2018-ci il: Cümhuriyyətin 100 illiyi, İlham Əliyevin 4-cü prezidentliyi, Gəncə hadisələri, Zamirə Hacıyeva işi və digər mühüm hadisələr

Arxiv: 1919-cu il, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Sovetinin iclası Fotonun müəllifi AZƏRBAYCAN RESPUBLİKASI KİNO-FOTO SƏNƏDLƏRİ ARXİVİ
Image caption Arxiv: 1919-cu il, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Sovetinin iclası

100 yaşlı Cümhuriyyət

Bu il Azərbaycanın həyatında həm də bir 100 illik yubileyin qeydi ilə qalır - ADR hakimiyyətinin yaranmasının yüzillik ildönümü ilə.

Yüz il əvvəl - 1918-ci ilin yanvarında Tbilisidə Zaqafqaziya Seymi dağılır və Seymdə təmsil olunmuş müsəlman nümayəndələri Milli Şura yaradaraq Azərbaycanın müstəqilliyini elan edirlər.

Milli Şura bəyanat yayır ki, Azərbaycan demokratik respublikadır və bu ölkədə yaşayan hər bir kəs bərabər hüquqlar daşıyır.

"Əksəriyyətinin yerli feodal elitasının övladları olmasına baxmayaraq, xalqın liderləri xanlığın bərpası seçiminə getmədilər. Əgər istəsəydilər, bu qərara asanlıqla haqq qazandıra bilərdilər…. Milli hərəkatın liderləri monarxiya və ya təkhakimiyyətlilik üçün bu iddiaların heç birinə əl atmadılar, əvəzində 1918-ci il mayın 28-də Azərbaycanın liderləri demokratik və parlament respublikası idarə üsulunu seçdilər", Britaniya Akademiyasının müxbir üzvü, tarixçi-alim, doktor Harun Yılmaz BBC News Azərbaycancanın ADR 100 layihəsindəki silsilə yazıların birində vurğulayıb.

BBC News Azərbaycanca Britaniya Milli Arxivindən əldə edilmiş sənədlər əsasında ADR liderlərinin Avropaya çətin yollarından bəhs edən sənədli film çəkib, Bakı, İstanbul, Paris, Cenevrə və Londona səyahət edərək, ilk respublikanın qısa və mühüm ömründə baş verən maraqlı hadisələri işıqlandırmağa çalışıb.

Cümhuriyyətin 100 illiyi il boyu müxtəlif səviyyələrdə qeyd olundu, amma qalmaqalsız da ötüşmədi.

Mayın 28-də Bakının mərkəzində olan İstiqlaliyyət abidəsini ziyarət etməyə gələn bir qrup fəal isə sonradan müxtəlif ittihamlarla inzibati cəza aldı və beləcə Azərbaycanın siyasi tarixinə bir də "Cümhuriyyət məhbusları" ifadəsi yazıldı.

Fotonun müəllifi President.az
Image caption İlham Əliyev: "Mən Azərbaycan gənclərinə üz tutub deyirəm..."

İlham Əliyevin 4-cü "ən uzun müddətli" prezidentliyi

Tünd rəngli "sviter"in üzərindən qara pencək geyinən və qalstuk taxmayan İlham Əliyev həmin gün ailəsi ilə birgə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən konsertə gəldi: o, öz qələbəsini, dördüncü prezidentliyinin başlandığınıı qeyd edirdi.

İlin ən yadda qalan hadisəsi Azərbaycanın erkən prezident seçkisi keçirməsi oldu.

Aprelin 11-nə təyin edilmiş seçkidə artıq 3-cü müddət idi ki, ölkəyə rəhbərlik edən İlham Əliyevin namizədliyi irəli sürüldü.

Milli Şura və Müsavat seçkinin ədalətli və obyektiv şəraitdə keçirilməyəcəyini əsas gətirib seçkiyə qatılmaqdan imtina etmişdi.

Ölkəyə dəvət edilən ATƏT-in Müşahidə Missiyasının seçki qiymətləndirilməsində isə əvvəlki illərin hesabatından fərqli olan bir məqam vardı: namizədlər ölkə başçısı olan digər namizədi - İlham Əliyevi tənqid etməkdən çəkinmişdilər və hakimiyyətə qarşı birbaşa əks mövqe göstərməmişdilər.

Bu məqam İlham Əliyev andiçmə mərasimindəki çıxışında cavabsız qalmadı, o, keçmiş rəqiblərinin öz çıxışlarında "kifayət qədər kəskin tənqidi fikirlər" söyləməsini diqqətə çatdırdı.

