Mehman Hüseynovun atası: "Oğlum məktub yazmayıb, aclığı davam etdirir"

Rafik Hüseynov Fotonun müəllifi Turan.az
Image caption Rafik Hüseynov yayılan məktubu şübhəli hesab edir

Mehman Hüseynovun atası Rafik Hüseynov oğlunun heç bir məktub yazmadığını və aclığı dayandırmadığını deyib.

Cümə günü yerli mediada Mehman Hüseynovun aclıq aksiyasını dayandırdığı və onun özünün bu barədə məktub yazması barədə xəbərlər yayılıb.

Rafik Hüseynov belə məlumatların yayılmasından narahat olduğunu deyib.

Bloqçunun atası bu gün oğlu ilə görüşmədiyini deyir və yayılan məktubu şübhəli hesab edir.

Bloqçunun vəkili Şəhla Hümbətova BBC News Azərbaycancaya bildirib ki, ötən gün axşam saatlarına kimi Mehman Hüseynovun yanında olub və onun məktub yazaraq aclığı dayandırması barədə məlumatı yoxdur.

"Mən aclıq aksiyamı davam edirəm və heç bir akta da imza atmamışam",- Mehman Hüseynov vəkilinə bildirib.

Şəhla Hümbətova deyib ki, bu gün Mehman Hüseynovla heç bir vəkili görüşməyib.

Fransaya cavab

Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi də ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Désir-in nazir Elmar Məmmədyarova yazdığı məktuba cavab verib.

Cavabda ona vətəndaşı olduğu Fransada "nümayişçilərə qarşı istifadə olunan zorakılığı dəyərləndirməsi" tövsiyə olunub.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Désir öz məktubunda həbsdəki bloqqer Mehman Hüseynovun vəziyyətindən və sağlamlıq durumundan ciddi narahatlıq ifadə etmişdi.

Oxşar mövqeni Fransa Xarici İşlər Nazirliyi də səsləndirib.

Həbsdə olan video bloqçu Mehman Hüseynov azadlığa çıxmağına az qalmış yeni ittihamla üzləşib; o, həbsxana işçisinə xəsarət yetirməkdə ittiham olunur.

Mehman Hüseynov bu ittihama etiraz edib və aclıq aksiyasına başlayıb, vəkilləri bildiriblər. Vəkilləri onu da deyiblər ki, video bloqçu mədəsindəki ağrılara görə süd və süd məhsulları qəbul edir, ancaq aksiyasını dayandırmayıb.

Penitensiar Xidmət isə Mehman Hüseynovun aclıq aksiyasını dayandırdığını və səhhətinin normal olduğunu bildirib və əlavə edib ki, Azərbaycanda "siyasi məhbus" yoxdur, "konkret cinayət əməlinə görə həbs olunanlar var".

"Ökəni "sarı jiletli"lər aksiyası bürüdüyü vaxt..."

XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva BBC News Azərbaycancaya bildirib ki, rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, "Fransada nümayişçilərə qarşı zorakılığı" dəyərləndirsin.

"Fransa tərəfinin hazırda ölkəni "sarı jiletli"lər aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir: "Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanıb. Biz ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar",- Leyla Abdullayeva deyib.

O, ATƏT nümayəndəsinə "məsləhət görüb" ki, ölkəsindəki problemləri dəyərləndirsin: "Ona da məsləhət görürük ki, ölkəsində nümayişçilərə qarşı istifadə olunan zorakılığı dəyərləndirsin. Fransada nə baş verdiyini bütün dünya görür. Bütün bunlar Azərbaycana qarşı tətbiq olunan ikili standartın növbəti təzahürüdür",- Leyla Abdullayeva əlavə edib.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Désir-in Azərbaycanın xarici işlər nazirinə yazdığı məktubda vidoe bloqçunun tezliklə azadlığa buraxılması istənilir: "Dərin narahatlıq yaradan budur ki, bu insident indi, Mehman Hüseynovun 2019-cu ilin martında həbsxanadan azad edilməsinə az qalmış baş verib və ona qarşı yeni ittihamlar əlavə olaraq 7 il müddətinə azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Mən hakimiyyəti Hüseynova qarşı yeni cinayət ittihamlarını ləğv etməyə və onun özünü həbsxanadan mümkün qədər tez azad etməyə çağırıram", o, məktubunda bildirib.

Image caption Bloqçu Mehman Hüseynov

Mehman Hüseynov kimdir?

Həbs müddətinin bitməsinə bir neçə ay qalmış Mehman Hüseynova cəzaçəkmə müəssisəsinin işçisinə zor tətbiq etməklə bağlı yeni cinayət işi açılıb.

Həbsdə olan Mehman Hüseynovun bu ittihama etiraz olaraq dekabrın 26-dan aclıq aksiyası keçirdiyi bildirilib.

Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib.

O, Daxili İşlər Nazirliyinin şikayəti əsasında polisə "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə ittiham olunub.

Bloqçu bu ittihamları qəbul etməyib.

Onun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov isə hazırda siyasi mühacirətdədir.

2014-cü ildə RATİ-nin yerləşdiyi ofis "qanun pozuntuları faktlarına" dair, "vəzifə saxtakarlığı" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə Baş Prokurorluğun başladığı cinayət işinin gedişində möhürlənmiş, Emin Hüseynovun ölkədən çıxışına qadağa qoyulmuşdu.

Bundan sonra Emin Hüseynov 10 ay İsveçrənin Bakıdakı səfirliyinə sığınmalı olmuşdu. O, İsveçrə rəsmiləri ilə Azərbaycan hakimiyyətinin razılaşmasından sonra 2015-ci ildə ölkəni tərk etmişdi.

Bu barədə daha geniş