Hamamda, zavodda, klubda…yaşamaq. Azərbaycanda qaçqınların həyatı

1) Hamam sakinləri burda yaşamaqdan beziblər. Rütubət və soyuq, demək olar ki, hər sakində bir xəstəliyə səbəb olub Fotonun müəllifi Turan Rahmanlı
Image caption Hamam sakinləri burda yaşamaqdan beziblər. Rütubət və soyuq, demək olar ki, hər sakində bir xəstəliyə səbəb olub.

Azərbaycanda məcburi köçkünlər sığınacaq olaraq istifadə edə biləcəkləri hər yerə yerləşiblər - məktəblər, xəstəxanalar, uşaq bağçaları, kitabxanalar, tərk edilmiş ictimai hamamlar, dağılmış fabriklər...

Bu yerlərin müvəqqəti sığınacaq olacağına ümid edilirdi, ancaq 25 ildən artıqdır ki, bu qeyri-yaşayış obyektlərinin bir çoxu daimi yaşayış yerinə çevrilib.

Fotonun müəllifi Guler Mehdizade
Image caption Zavod ərzisində anti-sanitariya şəraiti hökm sürür

Səhnə

Vəli Əkbərovun həyat səhnədə keçir. Bu, 65 yaşlı həvəskar xanəndənin həyatını təsvir etmək üçün işlədilən obrazlı ifadə deyil, o, həqiqətən səhnədə yaşayır. Tərk edilmiş mədəniyyət evinin dağılmış səhnəsində..

Fotonun müəllifi Guler Mehdizade

1993-cü ilin aprelində onun doğma şəhəri Kəlbəcər Ermənistan silahlı qüvvələrinin əlinə keçib. O, əvvəlcə ailəsilə birlikdə Tərtərə, daha sonra Sumqayıta, 1995-ci ildə isə Şamaxının Nağaraxana kəndinə köçüb. Burada onlar boş bir mədəniyyət evinə yerləşiblər.

33 və 42 yaş arasında dörd uşaq atası olan Vəli Əkbərov köçhaköçdən bezdiyini deyir. "Köçməkdən bezdik, bir qərar tutaq dedik. Başladıq övladlarımıza təhsil verməyə. Onun da öhdəsindən kasıbçılıqla birtəhər gəldik. Köçkünlük bizdən çox şey qopardı".

Fotonun müəllifi Turan Rahmanlı
Image caption Kiməsə qonaq gedəndə uşaqlar qayıtmaq istəmirlər bura. Biz də yaxşı ev istəyirik, yaxşı hamam istəyirik, oynamağa park istəyirik”, deyir sakinlərdən biri

Əkbərovun gəliri məcburi köçkünlərə verilən 36 manat müavinət və yaşlılığa görə aldığı 140 manat təqaüddür. İki oğlu hələ də onlarla yaşayır və Əkbərov maddi çətinliklərə görə övladlarını evləndirə bilmədiyini deyir.

Binada tualet, istilik sistemi yoxdur, "otaqlar" nazik pərdələrlə ayrılıb, mətbəx tamaşaçı zalındadır, masa isə səhnədə. "Evi" odun sobasıyla isidirlər, amma bu sobanın gücü yan-yörəsini isitməyə güclə yetir.

"Buralarda azı 9 ay qış olur. Evin içində palto ilə gəzirik. Hamam yox, ayaqyolu yox, çətinlikdir. Tamaşaçıların oturduğu yerdə yemək bişirir, səhnədə yeyirik. Qoyub gəldiyimiz şəraitimiz beləydimi? Doğma yurdundan didərgin düşmək qətiyyən yaxşı bir şey deyil. Heç düşmənimə də arzulamaram".

Solmaz Əkbərova deyir ki, onu ayaq üstə tutan bir gün evlərinə qayıtmaq ümididir.

"Biz xarici ölkədə deyilik, Şamaxı da bizimdir, lakin Kəlbəcər bizim ana vətənimizdir. Biz çox şey itirdik, amma bir gün Kəlbəcəri yenidən görəcəmsə, bütün bunlara dözməyə dəyər".

