364 kilometri 4 saat yarıma gedən Bakı-Gəncə qatarı sürət qatarıdırmı?

Bakı-Gəncə sürət qatarı Fotonun müəllifi ady.az
Image caption Bakı-Gəncə sürət qatarı dekabrın 30-dan etibarən hərəkətə başlayacaq

"Azərbaycan Dəmir Yolları" dekabrın 30-dan etibarən Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətə başlayacağını elan edib.

Qurumdan verilən məlumata görə, qatar 364 km-lik məsafəni 4 saat 28 dəqiqəyə qət edəcək və standart sərnişin üçün biletin qiyməti 15 manat olacaq.

Biznes sinif sərnişinlər üçün gediş haqqı 50 manat, birinci sinif sərnişinlər üçün isə 100 manat olacaq.

Bakıdan Gəncəyə təyyarə və sərnişin avtobusları da işləyir.

Həftədə dörd dəfə olan Bakı-Gəncə reysində uçuş bir saat çəkir və biletin qiyməti 56 manatdır.

Hər 30 dəqiqədən bir Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı-Gəncə istiqamətinə sərnişin avtobusu çıxır. Təxminən 4 saat yarıma gedən avtobusun bilet qiyməti 8 manat 40 qəpikdir.

Bakı-Gəncə sürət qatarı Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaq və sərnişin daşınmasını həyata keçirəcək.

Səfər hər ayın cüt günləri Bakıdan, tək günləri isə Gəncədən saat 09:00-da yola düşəcək.

BBC News Azərbaycanca "Azərbaycan Dəmir Yolları" QSC-dən qatarın rentabelliyi və qiymət siyasəti ilə bağlı suallara cavab ala bilməyib.

Fotonun müəllifi Ady.az
Image caption Dörd vaqondan ibarət qatarda birinci klass (9 yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq nəzərdə tutulub

Dörd vaqondan ibarət qatarda birinci klass (9 yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq nəzərdə tutulub.

Sürət qatarı normal qatarlardan daha sürətli səyahət etməsinə görə fərqlənir.

Bu növ qatarlarda hərəkət sürəti 200 km-dən yuxarı olur.

Hazırda bu tip qatarlar Almaniyada, Belçikada, Çində, Finlandiyada, Fransada, Cənubi Koreyada, İngiltərədə və başqa ölkələrdə sərnişin daşınmasında istifadə olunur.

Türkiyədə Ankara-Eskişehir xəttində hərəkət edən sürət qatarı 245 km məsafəni 1 saat 25 dəqiqəyə qət edir. Ən son istifadəyə verilən Ankara-Konya qatarı isə 306 km məsafəni 1,5 saata qət edir.

Özbəkistanda 2012-ci ildə istifadəyə verilən "Afrosiyob" qatarı Daşkənd-Buxara marşurutu üzrə 600 km məsafəni 3 saat 20 dəqiqəyə qət edir.

Sürət qatarlarının hərəkətində sürət rekordu ötən ilin sentyabrında Quançjou-Pekin marşrutunda reysə buraxılmış xüsusi konstruksiyalı qatarda qeydə alınıb: o, saatda 590 km gedib.

Bu barədə daha geniş