Elmar Məmmədyarovdan Qarabağ danışıqlarına "optimist proqnoz"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fotonun müəllifi Azertag

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, 2018-ci ildə Azərbaycan və Ermənistan rəsmilərinin Qarabağ münaqişəsi üzrə keçirdikləri görüşlər "danışıqlar prosesini irəli aparmaq üçün müəyyən optimizm vəd edir".

O, "müəyyən optimizim vəd edən" məsələlərdən biri kimi Ermənistanda baş verən son hadisələri də qeyd edib.

Cənab Məmmədyarov yerli jurnalistlərin suallarını cavablandırarkən münaqişənin həlli üzrə uzun illərdir aparılan danışıqların nəticə verməməsinə təəssüfləndiyini bildirib.

Nazirin sözlərinə görə, dekabrın 6-da ATƏT-in Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində qəbul olunmuş birgə bəyanatda münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsi razılaşdırılıb.

Elmar Məmmədyarov vurğulayıb ki, bu bəyanat danışıqların formatının dəyişməz qaldığı deməkdir.

Nazirin sözlərinə görə, bəyanatda həm də yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində "intensiv nəticəyə yönəlik" danışıqların keçirilməsi fikri əks olunub.

Cənab Məmmədyarov gələn il Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından "müəyyən irəliləyiş əldə olunacağına ümid etdiyini" deyib.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir.

1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərləri verir.

ABŞ, Fransa və Rusiyanın daxil olduğu Minsk qrupu həmin vaxtdan etibarən münaqişəni həll etməyə çalışır.

Aİ ilə münasibətlər

Nazir, həmçinin Azərbaycan və Avropa-İttifaqı münasibətlərindən danışıb. O deyib ki, Azərbaycan Aİ ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri inkişaf etdirmək istəyir.

"Danışıqlar prosesi hələ də davam edir və bunun vaxt tələb etdiyi təbiidir, çünki bizə və Aİ tərəfdaşlarımıza ciddi, keyfiyyətli saziş lazımdır. Bu saziş ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək və qarşılıqlı sahəvi tərəfdaşlığımızı uzun müddətdə möhkəmləndirəcəkdir", o deyib.

Onun sözlərinə görə, Aİ ilə viza sadələşdirilməsi üzrə Saziş artıq bir neçə ildir ki, qüvvədədir.

"Bunun məntiqi davamı Aİ ilə viza rejiminin tam ləğvidir. Yəni viza rejiminin liberallaşdırılması anlamına gəlir. Amma bu müəyyən vaxt tələb edir", o qeyd edib.

Azərbaycan Avropa İttifaqı ilə bir müddətdir ki, ikitərəfli saziş üzərində işləyir.

Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutaraq, Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasını hədəfləyib.

Bu barədə daha geniş