Prokuror AXCP üzvü Məmməd İbrahimə 6 ay həbs cəzası istəyib

Məmməd İbrahim, AXCP, yenidən həbs etmək Fotonun müəllifi Turan İbrahim
Image caption Dövlət ittihamçısı Məmməd İbrahimə 6 ay həbs cəzası istəyib

AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimə dövlət ittihamçısı tərəfindən altı ay həbs cəzası istənilib.

Ötən ilin sentyabrında həbsdən çıxmasına iki gün qalmış onun barəsində yenidən cinayət işi qaldırılmışdı.

Məmməd İbrahim Cinayət Məcəlləsinin cəzaçəkmə müəssisəsində qeyri-qanuni əşyaların daşınması maddəsi üzrə təqsirləndirilir.

Onun vəkili Cavad Cavadov BBC News Azərbaycancaya deyib ki, bu maddəylə təqsirləndirilən şəxsə 2 aydan 6 aya kimi həbs verilə bilər, ancaq Məmməd İbrahimə maksimum müddət, yəni altı ay cəza istənilib.

Vəkilin sözlərinə görə, onun cəzasına əvvəlki həbsindən qalan iki günün də əlavə edilməsi istənilib və beləliklə, altı ay iki gün cəza müddəti nəzərdə tutulub.

Məhkəmənin növbəti iclası yanvarın 10-a təyin edilib.

AXCP sədrinin müşaviri Məmməd İbrahim 2015-ci il sentyabrın sonunda AXCP liderinin istefasını tələb edən partiya üzvünün şikayətindən sonra şübhəli şəxs qismində saxlanmışdı.

Partiya üzvü Mikayıl Quliyev Məmməd İbrahim tərəfindən hücuma məruz qalması ilə bağlı polisə şikayət etmişdi.

Bir il sonra isə AXCP sədrinin müşavirinə qarşı ittiham ağırlaşdırılmışdı.

Həmin vaxt üç il azadlıqdan məhrum edilmiş Məmməd İbrahim əvvəlki və indiki ittihamların heç birini qəbul etmir və həbsini "siyasi fəalliyyəti ilə" əlaqələndirir.

Onun həbs müddətində bir neçə dəfə səhhəti pisləşib və müalicə alıb.

Bu barədə daha geniş