Fotonun müəllifi Turan Rahmanlı
Image caption Uşaqlar oyun oynayır. Valideynlər deyir ki, məktəbə yaşayış yerindən arayış verəndə orada hamam yazıldığına görə uşaqlar utanırlar

Zavod

Image caption Fiyalə Əhmədovanın evi. İstismar müddəti başa çatdığı üçün evlərin divarları uçub tökülür

Sovet dövründə Bakının Dərnəgül rayonundakı 3 saylı zavod beton istehsal edirdi. Sovet İttifaqından sonra fəaliyyətsiz qalan zavod bir də Qarabağ müharibəsi ilə canlandı: məcburi köçkünlər üçün sığınacağa çevrilməklə…

2000-ci illərin sonundan dülgərlər və dəmirçilər zavodun geniş ərazisinin bir qismində kiçik emalatxanalar qurublar.

Emalatxanalarda iş zamanı səs-küydən dayanmaq olmur, üstəlik, sexlərdən tüstü çıxır, ətrafa toz-torpaq yayılır.

Məcburi köçkün Xəyalə Davudovanın özü üçün xəyal etdiyi evlə indi yaşamağa məcbur qaldığı ev arasında ortaq heç nə yoxdur. Dördü uşaq olmaqla, altı nəfərdən ibarət ailəsi zavodun içərisində 25 kvadratmetr bir daxmada yaşayır.

"Gənc yaşda hamımız əsəb xəstəsi olmuşuq. Uşağa bir ağızdan 4 nəfər deyir, sakit dur, sakit ol. Bir otağın içində ağız deyəni qulaq eşitmir. Arımız, üzümüz də qalmayıb böyüklərin yanında. Bir otaqda neçə nəfər yaşaya bilərik ki?" deyən 27 yaşlı Xəyalə əslən Ağdam şəhərindəndir.

Fotonun müəllifi Guler Mehdizade
Image caption Evlərdəki elektrik xətlərinin üstü açıqdır, hörümçək torunu xatırladır. Sakinlər uşaqlarına görə çox narahatdırlar ki, birdən kimsə əlini uzadar, cərəyan vurar.
Image caption "Günün günorta çağı işıqsız keçinmək mümkün deyil. Evlər qaranlıq, dar, inanın, siçan yuvasıdır," Əliağa İsmayılov deyir

"Öz xoşumuza köçməmişik, məcbur qalmışıq. Arada düşünürəm ki, kaş köçməsəydik, ölüb elə Ağdamda qalsaydıq…"

Gözünü açandan zavodu ev bilən 25 yaşlı Fiyala Əhmədova isə tezliklə buranı tərk etmək istəyir.

"Bunun nə qədər ağır olduğunu bilirsinizmi? Mən burda doğulub, burda böyümüşəm. Bir yerə qonaq gedəndə, onların yaşayışını, gününü-güzəranını görəndə, uzağa getməyək, televiziyalardakı kinolara baxanda özümə nifrət edirəm. Mən doğulmamalıydım, heç kim bu zülmə layiq olmamalıdır".

Hamam

Fotonun müəllifi Turan Rahmanlı
Image caption 30 yaşlı Fəxriyyə Əhmədovanın uşaqları mətbəx kimi istifadə olunan otağın girişində. Qarabağdan köçkün düşərkən uşaq olduğu üçün Əhmədova heç vaxt normal evdə yaşamayıb: çadırda, pambıq məntəqəsində, məktəbdə, indi isə hamamda.

İçəri addım atanda nəm qoxusu insanın üzünə sillə kimi dəyir. "Otaqlar" arasında kanalizasiya borusunun keçdiyi köhnə bir ictimai hamamda yaşayan 11 ailə iyirmi ildən çoxdur ki, bu ağır və boğucu qoxu ilə hər gün mübarizə aparır.

Lökbatanın Puta qəsəbəsinin 59 saylı hamam Dağlıq Qarabağın müxtəlif yerlərindən olan 60 insanın evidir - Füzuli, Ağdam, Qubadlı və Laçından olan insanların. Hamamın beton otaqları üç nəsil uşağa ev olub.

Fotonun müəllifi Guler Mehdizade

"Vallah külək olanda elə üfunətli qoxu gəlir ki... Üstünü xalı ilə örtdüyümüzə baxmayın. Qoxu xalını da vurub keçir. Hər yer ilan, çayan, tarakan, siçovul... Elə səhər evə yekə bir ilan girib. Hələ də çıxmayıb.

