İlham Əliyev: "Ölkəyə təhlükələr xaricdən gətirilə bilər"

Ilham Əliyev Azərbaycan Prezident Azərbaycan prezidenti Bakı Fotonun müəllifi Azertag

"Biz proporsional azad siyasət yürütdüyümüzə görə, bizə təzyiqlər də artır. Lakin bu təzyiqlər enerji faktoru ilə əlaqəli deyil. Bizi hansısa avantüraya çəkməkdir. Hansı ki, tamamilə bizim xalqımızın və ölkəmizin əleyhinədir", prezident İlham Əliyev deyib.

Azərbaycanın dövlət başçısı Rusiyanın "Rossiya24" televiziyasına verdiyi müsahibəsində vurğulayıb ki, ölkə daxilində heç bir potensial təhlükə yoxdur, "təhlükələr xaricdən gətirilə" bilər.

"Buna görə də öz suverenliyimizlə bağlı məsələlərə çox diqqətlə yanaşırıq. Vətəndaşlarımızın təhlükəsizliyinə çox həssas yanaşırıq. Buna görə də, Azərbaycanı hansısa beynəlxalq avantüraya çəkməyə çalışmaq həmişə fiaskoya uğrayıb. Yəqin ki, bu, kiminsə xoşuna gəlmir və biz periodik olaraq bu nəticəni görürük", cənab Əliyev bildirib.

"Yalan məlumat təbliğatı"

İlham Əliyev "mətbuata yalançı məlumat" ötürən "təbliğatdan" istifadə edildiyini söyləyib: "Bu da onların sevimli şantaj, təzyiq göstərmək metodudur. Lakin bizim artıq buna immunitetimiz yaranıb. Vətəndaşlarımız çox yaxşı başa düşürlər ki, bu cəhdlərin və yalançı xəbərlərin arxasında nələr dayanır".

Ermənistandan gözlənti

İlham Əliyev müsahibəsində Ermənistanın yeni hakimiyyətindən gözləntilərindən danışıb. O deyib ki, Azərbaycan regiona sülh gətirəcək yolların təbliğinə çalışıb və çalışacaq da.

"İnanıram ki, Ermənistanın yeni rəhbərliyinin ölkənin yenidən qurulması planlarını həyata keçirmək üçün yeganə yolu münaqişənin tənzimlənməsindən keçir. Ancaq bunun üçün bu ərazilərdən çıxmaq və 100 minlərlə azərbaycanlıya öz torpağına qayıtmağa imkan vermək lazımdır. Bu məsələdə daha çox anlayış olacağına ümid var. Lakin mən bunu öncədən görə bilmərəm, bunu vaxt göstərəcək", İlham Əliyev deyib.

"Rus dilinə tələbat var"

O, müsahibəsində vurğulayıb ki, dövlət Azərbaycanda rus dilinin tədrisini dəstəkləyir. Prezident əlavə edib ki, ölkədə rusdilli məktəblərin sayı artır: "Dövlət dili Azərbaycan dilidir, bütün sənədləşdirmə işləri Azərbaycan dilində aparılır və bu, belə də olmalıdır. Lakin rus dilini bilmək tələbdir və bu bizim tarixi əlaqələrimiz üçün vacibdir".

Dövlət başçısı hesab edir ki, cəmiyyətdə rus dilinə böyük tələbat var: "Buna görə də bizim rus dilini saxlamaq siyasətimiz, onun öyrənilməsi üçün yaxşı imkanların yaradılması tamamilə doğrudur. Biz bunun müsbət nəticələrini görürük".

Bu barədə daha geniş