özünü inkişaf etdirmək olmalıdır", deyən cənab Səfərəliyev, bunun "çox vacib amil" olduğunu xatırladır.

Image caption İrəvan Dövlət Dram Teatrının aktyorları Kobi Abenin "İstehkam" əsərini səhnələşdirirlər.

Bir qədər irəlidə elektrik qızdırıcısıyla isidilməyə çalışılan, tavanı nə vaxtsa ağardılmış, indi isə nəmişlikdən boyası tökülən otaqda aktyorlar yeni tamaşanın məşqini edirlər.

Özlərinin təbirincə desək, obrazlarının "hərəsi bir cür bədbəxt olan" yapon yazıçısı Kobi Abenin "İstehkam" əsərini səhnələşdirirlər.

Aktyorlar bildirirlər ki, "həyatın özünü" oynayırlar bu tamaşada. "Kimsə xoşbəxt deyil, xoşbəxt görünməsinə rəğmən".

"Teatr da var, tamaşaçı da, şərait yoxdur"

İrəvan Teatrının direktoru İftixar Piriyev "teatrımız heç bir şəraiti olmayan şəraitsizlikdə fəaliyyət göstərir" deyir.

O deyir ki, teatrın daimi yeri olmadığından daimi tamaşaçısı da yoxdur.

"Binamız təmirdə olduğu üçün digər teatrların salonlarında tamaşa verir, əsasən də səyyar fəaliyyət göstəririk".

Hər satılan biletin məbləğinin təxminən 18 faizini isə müəllif hüquqları agentliyinə verməliyik".

"Xaricə səfərlərimiz zamanı yol xərclərimizi Mədəniyyət Nazirliyi qarşılayır, ölkədaxili qastrollarda isə öz xərcimizi özümüz ödəyirik.

Image caption İrəvan Dövlət Dram Teatrının aktyorları məşq prosesində

İftixar Piriyev deyir ki, heç vaxt sponsorları, ya da ianə verənləri olmayıb.

"Bircə bölgələrə gedərkən, öncədən gedib afişalarımızı yerləşdirib, təbliğat aparanda bilet satışı üçün kömək edən şəxslər olub, ancaq kimsə gətirib bizə nəsə verməyib".

Digər teatr direktorlarının "tamaşaçı yoxdur" fikrilə razılaşmayan İftixar Piriyev deyir ki, "əslində teatr da var, tamaşaçı da, şərait yoxdur".

"Kim deyir ki, tamaşaçı yoxdur? Biz "Min möhtəşəm günəş" əsərini səhnələşdirdik. Biletləri də normalda olduğundan yüksək qiymətə qoymuşduq. Dəfələrlə anşlaqla keçdi tamaşa. Demək ki, problem tamaşaçıda deyil".

"Bu teatrlar Azərbaycana mənəvi cəhətdən lazımdır"

BBC News Azərbaycancaya danışan Aydın Talıbzadə deyir ki, bu məsələ ilə bağlı suallarımızı ona teatr tənqidçisi kimi yox, Azərbaycan vətəndaşı kimi ünvanlayaq ki, "cavab verə bilsin".

"Mən bir teatrşünas kimi sizin suallarınıza cavab vermək istəmirəm, bu, mənəvi məsələdir, digər məsələlər daha sonra gəlir".

Mədəniyyətin büdcəsi...

Azərbaycanda hazırda ümumilikdə 26 peşəkar teatr fəaliyyət göstərir. Teatrlar dövlət büdcəsindən əməkhaqqı ilə təmin olunur və illik 1-2 dövlət sifarişi alırlar, Mədəniyyət Nazirliyinin incəsənət şöbəsindən BBC News Azərbaycancaya deyiblər.

2017-ci ildə 704 min nəfər teatrlara baş çəkib. Bu da hər min nəfərə 72 nəfər edir.

2017-ci ildə ölkədə mədəniyyət və incəsənət sahəsinə 140.2 milyon pul ayrılıb, 2018-ci il üçünsə bu rəqəm 128.5 milyon manat olub.

Büdcədə teatrlara ayrılan vəsaitin məbləği göstərilməyib.

Bu barədə daha geniş