Deyirlər, ilan qonaqsevən olur, ehtiyatlı olun ha", 64 yaşlı Rəfiqə Əsgərova zarafatından qalmır.

O, Füzulinin Kürdlər kəndindəndir. 1993-cü ildən bəri köçmədiyi, gəzmədiyi yer qalmadığını deyir.

Fotonun müəllifi Guler Mehdizade
Image caption Əliağa İsmayılov çayının isinməyini gözləyir. Pəncərəsi zavod divarına açıldığı üçün mənzil günəş işığı almır. Əksər uşaqların tənəffüs sistemində problem var

"Bir müddət Beyləqanda pambıq məntəqəsinin yaxınlığındakı bir tikilidə yaşadıq. Sonra Masallının bir kəndinə köçdük. Daha sonra Hacıqabula, axırda da bu hamama gəldik. Elə bu hamam hamımızın axırına çıxdı".

Əsgərova 2003-cü ildə 25 yaşlı oğlunu itirib. Rütubətdən ciyəri xəstə düşmüş gənc vərəm xəstəliyinə tutulubmuş. Oğlunun arxasınca bir neçə aydan sonra Əsgərovanın həyat yoldaşı da vərəmdən dünyasını dəyişib.

Fotonun müəllifi Tural Rahmanlı
Image caption 45 yaşlı Səbinə Mahmudova 1993-cü ildə Ağdam şəhərindən köçkün düşüb. Puta qəsəbəsindəki hamama 2003-cü ildə köçüb, ona qədər isə başqa hamamlarda keçirib həyatını.

"İndi kiçik nəvəmdə tapılıb. Vallah hamısı nəmişlikdən, betondan, soyuqdan, şəraitsizlikdəndir. Qonşuluqda da vərəmdən ölənlər çoxdur".

Ailəsi Laçından çıxanda Fəxriyyə Əhmədova uşaq idi. Doğma ev ilə bağlı heç bir xatirəsi yoxdur. Xatırladığı sadəcə keçirdiyi qorxu hissidir.

"5 il Beyləqanda çadırda, 10 il Bərdədə məktəbdə, xəstəxanada yaşadım, indi də Lökbatanda hamamda. Soruşsalar ki, bu yerlərin əsl evdən fərqi nədir, ayırd edə bilmərəm. Mən ağlım kəsəndən şəraitsizlikdəyəm. 30 yaşımda özümü qocalmış, tükənmiş hiss edirəm. Kaş uşaqlarım da mənim kimi olmaya. Birində artıq vərəm tapılıb".

Vərəm tapılan uşağın 9 yaşı var...

1990-cı ilin əvvəllərində Sovet İttifaqı çökdüyü ərəfədə Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında silahlı münaqişə yüz minlərlə insanı evindən köçkün saldı: insanlar evlərini tərk etdilər və münaqişə həll olunmadığı üçün hələ də dogma yerlərə qayıda bilmirlər.

Bu, kütləvi köç idi - adamlar yük maşınları və avtobuslarla çıxardılır, arabalarda uşaqlar və yüklər daşınırdı…

BMT-nin Miqrasiya Agentliyinin məlumatına əsasən, 1994-cü ildə atəşkəs imzalanan zaman Qarabağ müharibəsində 30 mindən çox insan həyatını itirmiş, 600 mindən çox insan məcburi köçkün və 250 mindən çox etnik azərbaycanlı qaçqın olmuşdu.

1993-cü ildən etibarən, Azərbaycan hökuməti beynəlxalq təşkilatların dəstəyi ilə məcburi köçkünlərin və qaçqınların sosial ehtiyacları üçün 6,2 milyard manat, o cümlədən ərzaq, kommunal və yaşayış yerləri üçün subsidiyalar, habelə hər bir şəxsə 36 manata qədər aylıq təqaüd ayırıb.

Köçkün düşmüş əhali içərisində yoxsulluq ciddi həddədir, bir çoxları hələ də mənzillə təmin olunmayıb.

Chai-khana layihəsinin BBC News Azərbaycanca ilə paylaşdığı reportajı jurnalist Gülər Mehdizadə hazırlayıb.

Bu barədə daha geniş