"Həbs olunmuş övladımla birlikdə mənim də hüquqlarım hər gün pozulur"

Heykəl Məhbusu Statue Prisoner Bayram Məmmədov
Image caption Bayram Məmmədovun anası Sevinc Məmmədova oğlunun həbsiylə özünün də hüquqlarının pozulduğunu bildirir.

Bakıətrafı qəsəbələrin birində, narkotik maddələrin dövriyyəsində ittiham edilərək 10 il həbs cəzası almış gənc fəal Bayram Məmmədovun ailəsinin yaşadığı ünvandayıq.

Beynəlxalq İnsan Hüquqları Günündə gəldiyimiz ünvanın doğru və ya yanlış olduğunu düşünərək, qarşısında dayandığımız birmərtəbəli evin dəmir darvazasını döymək istəyirik ki, darvazanın kiçik qapısı açılır.

Bayramın anası Sevinc Məmmədova "harda qaldınız?" deyib, bizi qarşılayıb, evə aparır. Tez-tələsik çay süzür. "Soyuqdan gəlmisiniz, bircə stəkan çay için" deyir.

Oğlunun həbs olunmasından danışmaq istəməyən Sevinc xanım hesab edir ki, eyni mövzunu təkrar-təkrar danışıb insanları "yormaq olmaz".

Zarafatla əlavə edir ki, başqa bir jurnalist zəng etsə, ona yox deyəcək, çünki indiyə kimi "deyə biləcəyi hər şeyi" dediyini düşünür.

Ancaq oğlunun həbsinə qədər insan haqlarının tapdalanması barədə düşünmədiyini deyən ananın bu gün deyəcək sözü hələ də var.

"Törətdiyi əməlin cəzasını alsaydı.."

"Bayramı 10 may tarixində keçmiş prezident Heydər Əliyevin heykəlinin üstünə "gül bayramı yox, qul bayramı" yazdığı üçün tutdular.

Günortaya yaxın bir də gördük 3-4 maşın bizim qapıya yığışdı. Baxdıq ki, Bayramı əlləri arxadan bağlı gətirdilər evə. Bir neçə dəqiqədən sonra isə gəldikləri kimi getdilər, Bayramı da özləri ilə apardılar.

Sonra da narkotik ittihamı ilə həbs etdilər. Bayram törətdiyi əməlin cəzasını alsaydı nə vardı ki.. Mənim qəbullana bilmədiyim məqam onun etmədiyi işə görə həbs olunmasıdır", o Sevinc Məmmədova övladının həbsindən danışır.

Azərbaycan hökuməti ölkədə siyasi motivli həbslərin olmadığını deyir.

Image caption Narkotik ittihamı ilə həbs olunmuş Bayram Məmmədov

"Ağlımın ucundan da keçməzdi"

"Bir neçə il öncə insanların hüququnun tapdalanması haqqında düşünmək ağlımın ucundan da keçməzdi.

Ancaq Bayramın haqsız yerə həbs olunması, üstəlik 10 il almasından sonra belə məsələlər haqqında düşünməyə, siyasi prosesləri izləməyə başladım".

Sevinc Məmmədova deyir ki, "insanın özünə toxunmayana qədər bəzən hansısa problemin varğlığından bixəbər ola bilir".

Müsahibim vurğulayır ki, "yalnız problemin ucu sənə toxunduqdan sonra o haqda düşünməyə başlayırsan".

"Mən 5 il əvvəl düşünməzdim ki, övladım hansısa absurd bir ittihamla həbsə düşəcək. Onun hüquqları tapdalanacaq. Elə mənim də...

Öz oğlum olduğuna görə demirəm. Bilənlər onun necə ağıllı, savadlı olduğunu bilir. Əgər belə bir seçim etdisə, deməli, bəlkə bir az öz yaşadıqlarımızdan, bir az ətrafdakı insanların vəziyyətini görərək edib bunu.

Bayram indi olmalı olduğu yerdə deyil, bu yerə etdiyi seçimlə gələ bilər, amma oğlum yanlış seçim etməyib" deyir, növbəti dəfə yerini rahatlayır. Ancaq deyəsən yenə rahatlıq tapa bilmədiyindən ayağa durub, otaqda gəzişir.

"Yeməkdən danışmayın!"

Görüşlərdə nədən danışdıqlarını soruşuruq.

"Hər şeydən danışırıq", deyir Sevinc Məmmədova. Deyir ki, o, (Bayram-red.) istəyir ki, biz özümüzdən danışaq, çöldə nə baş verir ona xəbər verək. Biz isə istəyirik ki, o özündən danışsın.

Anayam da, hər şeyi soruşuram, xüsusən yeməyinə yaxşı baxmağını istəyirəm, nəsə məsləhət vermək istəyirəm, o saat deyir ki, "yeməkdən danışmaq olmaz, başqa nədən istəyirsiniz danışaq".

"Sonuncu dəfə noyabrın 20-də görüşə getmişdim. Elə qəşəng görünürdü ki. Rəngləri də uyğunlaşdırıb geyinmişdi. Üzunu səliqəli təmizləmişdi. Elə xoşuma gəldi ki (gülür). Yaxşıdır. Pozitivdir, ya da özünü elə göstərir. Bilmirəm. Ancaq Bayram əvvəl də pozitiv olub. Ən çətin vəziyyətlərdə belə o, nikbinliyini itirməyib, itirmir".

