Əfqan Muxtarlının həbsdə telefondan istifadə hüququ "məhdudlaşdırılıb"?

Əfqan Muxtarlı, Elmir Mirzoyev, Tbilisi, jurnalist Fotonun müəllifi ELMİR MİRZOYEV

Həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı onun telefondan istifadə hüququnun "məhdudlaşdırıldığını" deyir.

Jurnalistin həyat yoldaşı BBC News Azərbaycancaya deyib ki, Əfqan Muxtarlı ona zəng edərkən bildirib ki, onun telefon zənglərinin sayını azaldıblar.

Penitensiar Xidmət Əfqan Muxtarlıya qanunda nəzərdə tutulmuş qaydada telefon danışıqlarının təqdim olunduğunu bildirib.

Əfqan Muxtarlı 2017-ci ilin mayında Azərbaycanda həbs olunub və bu ilin yanvarında ona 6 il həbs cəzası verilib.

"Həmişə həftədə iki dəfə bizə və digər ailə üzvlərinə, bir də ona yemək aparan dostlarına zəng edirdi. Son günlərdə bildiriblər ki, ancaq bir nəfərə zəng edə bilər, başqa nömrəyə zəng etmək olmaz",- jurnalistin həyat yoldaşı Leyla Mustafayeva bildirib.

Əfqan Muxtarlının xanımı bunu "psixoloji təziq" hesab etdiyini və həyat yoldaşının hüquqlarının "qanunsuz məhdudlaşdırıldığını" qeyd edib.

"Əfqan Muxtarlıdan bunun səbəbini soruşanda dedi ki, həbsxanada ona tapşırığın Prezident Adminstrasiyasından verildiyi bildirib", Leyla Mustafayeva deyib.

Prezident Administrasiyasından BBC News Azərbaycancaya bu iddia ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlanılması deyilib.

Penitensiar Xidmət iddianı təkzib edib.

Jurnalistin vəkili Elçin Sadıqov deyir ki, Penitensiar Xidmətdən Muxtarlının bütün hüquqlarının təmin olunması barədə məktub alıb.

"Amma müdafiə etdiyim şəxs deyir ki, bu, həqiqəti əks etdirmir, ona yalnız ailə üzvüləri ilə bir dəfə danışmağa icazə verilir. Biz bununla bağlı məhkəməyə müraciət etməyi planlaşdırırq".

Vəkilin sözlərinə görə, məsələ ilə bağlı Baş Prokurorluğa, Ombusman aparatına da müraciət olunub.

Penitensiar Xidmətin mətbuat xidmətindən BBC News Azərbaycancaya bildiriblər ki, "Penitensiar Xidmət hər hansı bir qanunazidd tapşırıq almayıb və bundan sonra da belə ola bilməz".

"Qanunda nəzərdə tutulmuş qaydada bütün məhkumlara, o cümlədən Əfqan Muxtarlıya telefon danışıqları təqdim olunur",- Penitensiar xidmətin sözçüsü Mehman Sadıqov deyib.

Fotonun müəllifi SAUL LOEB/AFP/Getty Images

Onun sözlərinə görə, "məhkum olunan şəxs mobil telefona zəng edirsə, şəhərlərarası zəng edirsə, ödəniş ya məhkum, ya da onun yaxın qohumu tərəfindən edilir. Əgər şəhərdaxili zəngdirsə, bu dövlət tərəfindən ödənilir".

Əfqan Muxtarlı 2017-ci ilin mayında Azərbaycanda həbs olunub.

Jurnalist "Tiflisdə oğurlandığını, başına torba keçirildiyini, döyülərək işğəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro yerləşdirildiyini" bildirib.

Prokurorluq isə jurnalisti güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhəddi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edib.

Jurnalist bu ittihamları rədd edib.

Əfqan Muxtarlı 2018-ci il yanvar ayının 12-də Balakən Rayon Məhkəməsinin qərarı ilə altı il müddətinə azadlıqdan məhrum edilib.

15 iyun 2017-ci ildə Avropa Parlamenti Azərbaycanlı jurnalist Əfqan Muxtarlı barədə qətnamə qəbul edərək, Azərbaycan hökumətindən onun dərhal azad edilməsini və ona qarşı bütün cinayət ittihamlarının ləğv edilməsini tələb edib.

Bu barədə daha geniş