2019-cu ilin yanvarında əmək pensiyaları artırılacaqmı?

pensiya

Əmək pensiyalarının artırılması ilə bağlı hələ ki, prezident sərəncam verməyib.

Gözlənilir ki, bu ayın sonuna kimi prezident müvafiq sərəncam imzalasın və bununla da əmək pensiyaları və işləyən şəxslərin fərdi hesablarındakı vəsaitin indekslədirilərək artırılması baş tutsun.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında Sosial Sığorta və Pensiya Şiyasəti şöbəsinin müdiri Çingiz Əliyev BBC News Azərbaycancaya deyib ki, əslində indeksləşdirilmiş artım yeni hal deyil.

"Bu artım indiyə kimi, 2006-cı ildən 2017-ci ilin iyulun birinə kimi ölkədə istehlak qiymətlərinin illik indeksinə görə hesablanırdı. Yəni, artırılan məbləğ pensiyaların sığorta hissəsinin və bu gün işləməkdə davam edən şəxslərin fərdi hesabındakı pensiya kapitallarının inflyasiya faizinə görə indeksləşdirilib artırılırdı",- Çingiz Əliyev deyib.

Onun sözlərinə görə, 2017-ci ilin iyulun birində bu qanuna dəyişiklik edildi və artıq bu il ikinci il olacaq ki, indeksasiya əmsalı ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə görə, müəyyən ediləcək.

O, deyib ki, 2017-ci il iyulun birində qanuna dəyişiklik olduğu üçün ötən ilin yanvar ayında prezident sərəncam imzaladı və həmin sərəncama görə, 2017-ci il üzrə ölkədə orta aylıq nominal əmək haqqının illik artım tempi 5.7 faiz ifadə edildi.

"O göstəriciyə uyğun olaraq da, pensiyaların sığorta hissəsi və işləyənlərin fərdi hesabındakı qeydə alınmış pensiya kapitalı 4.7 faiz artırıldı. Yəqin ki, bu il də yanvar ayının sonuna kimi prezidentin müvafiq sərəncamı ilə artım olacağı gözlənilir".

"Sərəncam imzalananda müəyyən olunacaq ki, 2018-ci ildə respublikada orta aylıq əmək haqqında illik artım nə qədər olub və o göstəriciyə uyğun olaraq da qeyd etdiyimiz kimi pensiyaların sığorta hissəsi və sığorta olunanların fərdi hesabındakı kapital indeksləşdirilib artırılacaq",- Çingiz Əliyev sözlərinə əlavə edib.

O bildirib ki, prezidentin sərəncamı olduqdan sonra onların qurumu bu işin icrasına başlaycaq.

Bu barədə daha geniş