Vergi güzəştləri sahibkarların hansı hüquqlarını pozur? Və digər suallara cavablar təhlilçi ilə müsahibədə

Vahid Məhərrəmli kənd təsərrüfatı eksperti Kənd təsərrüfatı üzrə təhlilçi Agriculture Azerbaijan Azərbaycanda Kənd Təsərrüfatının problemləri Heyvandarlığın problemləri Əkinçiliyin problemləri kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar Fotonun müəllifi Vahid Məhərrəmli

"Cüzi belə olsa vergi tətbiq olunsa, bu sahibkarlara da məsuliyyət hissi gətirərdi ki, onlar da bu ölkə üçün çalışırlar, dövlət büdcəsinə vergi ödəyirlər. Sahibkarın vergi qeydiyyatına alınması çox vacibdir. Güzəşt etmək istəyirlərsə, subsidiyanı artırsınlar. Digər məsələlərdə dövlət dəstəyini də həyata keçirmək olar. Əvəzində bu şəxslər normal bizneslə məşğul ola bilər. istehsal etdikləri məhsulun qədərini də ötürərlər yazılı statistikaya", kənd təsərrüfatı məsələləri üzrə təhlilçi Vahid Məhərrəmli deyir.

O, BBC News Azərbaycancaya müsahibəsində 2001-ci ildən tətbiq olunan vergi güzəştlərinin kənd təsərrüfatının inkişafına "heç bir müsbət təsirinin olmadığını" bildirir.

- Sahibkarlar qeydiyyatları olmadığına görə də istehsal etdikləri məhsulları bazara çıxaranda onun keyfiyyətinə dair sənəd də əldə edə bilmirlər. Sənədi necə əldə etsin, qeydiyyatda deyil axı? Bax, bunların hamısı sivil qaydada olmalıdır. Sivil qayda da odur ki, vergi ödəyicisi olmalıdır bu sahibkarlar. Yəni tam hüquqlu şəkildə fəaliyyət göstərə bilərdilər, ancaq göstərmirlər. Əgər bu gün sahibkarların hamısı qeydə alınsa, onlardakı məlumatlar toplansa, biz tamamilə fərqli göstəricilər əldə edəcəyik. Həm əkin sahələrilə bağlı, həm heyvanların sayı ilə bağlı, həm də ümumi istehsalla bağlı.

Bu gün Azərbaycanda nə qədər mal-qara, qoyun-keçi var, nə qədər torpaqda hansı adda və nə qədər taxıl, kartof, ət-süd məhsul becərilməsi var, bunu müəyyənləşdirmək mümkün deyil. Hökumət çalışır ki, real göstəricilər ortaya çıxmasın. Yerlərdə oturan məmurlar istədikləri, özlərinə sərf edən rəqəmləri ötürürlər yuxarı ki, prezident aparatından təmsil etdikləri rayonla bağlı danlaq eşitməsinlər.

Bunu bilərəkdən etmirlər, çünki buna getsələr, reallıq ortada olsa, ona əsasən də problemi müəyyənləşdirib, real təklifləri ortaya qoymaq olar.

Strategiyanı hazırlamaq və siyasəti müəyyənləşdirmək olar. Beləliklə, kənd təsərrüfatı inkişaf edər. Ancaq bunun üçün mütləq sahibkar vergi ödəyicisi olmalıdır ki, onun işi ilə bağlı real göstəriciləri görmək mümkün olsun. Pambıqçılıqla bağlı kəndlərdən nə qədər adam cəlb etmişdilər?

Bu adamlarla bağlı sənədləşdirmə aparılmadı, onların sığortası belə yox idi, o şəxslərə nə qədər əməkhaqqı ödənib bilinmir, fərqli rəqəmlərin səsləndirildiyini biz eşitdik. Reallığı bilmirlər, hesablamırlar.

Hollandiyadan gətirdikləri mütəxəssis nə deyirsə, onun dediklərini də təkrar edirlər. Sanki feodal cəmiyyətidir, kim nə istəyirsə onu da edir. Ortada iş görüntüsü var, lakin normal iş yoxdur.

