Əli Kərimli 2500 manat cərimə edilərək azadlığa buraxılıb

Əli Kərimlinin məhkəməsi

Səbail rayon məhkəməsi Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimlini 2500 manat cərimə edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Əli Kərimli məhkəmədən sonra çıxış edərək bildirib ki, "Növbəti tarixi gündə yenə Şəhidlər Xiyabanında yürüyəcək".

Əli Kərimlinin vəkili Fuad Ağayev BBC News Azərbaycancaya deyib ki, təmsil etdiyi şəxs İnzibati Xətalar Məcələsinin 513.1. maddəsi (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qaydasının pozulmasına görə) ilə ittiham olunub.

Qanunda göstərilir ki, bu maddə ilə ittiham olunan şəxs min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir, yaxud iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq oluna bilər.

"Əli Kərimlinin işinə baxılır. Biz indi müəyyən vəsadətlər verəcəyik, saxlandığı iki gün ərzində onun yanına müdafiəçi buraxılmayıb. Nə mənə, nə ailəsinə zəng edə bilməyib, ancaq bu gün imkan yaradılıb, o da mənə zəng edib, gəlmişəm", - Fuad Ağayev belə deyib.

Səbail rayon məhkəməsinə gələn partiya fəalları və ictimaiyyətin nümayəndələri məhkəmə binasına yaxın buraxılmayıb. Polis məhkəmə binasının ətrafında düzülüb və insanların parkda cəmləşməsinə şərait yaradıb. Məhkəmənin qarşısından keçən yol hərəkət üçün bağlanıb.

Səbail rayon məhkəməsi Əli Kərimli ilə birgə saxlanılanlardan bir neçəsinə cərimə, bəzilərinə isə sutkalıq inzibati həbs cəzası verib:

  • Ramid Nağıyev 400 manat
  • Sərdar Cəfərov 400 manat
  • Ramiz Cəfərov 500 manat
  • Fatimə Mövlamlı 500 manat
  • Nurlan Qəhrəmanlı 500 manat
  • Əlixan Rəcəbov 500 manat
  • Ağababa Cəfərov 20 sutka
  • Ruslan Əmirli 20 sutka
  • Cavid İbrahimov 20 sutka

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərtaca müsahibəsində deyib ki, "aksiya iştirakçıları qanunsuz kütləvi tədbirin qarşısını almağa çalışan hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə məhəl qoymayıb, hətta polis işçilərinə müqavimət göstəriblər".

Prezidentin köməkçisi bildirib ki, "hüquq-mühafizə orqanları qanunun tələblərinə uyğun olaraq qeyri-qanuni aksiyanın qarşısını alıb və bunun insan hüquq və azadlıqlarının pozulması ilə heç bir əlaqəsi yoxdur. "Polis üçün əsas meyar siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir".

Noyabrın 17-də, Milli Dirçəliş günü ilə bağlı Bakıda, Şəhidlər Xiyabanı qarşısında tədbirə qatılmaq cəhdi vaxtı bir qrup fəal ilə birgə Milli Şuranın sədri Cəmil Həsənli və AXC partiyasının sədri Əli Kərimli saxlanıb. Daha sonra Cəmil Həsənli sərbəst buraxılıb.

Məhkəməyə kimi Əli Kərimlinin vəkili ilə görüşməsinə icazə verilməyib. AXCP fəalları bildiriblər ki, partiya sədrinin harada saxlanılması ilə bağlı də onlarda məlumat olmayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumata əsasən noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 52 nəfərə qədər olan üzvləri "Meydan hərəkatı"nın 30 illiyi ilə əlaqədar, Şəhidlər Xiyabanı istiqamətində polis tərəfindən saxlanılıb". Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılı, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıb.

Məlumata görə, saxlanılanlar barəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub və məhkəməyə göndərilib.

Bu barədə daha geniş