Sonuncu dəfə Mehmanı görəndə "səhhəti çox pis vəziyyətdə idi", Mehman Hüseynovun vəkili

Mehman Hüseynov, Pentensiar xidmət

"Dekabrın 28-də bütün günü yanında olmuşam. Səhhəti çox pis vəziyyətdə idi. Onunla bir də yanvarın 4-də görüşmək imkanım olacaq", bu barədə məlumatı BBC News Azərbaycancaya həbsdə olan bloqçunun vəkili Şəhla Hümbətova verib.

Onun sözlərinə görə hazırda Mehman Hüseynovla görüşə bilmir və vəziyyətinin necə dəyişdiyi barədə də dəqiq məlumatı yoxdur.

Bundan əvvəl bloqçunun "müddətsiz aclıq aksiyasına başladığı" barədə məlumat yayılmışdır. Həbs müddətinin bitməyinə bir neçə ay qalmış məşhur video bloqçu həbsxana əməkdaşına xəsarət yetirməkdə ittiham edilir.

Vəkilin sözlərinə görə, ailəsi ilə danışan bloqçu onlara "Mənə qarşı saxta ittihamlar irəli sürülüb, yalandır, belə hadisə baş verməyib. Məni şərləyiblər" deyib.

Məlumata görə, Mehman Hüseynov ailə üzvlərinə vəkili ilə görüşmək istədiyini də bildirib.

Dekabrın 27-də, vəkilin sözlərinə görə, onun Mehman Hüseynovla görüşməsinə icazə verilməyib.

"Cəzaçəkmə müəssisəsinin işçiləri mənə dedilər ki, Mehman karsa salınıb, ona görə onunla görüşmək mümkün deyil", - vəkil Şəhla Hümbətova deyib.

Penitensiar Xidmətdən bloqçunun "cərimə təcridxanasına salınması" barədə məlumat təsdiqlənməyib, lakin bildirilib ki, "məhkumun cərimə təcridxanasına salınması hər bir cəzaçəkmə müəssisəsinin daxili işidir".

Penitensiar Xidmətdən vəkilin Mehman Hüseynovla görüşə bilməməsi məsələsinə şərh verməyiblər.

Yeni cinayət işi

Dekabrın 26-da Mehman Hüseynova yeni cinayət işi açılıb.

Penitensiar Xidmətin saytında verilən məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin "hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə" maddəsi ilə cinayət işi başlanıb.

Mehman Hüseynov, Pentensiar xidmət

Şəklin mənbəyi, Penitensiar Xidmət

"Dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı məhkum Mehman Hüseynov həbsxananın Rejim-nəzarət şöbəsinin böyük inspektoru Əli Abdalova qarşı zor işlədib, fiziki müqavimət göstərərək ona xəsarət yetirib", Penitensiar Xidmətin məlumatında deyilir.

Məlumatda bloqçunun "xidməti otaqda olan əşyaları dağıdaraq sındırması" iddia olunur. Həmçinin rəsmi məlumatda Əli Abdalova tibbi yardım göstərilməsi bildirilib.

Penitensiar Xidmət iddia edir ki, bloqçu Mehman Hüseynovdan həbsxanada saxlanması qadağan olunmuş "461 manat məbləğində pul" tapılıb.

İstintaqı Bakı şəhəri Qaradağ rayon Prokurorluğu aparır.

27 dekabr səhəri Mehman Hüseynovun atası Rafik Hüseynov oğluna qarşı açılan cinayət işindən xəbərsiz olub.

O, BBC News Azərbaycancaya bildirib ki, Mehman Hüseynovla çərşənbə axşamı görüşüb və oğlunun vəziyyəti "normal olub".

"Bir az xəstələnmişdi, oskürürdü, indi vəziyyəti yaxşıdır, heç bir problemi yoxdur",- Rafik Hüseynov belə deyib.

Mehman Hüseynov kimdir?

Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib.

O, Daxili İşlər Nazirliyinin şikayəti əsasında polisə "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə ittiham olunub.

Bloqçu bu ittihamları qəbul etməyib.

Onun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov isə ölkəni tərk edib.