- Vergilərin azaldılmasının investisiya qoyuluşunu artıracağı deyilmişdi? Artım varmı?

- İnvestisiyaları özləri qoyurlar kənd təsərrüfatına. Oliqarx-məmurlar kəndlilərdən torpaqları alır, istehsal etdikləri məhsulun istehsalı zamanı istifadə etdikləri texniki vasitələri də, məhsulun satışını da, dövlət büdcəsi hesabına ziyanları kompensasiya edərək, çalışırlar ki, daha çox gəlir əldə etsinlər.

Son zamanlar 200 min hektara yaxın ərazi oliqarx-məmurlar tərəfindən özəlləşdirilib. Bunun içində dövlət torpağı da var, özəl torpaqlar da var. Özəl torpaqlara cüzi maliyyə ödənişi ediblər, dövlət torpaqlarını isə bir şəkildə, məmur olduqları üçün özəlləşdirə biliblər.

İstehsal vasitələri bu şəxslərə ucuz başa gəlir, çünki dövlət büdcəsi hesabına alınan texnikadan istifadə olunub.

Digər tərəfdən isehsal olunmuş məhsulun bir hissəsi dövlət müəssisələrinə satılır. Investisiyanı əsasən, dövlət məmurları həyata keçirib, onlar da bu işi ona görə ediblər ki, dövlət büdcəsi hesabına öz gəlirlərini artırsınlar.

Bu şəxslər subsidiya alırlar, müəyyən dotasiyalar verilir onlara, təsərrüfatlarında çatışmazlıq olanda dövlət qurumları tərəfindən yardımlar olunur, texniki təminat, su təminatı və digər istehsal vasitələrinin təminatında problem yaşamırlar. Ancaq ümumi özəl sahibkarlığın inkişafı istiqamətində ciddi addım atılmayıb.

- Yeni əlavə və dəyişiklərdə vergidən azad olunan gəlirlərin bəyan edilməməsi, azaldılmasına görə sanksiya tətbiq olunması nəzərdə tutulur.

- Bu normaldır. Kimsə işçi götürüb işlədirsə, əvəzində vergi ödəmirsə, satdığı məhsulun keyfiyyətiylə bağlı problem olarsa, onda sanksiya tətbiq oluna bilər.

- Azərbaycanda əsasən, bitkiçilik və heyvandarlıq üzrə fəaliyyət göstərən sahibkarlar bir-birini öz sahələrinə maneə yaratmaqda günahlandırırlar. Bu sahələr bir-birinə necə maneə yaradır?

- Heyvandarlıq bitkiçilikdən, bitkiçilik isə heyvandarlıqdan birbaşa asılıdır. Bitkiçiliyin 40 faizi heyvandarlıqda tələb olunur.

Sadəcə, buradakı məsələ torpaqların münbitləşdirilməməsindədir. Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatalada yol kənarlarındakı ərazilər istifadəsiz qalıb. Bu torpaqlar şoran torpaqlardır və münbit hala gətirilməlidir. Həmin torpaqların istifadə olunmasına şərait yaratmaq lazımdır. Bu ərazilər zatən əkin-biçin sahələridir, əkinə yararsız örüş yerlərini əkmək əvəzinə, həmin bu torpaqları istifadə etmək olardı.

Örüş sahələrində pambıq əkdirmək nəyə lazım idi? Niyə görə biçənək sahələrini kotan salıb şumladılar? Problemi süni yaradan hökumətdir. Hökumətin yanlış addımı fermerlər arasında narazılıq yaradır. Əkinçi deyir qoymurlar əkin əkək, maldar da deyir ki, örüşümüzü alıb pambıq əkdilər.

Böyük ərazilər var hansı ki örüşdür, orda pambıq əkiblər, ancaq heç o pambığı da yığmayıblar. Pambıq bitkisi alaq otlarının altında qalıb. Üstəlik, o sahələrdən heç vaxt normal məhsul əldə etmək mümkün olmayacaq, çünki o torpaqlarda humus qatı azdır, otlaq sahəsi kimi heyvandarlıq üçün nəzərdə tutulmuşdu. Örüş ərazilərində məhsuldarlığın artırılması lazım idi ki, otlayan heyvanın normaya uyğun otarılmasının təşkili, həmin sahələrin suvarılması və yemlənməsi və s. həyata keçirilməli idi ki məhsuldarlıq artsın.

