Gürcüstandan Azərbaycana donuz qripi keçə bilərmi?

Donuz qripi Fotonun müəllifi Dan Kitwood
Image caption Gürcüstanda donuz qripi ötən ilin sonunda yayılıb.

Keçən ilin sonlarından başlayaraq Gürcüstanda donuz qripi kimi tanınan A(H1N1) virusunun yayılma halları qeydə alınıb. Artıq bu virusdan ona yaxın adamın öldüyü deyilir.

Azərbaycanın Səhiyyə Nazirliyinin bazar ertəsi günü yaydığı məlumatda deyilir ki, "Azərbaycanda donuz qripinə yoluxma halları mövsüm ərzində qeydə alınmayıb. Lakin sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən profilaktik, müalicəvi və əksepidemik tədbirlərin həyata keçirilməsini tələb edir".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloji məsələlər üzrə baş direktor müavini Afaq Əliyeva BBC News Azərbaycancanın suallarını cavablandırıb.

- Qonşu Gürcüstanda donuz qripinin yayıldığı bildirilib və ölənlərin olduğu deyilir. Gürcüstan, azərbaycanlıların ən çox gedib-gəldiyi ölkələrdən biridir. Xəstəliyin Azərbaycana yayılması təhlükəsini necə qiymətləndirirsiz?

- Biz KİV-lərdən məlumat alırıq ki, həqiqətən də Gürcüstanda donuz qripi A(H1N1) virusu yayılıb, dünənə olan məlumata görə 158 hadisə qeydə alınıb, 9 nəfər ölüb. Azərbaycanda bu virusa qarşı mümkün qədər tədbirlər həyata keçirilir və mənə elə gəlir ki, Səhiyyə Nazirliyi tərəfindən tədbirlərin səviyyəsi yüksək təşkil olunub ki, xəstəlik Azərbaycana gəlməsin, gəlsə də, vaxtında həmin xəstələr aşkar olunsun, izolyasiya olunsun və xəstəliyin qarşısı alınsın.

- Hazırda hansı profilaktik işlər aparılır?

- A(H1N1) virusunun Azərbaycana gətirilməsinin qarşısını almaq üçün sərhəd-keçid məntəqələrində müəyyən tədbirlər görülür. Ölkəyə gələn nəqliyyat vasitələrinin dezinfeksiyası aparılır, gələn insanlara müəyyən nəzarət işləri aparılır, termovizorlar quraşdırılıb ki, hərarəti olan xəstələr varsa aşkar olunsun.

- Dezinfeksiya A(H1N1) virusunun qarşısını nə qədər ala bilər?

- Mümkün qədər tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyi tərəfindən oktyabr ayında mövsümi qripə görə müəssisələrdə, təşkilatlarda, təhsil müəssisələrində xəstələrin vaxtında aşkar olunması, onların müayinə və müalicəyə cəlb olunması, ağır gedişli respirator virus infeksiyalı xəstələrdən və ya qrip xəstələrindən laborator müayinəsi üçün materialın götürülməsi təmin olunur. Oktyabr ayının ortasından bu günə qədər ağır gedişli respirator infeksiyalı xəstələrdən respublika üzrə 282 laborator müayinə götürülüb, mövsümi qrip aşkar olunub, amma A(H1N1) virusu aşkar olunmayıb.

- Keçən aydan Gürcüstanda bu xəstəliklə bağlı rəsmi məlumatlar yayıldı. Həmin vaxtlarda Gürcüstana gedib-gələnlər müayinə olunubmu? Hazırda belə müayinə aparılırmı? (çünki hələ ki xəstəlik orda davam edir). Onların arasında qripə yoluxanlar var idimi? Yəni sohbət təkcə donuz qripindən getmir, həm də adi qripdən.

- Müalicə o vaxt aparılır ki, buna ehtiyac olsun. Əgər insan xəstədirsə, həkimə müraciət edirsə və onun analizində qeyd olunursa ki, o, haradasa olub, Gürcüstanda olub və onda qrip əlamətləri əmələ gəlib, əlbəttə xəstə izolyasiya olunmalıdır, xəstəxanaya yerləşdirilməlidir və laborator müayinəsinə cəlb olunmalıdır. Gürcüstanda xəstəlik bir o qədər çox deyil, oranın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, orda hələ epidemiya yoxdur, sadəcə xəstəliyin artımı müşahidə olunur. Hər bir gedib-gələni müayinə etmək olmur. İnsan yalnız xəstəliyə şübhə yarandıqda müayinə olunur.

- Donuz qripinə qarşı peyvənd varmı?

