Müsavat Partiyasının Gənclər Təşkilatının sədri həbs olunub

Əbülfəz Sadıqov Fotonun müəllifi Səxavət Soltanlı

Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqov 3 aylıq həbs olunub.

Onun vəkili Mirismail Hadı BBC News Azərbaycancaya bildirib ki, Əbülfəz Sadıqov barəsində 2019-cu il fevralın 2-nə qədər həbs qətimkan tədbiri seçilib.

O, dələduzluq və saxta sənəd hazırlamaqda ittiham olunur.

Vəkil həbs qətimkan tədbiri barədə apellyasiya şikayəti verməyə hazırlaşdığını deyir.

Baş Prokurorluqdan BBC News Azərbaycancaya deyilib ki, məsələ ilə bağlı onlara yox, Səbail rayon məhkəməsinə müraciət etmək lazımdır.

Səbail rayon məhkəməsi isə bildirib ki, istintaq davam etdiyi üçün heç bir məlumat verilə bilməz.

Mirismail Hadı deyir ki, Əbülfəz Sadıqov çərşənbə axşamı günü Səbail rayon məhkəməsinə dəvət olunub ki, orada Nikoil bank işçilərinin saxta sənəd hazırlaması, vəsaitlərin dövlətə keçirməməsi ilə bağlı şahid qismində ifadə versin, amma sonradan barəsində həbs qətimkan tədbiri seçilib.

"Kifayət qədər sübut olmadan, araşdırma aparılmadan, tez-tələsik barəsində ittiham verilib. Əbülfəz Sadıqovun həbsi və ümumiyyətlə cinayət məsuliyyətinə cəlb edilməsi üçün heç bir əsas yoxdur".

Mirismail Hadı deyir ki, Əbülfəz Sadıqov Nikoil Bankdan kreditlə maşın götürüb, bir hissəsini ödəyib. 2017-ci ilin əvvəlində bankın əməkdaşları onu saxlayıb deyiblər ki, maşının 8100 manat borcu var.

Dediyinə görə, təklif olunub ki, borcun əsas hissəsi olan 5100 manatı ödəsin və borc məsələsi bitsin, Əbülfəz Sadıqov da qohumlarından pul alıb, borcu banka ödəyib.

"Borc ödəniləndən sonra bank Əbülfəz Sadıqova arayış verib ki, borcu yoxdur, amma indi ona qarşı mülahizələr irəli sürülür ki, guya bankda hansısa qrup olub və Əbülfəz Sadıqov həmin qrupun üzvüdür. Əslində isə bankda sənədləri saxtalaşdıranlardan heç kəs müəyyənləşdirilməyib. Əbülfəz Sadıqovun bu cinayətdə ittiham olunması üçün onun qarşı tərəfi müəyyən olunmalıdır", - vəkil deyib.

Cənab Hadı deyir ki, sənədin saxtalaşdırılması olubsa, bu haqda bank məsuliyyətə cəlb olunmalıdır.

"Ekspertlər bankın Əbülfəz Sadıqova borcun olmaması haqda verdiyi arayışın həqiqiliyini yoxlayıblar və qərara gəliblər ki, möhür, imza və tarixi həqiqidir, amma dövlət reyestr xidməti bankda düzgün qeyd olunmayıb".

"Həbs siyasi fəaliyyətlə bağlıdır"

Müsavat partiyasının başqanı Arif Hacılı hesab edir ki, həbs qətimkan tədbiri Əbülfəz Sadıqovun siyasi fəaliyyəti ilə bağlıdır.

"Azərbaycanda banklarla kredit məsələləri ilə bağlı müştərilər arasında saysız məhkəmə çəkişməsi var. Əbülfəz Sadıqovu hətta bu çəkişmələr başlamamış, müzakirələr getməmiş əlində banka borcu olmaması ilə bağlı sənədin olmasına baxmayaraq, onu qısa müddətdə həbs edib Kürdəxanı İstintaq Təcridxanasına aparıblar. Heç bir şübhə yoxdur ki, bu, onun Müsavat Gənclər Təşkilatının sədri olması və siyasi fəaliyyəti ilə bağlıdır".

Cənab Hacılı deyir ki, bankdan verilən sənəd saxta idisə, maşının alqı-satqısı da mümkün olmazdı.

"Əgər hər hansı bir avtomobilin kredit borcu varsa, həmin avtomobil alınıb-satıla bilməz, ölkədən çıxarıla bilməz. Bəs, bu avtomobilin kredit borcu var idisə, qurumlar satışı necə rəsmiləşdirib?"

O hesab edir ki, məsələdə vətəndaş yox, bank cavabdeh olmalıdır.

"Əgər vətəndaş banka pul ödəyirsə və bu ödəmə haqqında rəsmi sənəd alırsa, bu, sənəddə problemin olması artıq vətəndaşın yox, Nikoil bankın və bankın işçilərinin problemidir".

Nikoil Bankdan BBC News Azərbaycancayaya bildirilib ki, rəhbərlik hazırda iclasdadır və bu barədə ancaq növbəti iş günü məlumat verilə bilər.

Bu barədə daha geniş