Azərbaycan: 2018-ci ildə insan haqları ilə bağlı nə baş verib? - video
Video açılmırsa, YouTube kanalımızda izləyin.
2018-ci ildə bəzi həbsi "siyasi motivli" sayılan şəxslər azadlığa buraxılsa da, həbslər də olub. 14 illik media orqanı bağlanıb, bir neçə vəkilin fəaliyyəti bir müddətlik dayandırılıb.
İlqar Məmmədov
İlqar Məmmədov azad edilib
Avqust ayının 13-də REAL partiyasının sədri İlqar Məmmədov 5 illik həbsdən sonra şərti azadlığa buraxılıb.
Qərarı Şəki Apellyasiya Məhkəməsi verib. Məhkəmə qərarına görə, İlqar Məmmədova iki il sınaq müddəti təyin edilib və ona ölkədən çıxmaq qadağan olunub.
İlqar Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalara görə həbs olunub.
O və Müsavat partiyasının üzvü Tofiq Yaqublu toqquşmalar zamanı İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham olunub.
Ona qarşı olan bütün iddiları rədd edən cənab Məmmədov 2014-cü ildə yeddi il müddətinə azadlıqdan məhrum edilib.
Avropa Şurası Nazirlər Komitəsi, Avropa Parlamenti və digər beynəlxalq hüquq təşkilatları dəfələrlə Azərbaycan hakimiyyətini cənab Məmmədovu azad etməyə çağırıb.
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2014 və 2017-ci illərdə Məmmədovun azadlığa buraxılmasının sürətləndirilməsi ilə iki hökm açıqlayıb.
Şəklin mənbəyi, APA
APA xəbər agentliyi fəaliyyətini dayandırıb
Avqustun 1-i axşam saatlarından APA Holding" MMC-yə daxil olan APA, Lent.az və APA Sport saytlarına girişdə məhdudiyyət yaranıb.
Məhdudiyyət yaranmazdan əvvəl APA agentliyi bir təkzib yayaraq prezident İlham Əliyevin avqustun 1-də müharibə əlillərinə ev, maşın verilməsi mərasimindəki çıxışının mətnində yanlışlığa yol verildiyini bildirmişdi.
"Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasını davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib Ermənistanı çökdürəcəyik", APA-nın saytındakı xəbərdə belə deyilirdi.
Əslində isə prezidentin çıxışında həmin cümlənin bu şəkildə deyildiyi məlum olub: "Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq".
Bir sıra xəbər saytları isə APA-nın yaydığı xəbərə istinad etmişdi. APA Holding MMC üzr istəyərək deyirdi ki, agentlik İlham Əliyevin sözlərini təhrif edib.
Avqustun 30-da "APA Holding" MMC-nin rəhbəri Vusalə Mahirqızı qurumun fəaliyyətini tamamilə dayandırdığını deyib.
Əsasən xəbər agentliyi kimi fəaliyyət göstərən APA 2004-cü ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib.
Qurum yarandıqdan sonra onun nəzdində Lent.az, Kulis.az, Apa Sport kimi ayrıca saytlar, online APA TV yaradılmışdı.
Media üzrə təhlilçilər agentliyin bağlanmamalı olduğunu desə də, bu hadisənin Azərbaycan mediasına təsir etməyəcəyini qeyd ediblər.
Şəklin mənbəyi, ELMİR MİRZOYEV
Əfqan Muxtarlıya 6 il cəza
İlin əvvəlində, yanvarın 12-də Zaqatala rayon məhkəməsinin qərarı ilə jurnalist Əfqan Muxtarlıya 6 il həbs cəzası verilib.
O, dövlət sərhəddini qanunsuz keçməkdə, qaçaqmalçılıqda və dövlət qulluqçusuna xəsarət yetirməkdə günahlandırılıb.
Əfqan Muxtarlı yerli və beynəlxalq platformalarda Azərbaycanda olan problemlərdən yazıb.
O, 2014-cü ildən ailəsilə birgə Gürcüstanın Tbilisi şəhərində yaşayıb və 2017-ci ilin mayında elə bu şəhərdə "yoxa çıxıb".
Bir gün sonra o, vəkillərə zəng edərək, "oğurlandığını" və Bakıda, Dövlət Sərhəd Xidmətinin əsas binasında olduğunu deyib.