Belə torpaqları kotanla əkib alt-üst edəndə həmin torpaqlarda deqradasiya prosesi gedir. Yəni o torpaqları təkrar münbitləşdirmək üçün külli miqdarda vəsait tələb olunur. Bu kor-koranə görüləcək iş deyil, yer hələ torpaq demək deyil. Əkinə yararlı torpaq başqa şeydir, kənd təsərrüfatına yararlı torpaq başqa. Ancaq bu cür yanaşma ilə artıq o torpaqlar heç nəyə gərək olmayacaq.

Görəcəksiniz, necə ki pambığa zəhərli maddə verdilər insanlar zəhərləndi, eləcə də torpağı zəhərlədilər. Torpaqda olan faydalı mikroorqanizmlərin köməyi ilə üzvi maddələr qeyri üzvi maddələrə çevirir. Bax həmin o faydalı mikroorqanizmləri məhv ediblər. Reallığı bilmirlər, hesablamırlar. Azərbaycanın münbit torpaq, iqlim şəraiti var. Problem onu idarə edənlərdədir.

- Kənd təsərrüfatının inkişafı üçün hazırda nələr dəyişməlidir?

- Heyvandarlıqla bağlı, örüş ərazilərində yemləmənin yüksək səviyyədə aparılması üçün örüş sahələrinin münbitləşdirilməsi, suvarma sisteminin qurulması, növbəli örüşün təşkil edilməsi, yem bazasının yaradılması olduqca vacibdir. Yem yoxdursa, heyvandarlıq sıradan çıxacaq, ət-süd məhsullarının istehsalı olmayacaq.

Heyvanların cins tərkibi yaxşılaşdırılmalıdır. Azərbaycanda süni mayalandırma mərkəzi yaradılıb, lakin bütün qüvvəsilə işləmir. Bu sahə ilə məşğul olan şəxslərin problemləri həllini tapmalıdır.

Yetərli mütəxəssis hazırlanmalıdır ki, baytarlar, zootexniklər olsun, yemələmənin təşkilini fermerlərə öyrədəcək müətəxəssislər olsun, heyvanların müalicəsinin vaxtlı-vaxtında aparılması üçün kifayət qədər peşəkarlar olsun, heyvanların identifikasiyası aparılmalıdır.

Ölkədə nə qədər mal-qara var, bax, bu müəyyən edilməlidir.

Bitkiçilikdə isə suvarma suyuna olan təminat ödənilməlidir. Texniki təminat yetərli deyil. İstehsal olunan məhsulun bazara çıxışında məhdudiyyətlər var, çünki topdansatış bazarları yoxdur. Bir bazar var, o da müəyyən qüvvələrin əlindədir. Əldə olunan məhsulun saxlanması üçün yetərincə ambar-soyuducu kameraları yoxdur.

Bu sahədə də yetərincə mütəxəssis yoxdur. Fermerlərə məsləhət vermək üçün aqronomlar yoxdur. Özəl məsləhət xidmətləri yaradılmalıdır. Kənd təsərrüfatının vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülməli işlər çoxdur.

Azərbaycanda 2001-ci ildən kənd təsərrüfatının inkişafına dəstək üçün Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslər mənfəət vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş sistem üzrə vergi və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.

Hazırda kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlar yalnız torpaq vergisi və öhdəliyin yaranmasından asılı olaraq müzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi və ödəmə mənbəyindən tutulan vergini ödəməlidirlər.

Bundan əlavə, kənd təsərrüfatı məhsulları istehsalçıları əldə etdikləri digər gəlirlər üzrə Məcəllənin maddələrinə müvafiq olaraq ümümi qaydada vergiyə cəlb olunurlar.

Bu barədə daha geniş