Atası: "Mehmana deyirəm, sən öləndən sonra kimə lazımsan, mənə sənin ölün lazımdır? Mənə sən lazımsan"

Rafiq Hüseynov çərşənbə axşamı həbsdə olan oğlu Mehman Hüseynovla görüşüb.

Həbsdə olan video bloqçu Mehman Hüseynov azadlığa çıxmağına az qalmış yeni ittihamla üzləşib: o, həbsxana işçisinə xəsarət yetirməkdə ittiham olunur.

Mehman Hüseynov bu ittihama etiraz edib və aclıq aksiyasına başlayıb, vəkilləri bildiriblər. Vəkilləri onu da deyiblər ki, video bloqçu mədəsindəki ağrılara görə süd və süd məhsulları qəbul edir, ancaq aksiyasını dayandırmayıb.

BBC News Azərbaycancaya danışan Rafiq Hüseynov oğlunun səhhəti və məhbusluğundan danışıb:

- Mehmanın vəziyyəti necə idi?

- Mehmanla çərşənbə axşamı görüşdüm. Keçən dəfə məni buraxmamışdılar, bu dəfə buraxdılar. Məndən əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəlәri ilə görüşüb. Ümumilikdə, Mehman çox zəif idi. Elə bil yuxuluydu.

- Ayağındakı problemlər hələ də onu narahat edirmi?

- Ayağında o vaxtdan futbola getdiyinə görə tromb var, çıxma müddətinə az qalıb deyə gözləyir ki, çıxanda əməliyyat olsun.

- Hüquq müdafiəçiləri deyir ki, Mehman Hüseynov aclıq aksiyasını dayandırıb və yemək yeyir, süd və süd məhsulları qəbul edir, şorba yeyir. Mehman aclığının dayandırması haqda sizə nəsə deyibmi?

- Mehman mənə dedi ki, aclıq aksiyasını dayandırmamışam. Mən ona deyirəm ye, deyir yox. Deyirəm, sən öləndən sonra kimə lazımsan, mənə sənin ölün lazımdır? Mənə sən lazımsan. Çox şey aparmışdım yanına, deyirəm ye, yemir.

- Mehmanın saxlanma şəraiti ilə tanışsınızmı?

- Özüm görməmişəm, amma 3-4 nəfər bir yerdə qalırlar.

- Mehman sizinlə ona verilən əlavə ittihamla bağlı söhbət eləyibmi?

- Mehman deyir, heç kimlə dalaşmayıb, heç kimi vurmayıb. Mən təkəm, yaxşı yeriyə bilmirəm... Allah qoysa, martın 3-də onun məhkumluq müddəti başa çatır.

Bu barədə daha geniş