Jurnalist son bir neçə ildə 3 araşdırma edib və iddia edib ki, prezident İlham Əliyevin ailəsinə bağlı şirkətlər Gürcüstanda biznes şəbəkəsi qurublar. Bununla yanaşı o, Müdafiə Nazirliyində olan korrupsiya və büdcə pullarının xərclənməsi barədə yazılar yazıb.
Beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları onun həbsinin siyasi motivli olduğunu elan ediblər. Jurnalist özü ona qarşı olan bütün iddiaları rədd edir və jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyir.
2017-ci ilin iyununda Avropa Parlamenti azərbaycanlı jurnalist Əfqan Muxtarlı barədə qətnamə qəbul edərək, Azərbaycan hökumətindən onun dərhal azad edilməsini və ona qarşı bütün cinayət ittihamlarının ləğv edilməsini tələb edib.
Şəklin mənbəyi, OBYEKTİV
Gözəl Bayramlıya 3 il həbs
Yanvarın 23-də Qazax rayon məhkəməsi AXCP sədr müavini Gözəl Bayramlını 3 il müddətinə azadlıqdan məhrum edib.
Gözəl Bayramlı qaçaqmalçılıqda ittiham edilsə də, o, özünə qarşı ittihamı qəbul etmir. Onun vəkili həbsi "siyasi motivli" adlandırır.
O, 2017-ci ildə mayın 25-də Gürcüstandan Azərbaycana keçərkən sərhəddə Dövlət Sərhəd Xidməti tərəfindən saxlanıb.
Qurum bildirib ki, Gözəl Bayramlının əl yükünə baxış keçirilərkən "bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb".
AXCP lideri Əli Kərimli Gözəl Bayramlının saxlanmasını "siyasi sifariş" adlandırıb.
Şəklin mənbəyi, Emin Aslan
ABŞ Universitetinin məzununun həbsi
İyun ayının 4-də ABŞ-da təhsilini yenicə bitirib ölkəyə qayıdan gənc hüquqşünas Emin Aslanov 30 sutka inzibati həbs edilib.
Emin Aslanov iyunun 4-də Bakının Dənizkənarı Bulvar ərazisində mülki geyimli şəxslər tərəfindən "naməlum istiqamətə aparılıb".
20 saatdan sonra ona "polisin qanuni tələblərinə qəsdən tabe olmamaq" maddəsi ilə 30 sutka həbs cəzası təyin edildiyi aydınlaşıb.
- Emin Aslanov kimdir?
- ABŞ-da təhsilini yenicə bitirib ölkəyə qayıdan kimi həbs olunan Emin Aslanov: “...həbsi bu formada çox da gözləmirdim”
- Sosial media #EminAslan barədə: "Xaricdə təhsil alıb vətəninə qayıdanların qarşısı alınır"
- Azərbaycan: Sizə ölkədən çıxma qadağasını kim, necə və nə zaman qoya bilər?
Bakı Dövlət Universitetinin hüquq fakultəsinin məzunu Emin Aslanov bu il mayın 30-da ABŞ-ın Syracuse universitetində hüquq üzrə magistr təhsilini başa vurub Azərbaycana dönüb.
O, yerli hüquq şirkətlərində işləyib və Azərbaycan məhkəmələrindən şikayətlərin Avropa İnsan Haqları Məhkəməsinə göndərilməsində yaxından iştirak edib.
Bir çox yerli və beynəlxalq qeyri-hökümət təşkilatlarında, insan hüquqları müdafiə qurumlarında çalışıb.
30 sutkadan sonra azadlığa çıxan hüquqşünas Emin Aslanovun ölkədən çıxışına qadağa qoyulub.
Əli Kərimli və Cəmil Həsənli
Saxlanan, həbs edilən AXCP-çilər
Noyabrın 17-də Milli Dirçəliş günü ilə bağlı Bakıda, Şəhidlər Xiyabanını ziyarət etmək istəyən AXCP sədri Əli Kərimli və bəzi müxalif qüvvələri özündə birləşdirən Milli Şuranın sədri Cəmil Həsənli, o cümlədən başqa siyasi fəallar saxlanıb.
Bakı Şəhər Baş Polis İdarəsi 52-yə yaxın AXCP üzvünün saxlanması barədə məlumat yayıb.
Onlardan 41 nəfəri xəbərdarlıq edilib, bəziləri cərimə olunub. Əli Kərimli də 2500 manat cərimə edilərək məhkəmə zalından azadlığa buraxılıb.