- Xeyr, Azərbaycanda hal-hazırda qripə qarşı vaksinasiya tədbirləri aparılmır. Vətəndaşlar öz istəyi ilə özəl klinikalarda peyvənd oluna bilərlər. Peyvənd mövsümdən əvvəl, təxminən sentyabrda aparılmalıdır. Azərbaycanda respirator virus infeksiyaları çox aşağı səviyyədədir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər azalma müşahidə olunur. Buna görə də, qrip peyvəndinin Azərbaycanda tətbiqinə hələ ki, ehtiyac yoxdur.

- Bəs, gələcəkdə vaksinasiya tədbirləri aparıla bilərmi?

- Dünyada qripə qarşı peyvəndlər var və o vaksinin tərkibində eyni zamanda A(H1N1) virusuna qarşı qoruyucu komponent var. Əgər kimsə peyvənd olursa, vaksin onu yalnız bir mövsüm qoruya bilir. Əgər gələcəkdə ehtiyac olarsa, vaksinlər Azərbaycana gətirilər, hələ ki, buna ehtiyac yoxdur.

- Əlavə peyvəndlər vurulmayan uşaqlar risk qrupuna düşürmü?

- Hər bir peyvənd müvafiq infeksiyadan qoruyur. Əlbəttə, peyvənd olunmuş uşağın immun sistemi müəyyən qədər möhkəm olur, amma deməzdim ki, bu, qripdən qoruyur. Sadəcə orqanizmin müqaviməti bir az yüksək ola bilər.

- İnsanlar donuz qripi haqda nələri bilməlidir və nə vaxt həkimə müraciət etməlidir?

- Həm donuz qripinin, həm adi qripin, həm də mövsümi qripin çox oxşar əlamətləri var, amma donuz qripində xəstəlik qəflətən başlayır və çox yüksək hərarət olur. Əgər adi qripdə temperatur subfebril, yəni 37-38 dərəcə olursa, donuz qripində 38 dərəcədən yuxarı olur. Donuz qripində təngnəfəslik, baş ağrıları, əzələ və oynaq ağrısı, ürəkbulanma, qusma, bəzi hallarda diareya əlamətləri müşahidə olunur. Xəstədə bu əlamətlər müşahidə olunarsa, mütləq həkimə müraciət etməlidir. Həkim lazım bilərsə, bu cür xəstələr xəstəxanaya yerləşdirilməlidir.

Hal-hazırda Bakı şəhərində ağır gedişli respirator virus infeksiyaları və ya qripəbənzər xəstəliklər qeydə alınarsa, xəstələrin yerləşdirilməsi üçün Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Kliniki Tibbi Mərkəzdə, 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında xüsusi palatalar ayrılıb.

- A(H1N1) virusunun əlamətlərinin gizli olması, bir neçə müddət sonra üzə çıxması mümkündürmü?

- Hər bir infeksion xəstəliyin öz inkubasiya periodu var, yəni ki, yoluxmadan ilk əlamətlərin əmələ gəlməsinə qədər olan dövr. Bu xəstəlikdə - qripdə bu dövr 2-3 gündən 7 günə qədərdir. Əgər insan bu xəstəliyə yoluxubsa, bu müddət ərzində xəstəlik özünü göstərir. Vaxtında həkimə müraciət olunursa, əgər xəstələnibsə, həm xəstəliyin qarşısı alınır, həm də heç bir fəsadsız müalicə olunur. Hər bir xəstə ölmür ki.

Fotonun müəllifi PETER PARKS

- Donuz qripinin statistikası hansı xəstəliyin təsnifatında aparılır?

- Biz Gürcüstanda da görürük, əgər xəstəyə ilkin olaraq qrip diaqnozu qoyulubsa və onun laborator təsdiqində A(H1N1) virusu tapılırsa, bu zaman xəstəyə donuz qripi diaqnozu qoyulur. Azərbaycanda bütün xəstələrdən materiallar götürülür və Taun Əleyhinə Dispanserdə laborator müayinə olunur.

- Azərbaycanda bəzi xəstələrin qripə yoluxması və 3 gün sonra vəfat etməsi barədə spekulyasiyalar dolaşır. Bu cür hallar əhali arasında təşviş salmamaq üçün gizlədilə bilərmi?

- Elə bir hal və məlumat yoxdur. Əgər hər hansı bir hal, təşviş olarsa, biz bu məlumatı veririk və verməliyik də. İndiyə qədər kiminsə xəstələnib respirator infeksiya əlamətləri ilə ölməsi halı qeydə alınmayıb. Heç bir təşviş yoxdur, vəziyyət tam sabitdir. Ölkədəki qrip yüngül mövsümi qripdir və insanlar ayaqüstə belə keçirir. Donuz qripi isə çox ağır xəstəlikdir və insan iş qabiliyyətini itirir və evdə olur. Ümumiyyətlə, Azərbaycanda donuz qripinə yoluxma və eləcə də ölmə halları qeydə alınmayıb.

Bu barədə daha geniş