MSK-nın yaydığı nəticələrdə İlham Əliyev 86 faizlə, ikincə yerdə gələn Zahid Oruc isə təxminən 3 faiz səs toplamışdı.

Son Konstitusiya dəyişikliyindən sonra Azərbaycanda prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.

Fotonun müəllifi Avropa Şurası
Image caption Rəsmi ittihamları rədd edən, həbsini siyasi fəaliyyətinə bağlayan İlqar Məmmədovla bağlı təkcə Avropa Məhkəməsinin qərarları bir qovluğa sığmaz.

İlqar Məmmədovun azadlığı

Bu il REAL sədri İlqar Məmmədov həbsinin 5-ci ilində azadlığa buraxıldı.

Onun həbs tarixçəsi sadə olsa da - İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda günahlandırılıb, - onun həbsdən azad edilməsi üçün ölkə sərhədlərindən uzaqda səslənən çağırışlar, Avropa Şurasının strukturlarında bir-birinin ardınca verilən qərarlar bu həbsi "zənginləşdirmişdi".

Rəsmi ittihamları rədd edən, həbsini siyasi fəaliyyətinə bağlayan İlqar Məmmədovla bağlı təkcə Avropa Məhkəməsinin qərarları bir qovluğa sığmaz.

"Buna görə bizim başımızı çox ağrıdırdılar", Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı təmsilçisi Səməd Seyidov BBC News Azərbaycancaya demişdi.

Image caption İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də baş vermiş qəza zamanı ölkənin bir çox bölgəsi elektrik enerjisiz qalmışdı

"İşıq böhranı"

Ötən əsrin axırlarında Azərbaycanda dəbdə olan bir mahnının sözlərində deyildiyi kimi, işıqlar söndü və Azərbaycanın böyük bir hissəsi iki gün qısa fasilələrlə elektrik enerjisiz qaldı.

Hadisə iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də baş vermişdi. Qəza nəticədə ölkə boyu bir çox ərazidə elektrik enerjisi kəsilmişdi. Bir neçə saat sonra bəzi yerlərdə elektrik enerjisinin verilməsi bərpa olunsa da, yenidən qəza baş vermisdi.

İkinci qəza iş saatının sonlarına təsadüf etdiyindən, minlərlə adam metroda qalmışdı. "Bakı Metropoliteni"nin rəhbərliyi 30 minə yaxın sərnişini evakuasiya etmiş və metronun fəaliyyətini dayandırmışdı.

İşıq böhranı nəticəsində Bakının bir çox yerində əhali su problem ilə üzləşmişdi.

Azərenerji hadisəni "istilər keçdiyindən daha çox adamın kondisionerdən istifadə etdiyini, buna görə də sistemdə gərilməyə gətirib çıxardığını bildirmişdi. Ancaq prezident İlham Əliyev "havaların isti keçməsi" arqumentini arqument saymamış, Azərenerji rəhbərliyini sərt tənqid etmişdi.

Ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinin prezidentə təqdim etdiyi hesabatda qəzanın ilkin səbəbi kimi Mingəçevir İES-da çoxlu texniki problemlərin olduğu göstərilirdi.

Nəticədə "Azərenerji"nin rəhbəri Etibar Pirverdiyev vəzifəsindən çıxarıldı.

Fotonun müəllifi APA
Image caption 2018-ci il həm də 25 nəfərin həlak olduğu Narkoloji Dispanserin sovet dövründən qalma, dəmir çərçivəli pəncərələri olan taxta konstruksiyalı korpusundakı yanğınla xatırlanacaq

25 nəfərin həyatına son qoyan yanğın və qatarla avtobusun toqquşması

2018-ci il həm də 25 nəfərin həlak olduğu Narkoloji Dispanserin sovet dövründən qalma, dəmir çərçivəli pəncərələri olan taxta konstruksiyalı korpusundakı yanğınla xatırlanacaq.

Martın 2-də baş vermiş yanğın zamanı içəridə olan 55 pasiyentdən yalnız 30-u xilas ola bilmişdi.

Hadisənin ilkin səbəbi kimi elektrik xətlərindəki nasazlıq göstərilsə də, sonradan istintaq bu qənaətə gəlmişdi ki, yanğını pasiyentlərdən biri intihar məqsədilə qəsdən törədib.

Hazırda dispanserin rəhbərliyi də daxil olmaqla, bir neçə şəxs bu yanğına görə məhkəmə qarşısındadır.

Image caption Oktyabrda Bakının Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu keçiddə hərəkətdə olan elektrovoza çırpılıb, biri məktəbli olmaqla üç adam ölüb.

