Lerikin üç kəndi: "Susuz qala bilərik"

Şivlə kəndi su problemi
Image caption Lerik rayonu Şivlə kəndi. Qadınlar bulaqdan su daşıyırlar

Lerikin Şivlə, Biləvər və Geskön kəndlərinin bəzi sakinləri onların yaşadığı ərazidən qonşu kəndlərə su çəkilməsinə etiraz edərək ərazidə işləyən texnikanı dayandırıblar.

Bir müddətdir ki, bu üç kəndin əhalisi istifadələrində olan "Şüpək" bulağından digər kəndlərə su çəkiləcəyini və bundan sonra özlərinin susuz qalacağından narahatdırlar.

Yerli hakimiyyət bu narahatlığa "əsas görmür", Lerikin "kifayət qədər" bulağı olduğunu deyir.

Şilvə kənd sakini Qədiməli Ağayev BBC News Azərbaycancaya bildirib ki, üç kəndin sakinləri meşə massivində olan bulaqdan uzun illərdir istifadə edirlər, "amma heç özlərinin suya təlabatı tam ödənmir".

"İndi bu bulaqdan digər kəndlərə də su vermək istəyirlər. Amma bu bulaqdan başqa yerə də su çəkilsə, bu üç kənd susuz qalacaq",- Qədiməli Ağayev deyib.

Onun sözlərinə görə, Şivlə, Biləvər və Geskön kəndlərində 1200-dən çox adam yaşayır.

Cənab Ağayev şikayətlənir ki, Prezident Adminstrasiyası, rayon icra hakimiyyəti, Azərsuya ərizələrlə müraciət ediblər, onlara deyilib ki, su Alaşar çayından çəkiləcək.

"Oradan su çəkilsə bizim ərazilər susuz qalacaq və biz köçüb getməyə məcburuq. Bu su yay vaxtı heç gəlib kəndin aşağı hissəsinə çatmır. Yayda su azalır, indi bir az çoxdur. Onlar 100 düyümlük boru ilə suyu çəkmək istəyirlər. Bu su kəsilsə, meşə də quruyacaq və meşə təsərrüfatının saldığı qoz bağı da məhv olacaq",- Qədiməli bəy deyib.

Kənd sakini İbrət Azadov deyib ki, su çəkənlər bizə hədə-qorxu gəliblər.

Image caption Lerik rayonu Biləvər kəndi

"Əhali toplaşdı, etiraz etdi, texnikanın çəkdiyi xəndəyi doldurmaq istədi, işləri dayandırdılar, amma müdirləri deyib ki, işləyin",- İbrət Azadov deyib.

Onun sözlərinə görə, kənd sakinlərinin etirazları nəticəsində su çəkmə işi müvəqqəti dayanıb.

Lerik rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov BBC News Azərbaycancaya deyib ki, sakinlərin narazılıqları və narahatlıqları əsassızdır.

"Su çəkilməsi prezident İlham Əliyevin sərəncamı əsasında həyata keçirilir. Cari ilin aprel ayında kəndlərin su təminatının yaxşılaşdırılması ilə bağlı verdiyi sərəncamına əsasən aparılır. Bunun üçün bir milyon manat vəsait ayrılıb. İlkin olaraq dörd kəndin, ümumilikdə isə on iki kəndin su təminatının yaxşılaşdırılması ilə bağlı sərəncam imzalanıb",- Habil Məlikov deyib.

İcra Hakimiyyətinin nümayəndəsi əlavə edib ki, Şingədlan, Mulalan, Şors və Geskön kəndlərinin su təchizatı yaxşılaşdırılıb.

"Mütəxəssislər sərəncam imzalanmamışdan əvvəl baxış keçiriblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərsu, Melorasiya və Su Təsərrüfatı komitəsi və digər əlaqədar qurumlar əraziyə baxış keçirib suyun haradan çəkilməsi ilə bağlı plan hazırlayıblar və rəylərini veriblər. Ərazidə Alaşar və Şüvər çayları axır və qərar verilib ki, bu çayların mənbəyindən su götürülsün",- Habil Məlikov deyib.

Onun sözlərinə görə, mütəxəssislər həmin ərazidəki su mənbəyindən 50 mm-lik boru ilə suyun çəkilməsini nəzərdə tutublar: "Amma 100 əlavə boru ilə oradan digər kəndlərə su çəksək belə, oranın suyu azalmaz", rəsmi qurum nümayəndəsi deyir.

Bu barədə daha geniş