Dövlət məktəblərində təhsil dili: Azərbaycan, rus, bəlkə həm də ingilis?

Şəklin mənbəyi, INGA MİLESHKİNA
Prezident İlham Əliyev "Rossiya 24" telekanalına sonuncu müsahibəsində ölkədə rus dilinə böyük tələbat olduğunu və "rusca danışmaq bir ehtiyacdır" söyləyib.
"Digər tərəfdən, bu, tarixi əlaqələrin haqqını verməkdir", - deyə o əlavə edib.
"Tələbat ingilis dilinədir, ancaq ingilis dilində pulsuz təhsil verən məktəb yoxdur axı, rus dilində təhsil alan uşaqlar isə məktəbi bitirəndə artıq ən azı 2 dildə - Azərbaycan və rus dillərində danışa bilirlər", BBC News Azərbaycancaya danışan valideynlər deyirlər.
Bəzi təhsil ekspertləri hesab edirlər ki, ali məktəblərə qəbul zamanı rusdilli fakültələrə tələb olunan müsabiqə balı azərbaycandilli fakültələrlə müqayisədə azdır, bu da rusdilli məktəbləri "cəlbedici edir".
Təhsil naziri Ceyhun Bayramov isə deyir ki, rus bölməsində təhsil alan şagirdlərin Azərbaycan bölməsinin şagirdlərindən "daha yüksək nəticə göstərməsi haqqında deyilənlər mifdir".
"Eyni məktəb, fərqli mühit"
"Kaş böyüyü də rus bölməsinə qoyardım. Hər iki bölmədə təhsili, uşağa yanaşmanı görəndən sonra təəssüfləndim ki, niyə belə seçim etmişəm", eyni məktəbdə iki uşağından biri rus, biri Azərbaycan dili bölümündə təhsil alan Bakı sakini Yeganə İsmayılova deyir.
"Uşaqların ikisi də eyni məktəbdə oxuyur, amma rusdilli müəllimlərlə azərbaycandilli müəllimlər arasında fərq var. Rus bölməsində təkcə təhsil vermirlər, həm də uşağın fikirlərinə hörmətlə yanaşırlar, əyləncəsinə vaxt ayırmağa çalışırlar. Bu da uşağı təhsilə həvəsləndirir. İki təhsilin keyfiyyəti arasındakı müqayisədə üstünlüyü rus dili bölməsinə verirəm", müsahibimiz əlavə edir.
"Həm də uşaqlar ana dilindən savayı daha bir dili - rus dilini mükəmməl öyrənə bilir, bu da gələcəkdə onlara üstünlüklər qazandıracaq", Yeganə İsmayılova fikrini bölüşür.
Ancaq Yeganə İsmayılovanı qane etməyən cəhətlər də var. O, rus bölməsində oxuyan uşaqların bəzən Azərbaycan dilini zəif öyrəndiklərini, valideynlərin buna göz yumduqlarını təəssüflə vurğulayır.
"Oğlum danışanda, yaxud da oxuyanda bəzi sözləri düzğün tələffüz edə, fikrini dolğun çatdıra bilmir. Evdə bacardığım qədər ona Azərbaycan dilində daha çox imla, inşa yazdırıram, onu daha çox oxuduram ki, ana dilini gözəl bilsin. Çalışıram uşaq sabah ana dilində ala-yarımçıq danışmasın, dili incəliyinə kimi mənimsəsin".
Şəklin mənbəyi, bakuoxfordschool
"Dövlət məktəbləri ingilis dilində olsaydı, ora qoyardım"
Bakı sakini Amaliya Cəfərovanın da övladları rusdilli məktəbdə oxuyur. O əmindir ki, övladı Azərbaycan dilini bilsə də, bilməsə də fərq etməz, ancaq rus dilini bilməsi onun karyera pilləsində irəliləməsinə səbəb olacaq.
"Azərbaycanda ana dilini bilməyən o qədər məmur var ki. Ancaq uzun illər yaxşı vəzifədə çalışıblar".
Amaliya Cəfərova deyir ki, ingilisdilli məktəblər pullu və baha olduğundan uşaqlarını ora yönləndirə bilməyib.
"Rus bölməsi pulsuzdur, ona görə bura qoymuşam. Ancaq oğlumu da, qızımı da ingilis dilini öyrənməsi üçün 3-cü sinifdən kursa göndərirəm. Sabah məktəbi bitirəndə ikidilli olacaqlar. Daha rahat iş tapacaqlar".