Oktyabrda isə Bakının Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu keçiddə hərəkətdə olan elektrovoza çırpılıb, biri məktəbli olmaqla üç adam ölüb. Hadisə nəticəsində 40-dan çox adam xəsarət almışdl.

Azərbaycan Dəmiryolları QSC bildirmişdi ki, "Dübəndi istiqamətinə gedən 12 boş çəndən ibarət 3703 saylı qatar heyəti hərəkətdə olarkən, 10-TG-106 dövlət nömrə nişanlı avtobus qorunan keçiddə bağlı şlaqbaumun önündən keçib lokomotivlə toqquşub".

Image caption İyulun 3-də Gəncə şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyev və mühafizəçisi güllələnmişdi

Gəncə hadisələri: başçı gülləndi, polis zabitləri öldürüldü

Ölkədə işıq böhranı yaşandığı gündə - iyulun 3-də Gəncə şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyev və mühafizəçisi güllələndi.

Onu vaxtilə Gəncə şəhərində doğulub-böyümüş, hazırda Rusiya vətəndaşı olan Yunus Səfərov adlı şəxs yaralamışdı, rəsmi məlumatlarda deyilir.

Hadisənin xronologiyası çox sürətlə davam etdi: olay yerində saxlanmış Yunus Səfərovun üzərində işgəncə əlamətləri olduğu iddia edilən şəkilləri sosial şəbəkələrdə yayıldı.

Daxili İşlər Nazirliyi işgəncə iddiasını rədd etsə də, sosial şəbəkə narazılığı "hiddət"in miqyasını kiçiltmədi və Gəncədə aksiyalara çağırışlar səsləndi.

Ancaq ölkənin heç bir dini-siyasi-ictimai qüvvəsinin sahib çıxmadığı ünvan(lar)dan gələn bu çağırış "təxribat" kimi qiymətləndirildi.

Buna baxmayaraq, iyulun 10-da bir qrup adam Gəncənin mərkəzi meydanında iki yüksək polis zabitini öldürdü, birini isə yaraladı.

Hüquq-mühafizə orqanları hadisəni "terror" kimi qiymətləndirərək Yunus Səfərovun xarici ölkələrdə "terror qruplaşmalarına bağlı olduğunu" iddia etdi.

Polis zabitlərini öldürdüyü iddia edilən şəxs Rəşad Böyükkişiyev saxlandığı yerdə "silahlı müqavimət göstərdiyi üçün" öldürüldü.

Hazırda Gəncə hadisələri ilə bağlı cinayət işi yekunlaşıb və bu olaylarla bağlı həbs edilən 20-dən çox şəxsin gələn il məhkəməsi gözlənir.

Fotonun müəllifi NCA
Image caption Zamirə Hacıyevanın dəyəri £400000-dən (884 min manat) artıq olan zinət əşyalarına da həbs qoyulub.

Zamirə Hacıyeva işi: bu pullar hardandır?

İlin səsli-küylü məhkəməsi dumanlı Albiondan- Londondan gəldi: Azərbaycan Beynəlxalq Bankın kecmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin xanımı Zamirə Hacıyeva Britaniya paytaxtında xərclədiyi milyonlara görə cavab verməlidir: bu pullar hardandır?

Barəsində həbs qərarı verilsə də, sonradan 500 min funt müqabilində zaminə buraxılan Zamirə Hacıyeva məhkəməyə Londonda 11.5 milyon funt sterlinqə aldığı (15.13 milyon dollar) ev almağa xərclədiyi pulun mənbəyini açıqlamalıdır.

O cümlədən, keçmiş bankir arvadı on il ərzində Londonun məhşur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. O, həmçinin Berkshire qraflığında qolf kulubunu alıb.

Ali Məhkəmə ondan sərvətinin mənbəyinin izahını istəyib - əgər o bunu edə bilməsə, öz əmlakını itirmək riski ilə qarşı-qarşıyadır.

Bundan başqa, onun dəyəri £400000-dən (884 min manat) artıq olan "qır-qızılına" da həbs qoyulub.

Fotonun müəllifi R.Camalova
Image caption Reyhan Camalova yağışdan elektrik almaq ideyası ilə dünya miqyasında diqqət cəlb edib

15 yaşlı azərbaycanlı məktəblinin dünya "fəthi"

Məktəbli Reyhan Camalova yağışdan elektrik almaq ideyası ilə dünya miqyasında diqqət cəlb etdi.

Yağışdan elektrik enerjisi əldə edən Rainergy layihəsi ilə 15 yaşlı Reyhan Camalova bu ilin əvvəlində Forbes jurnalının "30 yaşdan aşağı 30 asiyalı" siyahısına düşdü.