Övladından, onunla görüşündən danışdıqca ara-sıra gözləri dolsa da, dodaqlarında bir təbəssüm oynayır Sevinc Məmmədovanın.

Sonra sanki özünə təsəlli verirmiş kimi deyir ki, "insandır da insan hər şeyə öyrəşir. Özünü kökləyir ki, darıxmasın, darıxsa çətin olar axı".

"Hələ 8 il var, yolumuz uzundur"

Övladının həbsdən daha tez çıxacağı ilə bağlı ümidi yoxdur Sevinc xanımın.

"Əvvəllər deyirdim ki, nolardı qapı döyüləydi, balam qapını açıb girəydi içəri. Ancaq daha o ümidim yoxdur. Görün İlkin neçə ildir həbsdədir. O tez çıxsaydı, Bayramın tez çıxacağına ümidli olardım".

İlkin Rüstəmzadə 2014-cü ilin may ayının 6-da Bakı Ağır cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq maddələri ilə ittiham edilərək 8 il müddətinə həbs olunub.

Beynəlxalq İnsan Haqları təşkilatları onun həbsini siyasi motivli hesab edir. Azərbaycan hakimiyyəti isə bu iddiaları rədd edir.

İtirib-axtaranlar

Təzə həbs olunanda çox adam gəldi, maraqlandı. Sonra yavaş-yavaş əl-ayaq kəsildi. Ancaq bir dostu var həbs olunandan bu yana dünya da dağılsa, hər dəfə Bayramla görüşə gedəndə gəlir və həbsxanaya birlikdə gedirik. Bu saat zəng vurum ki, Heydər, dur bizə gəl, işini-gücünü atıb gələcək.

NİDA-çı uşaqlar var, sağ olsunlar, kitab məsələsini biz həll etmirik. Onlar zəng edirlər, maraqlanırlar.

Məhbus valideyni iclasları

Ancaq deyəsən eyni problemlə üzləşmiş digər məhbusların ailələrindən də bir az gileylidir.

"Bəzən bizi qınayırlar ki, siyasi məhbus ailəsidir, ancaq yığıncaqlara gəlmir, filan. Hansısa yığıncağa getməməyim oğluma dəstək olmamağım anlamına gəlməsin. Sadəcə hərənin bir seçimi var. Üstəlik imkanlar məsələsi var. Alınmırsa, hansısa görüşə getmirəmsə, sadəcə gələ bilməmişəm. Bunun başqa izahı olmamalıdır. Kənardan göründüyü qədər asan deyil hər şey".

Ertələnmiş arzular, planlar

Bayramın nə arzuladığını, gələcəklə bağlı planlarını soruşuruq.

Sevinc xanım deyir ki, oğlunun yaxşı təhsil alması üçün həmişə əlindən gələn hər şeyi edib. Övladı da bunun qarşılığını hər zaman verib. Ancaq..

"Etdiyi seçim onun gəncliyini, imkanlarını əlindən aldı. Bayram iki ildir həbsdədir. Arzuları vardı. Həbsdə olmasaydı, indi xaricdə təhsil alırdı", deyir Sevinc Məmmədova.

Deyir ki, yanına gedəndə Bayram həmişə həbsxanada arzularla yaşamağın mümkünsüzlüyünü dilə gətirir.

"Bir dəfə təhsilinə davam edib-etməyəcəyi barədə özündən soruşdum. Cavabı "arzuladıqca, adam həbsxanadan çıxmaq istəyir, o da mümkün olmadığına görə, ən yaxşısı o haqda düşünməməkdir" oldu".

"Darıxanda oxşayıram"

"Bəzən hiss edirəm ki, çox darıxmışam. Bu darıxmaq da deyil, sözlə ifadə etmək olmur. Başlayıram oxşamağa. Əlin çatmadan sevməyin necə bir hiss olduğunu bilmək üçün, o hissi yaşamaq lazımdır. Deməklə anlatmaq mümkün deyil ki", deyir və arxasında gözyaşı, kədər, sevgi, danışdıqca darıxdığı balasına olan hislərin gizləndiyi gülüşlə eyni anda yaşadığı bir neçə hissin üstünü qapadır Sevinc Məmmədova.

Sonra da əlavə edir ki, "tərslikdən son zamanlar televizorda bir reklam gedir. Bayram gəlir bizə, bayram gəlir bizə deyə oxuyurlar. Hər dəfə o reklamı eşidəndə birtəhər oluram".

İnsan hüquqları günü?

"Dekabrın 10-da dünyada Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunur" deyirsiniz. Bu gün mənim övladımın hüquqları pozulur. Və onunla birlikdə bu gün mənim də hüquqlarım pozulur. Özü də tək bu gün yox. Onun həbsdə qaldığı hər gün pozulur bizim hüquqlarımız. Hələ nə qədər vaxt, neçə gün, neçə il pozulacaq, bilmirəm...

Bu barədə daha geniş