"Xarici dillərin tədrisi gücləndirilməlidir"
Ancaq təhsil məsələləri üzrə təhlilçi Etibar Əliyev hesab edir ki, orta məktəblərdə Azərbaycan bölməsində rus və ingilis dillərinin tədrisi gücləndirilsə valideynlər daha rasional davrana biləcəklər.
Etibar Əliyev hesab edir ki, "rus bölməsində təhsil daha yüksək səviyyədədir" kimi stereotip özünü doğrultmur.
"Bu il 20-dən çox abituriyent 700 bal toplayıb və onların heç biri rus bölməsinin məzunu deyil".
Ekspertin qənaətincə, rus bölməsini cəlbedici edən başqa səbəbdir: "Rus bölməsinin məzunlarının aşağı balla ali məktəblərə daxil ola bilməsi sektora maraq yaranmasına imkan verir. Yəni Azərbaycan bölməsi ilə rus bölməsi arasında çox kəskin bal fərqi var".
"Seçimi iqtisadi amillər yönəldir"
Politoloq Rəşad Şirin ingilisdilli dövlət məktəblərinin sayının çoxalacağı təqdirdə rus bölməsinə gedənlərin sayının azalmasını mümkün saysa da, resursların yetərli olmamasına təəssüflənir.
"İngilisdilli məktəblər üçün yetərincə müəllim resursu yoxdur, bunun ənənəsi yoxdur. Amma ənənə yaradıla bilər".
Müsahibimiz hesab edir ki, əgər dövlət ingilisdilli tədrisi dəstəkləsə, azərbaycanlı valideynlərin ora kütləvi axını olar. "Müstəqil ölkənin təhsili öz dilində yetərli olmadığından insanlar başqa dildə təhsilə üstünlük verirlər".
Onun fikrincə, bir çox şirkətlər işə götürəndə ingilis dili ilə yanaşı, rus dilini də tələb edirlər.
"Ona görə yox ki, onların Rusiya və ya rusdilli bazarlarda biznesi var, sadəcə, onlara elə gəlir ki, rusdilli insan daha mədənidir, dünyagörüşü, peşəkar etikası daha yüksəkdir. Valideynlər 1990-cı illərdə uşaqlarını vətənpərvərlik dalğasında Azərbaycan bölməsinə qoyurdularsa, indi iqtisadi baxımdan, kapitalist cəmiyyətində uğur qazanması baxımından onları rus bölməsinə yönəldirlər", Rəşad Şirin deyir.
"Rus dilində danışa bilməyən uşaq..."
"Şagirdlərin hansı dildə təhsil alması valideynlərin arzusu əsasında müəyyənləşdirilir. Bəzi valideynlərin övladlarının rus dilində təhsil almalarına meyl etməsinin səbəbi isə son dövrlərdə xarici dillərin öyrənilməsinə həvəsin və tələbatın artmasıdır", Təhsil Nazirliyi BBC News Azərbaycancanın suallarına cavab olaraq belə deyir.
Amma Təhsil Nazirliyi gələcəkdə rus dilində danışa bilməyən uşaqların bu bölməyə qəbul edilməyəcəyini də vurğulayır.
"Belə hallar mövcuddur ki, bəzi valideynlər ailədə müvafiq dil mühiti, bu dildə ilkin nitq bacarıqları olmadığı halda uşağın məktəbdə rus dilində təhsilə cəlb edilməsini istəyirlər.
Bununla əlaqədar məktəbə qəbul prosesində, rus dilində təhsil almaq istəyən uşaqların həmin dildə ilkin nitq bacarıqlarının olub-olmamasının araşdırılması nəzərdə tutulur", BBC News Azərbaycancanın suallarına yazılı cavab verən nazirlik bildirir.
"Bu mifdir"
Təhsil naziri Ceyhun Bayramov isə valideynlərin daha çox rusdilli məktəbi seçməsi iddiaları ilə razılaşmayıb. O bildirib ki, Azərbaycanda təhsil alan şagirdlərin 92-93 faizi dövlət dilində oxuyur və son illər bu rəqəmdə dəyişiklik yoxdur.
Cənab Bayramov "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"unda deyib ki, rus bölməsində təhsil alan şagirdlərin Azərbaycan bölməsinin şagirdlərindən "daha yüksək nəticə göstərmələri haqqında deyilənlər mifdir".
Azərbaycanda 4,5 min məktəbin 340-dan çoxunda tədris rus dilindədir.