O, bu siyahıya düşən ilk azərbaycanlı olub, "Forbes" yazıb.

"Mən indi özümü çox xoşbəxt hiss edirəm", adını "Forbes"də görəndən sonra Reyhan Camalova təəssüratını BBC Azərbaycanca ilə bölüşmüşdü: "Ona görə qürur duyuram ki, bu siyahı üzrə Azərbaycanın adı ilk dəfə çəkilirdi. Bu siyahıda Azərbaycanı təmsil etməyim olduqca qürurvericidir".

Hələ orta məktəbi bitirməyən Reyhan Camalova dünyanın tanınmış universitetlərində təhsil almaq və fizik olmaq istəyir.

Nobel mükafatı qazanmaq isə onun ən böyük arzusudur.

15 yaşlı məktəblinin bu layihəsi onu "BBC 100 qadın" siyahısına da salıb.

100 Qadın layihəsi hər il bütün dünyadan ilhamverici və nüfuzlu qadınların siyahısını hazırlayır.

Image caption Bəzi sahələrdə vergi güzəştləri tətbiq ediləcək

Yeni Vergi Məcəlləsi: 7 il vergidən azadlıq, sadələşdirilmiş verginin tədricən ləğvi

İlboyu qanunvericilikdə çoxlu dəyişiklik oldu, yeni qanunlar qəbul edildi, amma ilin sonuna doğru Vergilər Məcəlləsinə edilən çoxsaylı dəyişiklər hamısını kölgədə qoydu.

Parlamentin təsdiqindən keçib yeni ildən tətbiq ediləcəyi gözlənən Vergilər Məcəlləsində nəzərdə tutulur ki, qeyri-neft-qaz və qeyri-dövlət sektorunda çalışan və 8 min manata qədər maaş alanlar gəlir vergisindən 7 il azad olacaqlar. Əgər maaş 8 mindən çox olsa, o hissədən 14 faiz vergi ödəyəcəklər.

Eyni zamanda, dövlət və neft sektoru da daxil olmaqla, bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.

Sadələşdirilmiş vergi ödəyiciləri artıq gələn ildən 2 faizlə vergi ödəyəcəklər.

Amma yeni qayda bütün sadələşdirilmiş vergi ödəyicilərinə aid deyil.

Müstəqil iqtisadçılar hesab edirlər ki, yeni dəyişiklərlə "sadələşdirilmiş vergi ödəyicisi" anlayışına daha az fəaliyyət sahəsi şamil edildiyindən 2 faizlik vergidən yararlananların sayı az olacaq. Bu isə iqtisadiyyata öz mənfi təsirini göstərəcək, "qara mühasibatlığa", vergidən yayınmalara yol açacaq, yeni vergi dəyişikliyini təhlil edən iqtisadçılar deyirlər.

Yeni Vergi Məcəlləsi kiçik və orta biznes üçün də vergi güzəştləri nəzərdə tutur.

Fotonun müəllifi Azertac
Image caption 81 yaşlı baş nazir Artur Rasi-zadə bu il təqaüdə göndərildi

Artur Rasi-zadə, Hacıbala Abutalıbov

İlin yadda qalan hadisəsindən biri ölkənin uzun illərdi dəyişməz Baş nazirinin dəyişməsi oldu, desək, yanılmarıq. 81 yaşlı Artur Rasi-zadə təqaüdə göndərildi və onun yerinə dövlət başçısının xarici siyasət üzrə müşaviri Novruz Məmmədov gətirildi.

Hakimiyyətdə olduğu illərdə daha çox kölgədə qalan Artur Rasizadə 1996-cı ildən ölkənin Baş naziri təyin olunub, amma tənqidçiləri heç vaxt onu ölkənin ictimai-siyasi həyatına güclü təsiredici fiqur kimi qiymətləndirməyib, hətta onun Baş nazirliyinin belə "uzun çəkməsinin" səbəbini də cənab Rasizadənin "prezidentlik iddiasında olmamasında görüblər.

Vəzifəsi ilə vidalaşanlar arasında diqqəti çəkən məmurlardan biri də Bakı şəhəri icra hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovdur.

Hacıbala Abutalıbov 17 il işlədiyi Bakı şəhəri icra hakimiyyətinin başçısı postunu baş nazirin müavinliyi ilə əvəzlədi.

Hacıbala Abutalıbov paytaxt təsərrüfatının idarəolunmasına görə ən çox tənqid olunan məmurlardan biri olub. Hərçənd o, bu tənqidləri hər zaman rədd edib.

Video açılmırsa, YouTube-dan izləyin.

Bu barədə daha geniş