Sentyabr ayında isə AXCP üzvü Orxan Baxışlı 6 il müddətinə həbs edilib. İstintaq ondan narkotik vasitə tapıldığını iddia edib. Orxan Baxışlı ittihamları "saxta" adlandırıb.
İl ərzində AXCP-nin rəhbərliyində təmsil olunan, o cümlədən, sıravi üzvlər arasında saxlananlar olub. Onların barəsində müxtəlif maddələrlə cinayət işi açılıb.
AXCP bu ittihamları rədd edir, üzvlərinin həbsini siyasi motivlərlə əlaqləndirir.
Vəkillərə qadağa
Aprelin 23-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Əsabəli Mustafayev və Nemət Kərimlinin vəkillik fəaliyyətinin bir illik dayandırılması barədə qərar qəbul edib.
Əsabəli Mustafayev AXCP sədrinin müavini Gözəl Bayramlının, Nemət Kərimli isə jurnalist Əfqan Muxtarlının vəkilidir.
Vəkillər deyirlər ki, baş prokurorun birinci müavini Rüstəm Usubov dörd vəkil barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına şikayət göndərib və o, vəkilləri istintaq sirlərini yaymaqda və məsələləri siyasiləşdirməkdə ittiham edib.
Vəkillər hesab edirlər ki, onlar müvəkkillərin üzləşdiyi qanun pozuntularını ictimailəşdirdikləri üçün "cəzalandırılıblar".
Vəkillər Kollegiyası isə bu iddialarla razılaşmır, onları etik prinsipləri pozmaqda ittiham edir.
Eyni qərar yanvar ayında Fəxrəddin Mehdiyev üçün də qəbul edilib. O, Rüstəm Usubovun şikayət etdiyi 4 vəkildən biri idi. Müraciətdə adı çəkilən 4-cü vəkil Aqil Layıc isə töhmət alıb.
İyunun 11-də Vəkillər Kollegiyası Rəyasət Heyəti daha çox mülkiyyət hüquqlarının müdafiçisi kimi tanınan İradə Cavadovanın fəaliyyətinin dayandırılmasilə bağlı da qərar verib.
Şəklin mənbəyi, FREDERICK FLORIN/GETTY IMAGE
Avropa İnsan Haqları Məhkəməsinin qərarları
Aprel ayında Avropa İnsan Haqları Məhkəməsi insan hüquqlarının müdafiəsi ilə məşğul olan Ənnağı Hacıbəyli və İntiqam Əliyevin Vəkillər Kollegiyasına üzv qəbul edilməməsi ilə bağlı şikayət üzrə qərarını açıqlayıb.
Məhkəmə hər bir ərizəçiyə mənəvi zərərə görə 7500 avro, Ənnağı Hacıbəyliyə məhkəmə xərclərinə görə 2500 avro ödənilməsinə qərar verib.
İkinci qərar Anar Məmmədlinin 2013-cü ilin 16 dekabrında həbs edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi, həmin müddətin uzadılmasına dair olub.
Məhkəmə Azərbaycan hökumətini mənəvi zərərə görə 20000 avro, məhkəmə xərclərinə görə 2500 avro cərimələyib.
Sentyabr ayında Avropa İnsan haqları Məhkəməsi vəkil İntiqam Əliyevin işi üzrə qərarını elan edərək, mənəvi zərərə görə 20 min, məhkəmə xərclərinə görə 6 min avro məbləğində kompensasiya müəyyən edib.
Qərara əsasən onun 2014-ci il avqustunda saxlanması ilə bağlı Konvensiyanın "saxlanma şəraiti", "azadlıq hüququ" və "hüquq pozuntusunun siyasi məqsədlər üçün həyata keçirilməsi" maddələri pozulub.
Qərarda bildirilir ki, Azərbaycan hakimiyyətinin davranışı siyasi motivli olub və İntiqam Əliyevin insan haqları sahəsində aktivliyini cəzalandırmaq məqsədi daşıyıb.
Dekabr ayında isə xuliqanlıqda ittiham edilərək 5 il müddətinə həbs edilmiş jurnalist Seymur Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro kompensasiya təyin edilib.
BBC News Azərbaycancaya danışan vəkillər və vətəndaş cəmiyyətinin fəalları deyirlər ki, Avropa İnsan Haqları Məhkəməsindən (AİHM) müsbət qərar alsalar da, Azərbaycan höküməti bu qərarları icra etmir.
Prezident Admisntrasiyası isə bu qərarların icrası ilə bağlı iradlarla razılaşmır.