Bəzi məhbuslar Mehman Hüseynova görə "aclıq aksiyasına başlayır"

BBC

Həbsxanada olan keçmiş ictimai-siyasi fəallar video bloqçu Mehman Hüseynova dəstək üçün aclıq aksiyasına başladıqlarını bəyan ediblər.

2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, "heykəl məhbusu" kimi tanınan Qiyas İbrahimin anası Şura Əmiraslanova BBC News Azərbaycancaya bildirib ki, İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə və Elçin İsmayıllı bu gündən aclıq aksiyasına başlayırlar.

Şura Əmiraslanova deyib ki, onlar Mehman Hüseynovla bağlı vəziyyətin "bir gün onları da gözləyə biləcəyindən" narahatdırlar.

Penitensiar Xidmət isə onlara aclıq aksiyası ilə bağlı məhbusların ərizə ilə müraciət etmədiklərini bildirib.

Video bloqçu Mehman Hüseynov azadlığa çıxmağına iki ay qalmış yeni ittihamla üzləşib: o, həbsxana işçisinə xəsarət yetirməkdə ittiham olunur.

Mehman Hüseynov bu ittihama etiraz edib və aclıq aksiyasına başlayıb, vəkilləri bildiriblər. Vəkilləri onu da deyiblər ki, video bloqçu mədəsindəki ağrılara görə süd və süd məhsulları qəbul edir, ancaq aksiyasını dayandırmayıb, Penitensiar Xidmət isə Mehman Hüseynovun aclıq aksiyasını tamamilə dayandırdığını iddia edir.

İlkin Rüstəmzadənin atası Bakir Rüstəmzadə BBC News Azərbaycancaya söyləyib ki, İlkin Rüstəmzadə və digərləri aclıq elan ediblər.

"Hələ ki, aclıq barədə sosial şəbəkələrdən bilmişəm, amma məktubdakı imza həqiqətən İlkinə aiddir", atası deyib.

O, oğlu ilə görüş üçün də müraciət edəcəklərini əlavə edib.

Elçin İsmayıllının vəkili Elçin Sadıqov BBC News Azərbaycancaya deyib ki, aclıq aksiyası barədə məlumatı mətbuatdan alıb və müvəkkili ilə bu həftə görüşməyi planlaşdırıb.

Şura Əmiraslanovanın sözlərinə görə, onun oğlu Qiyas İbrahim və digər iki məhbus da aclıq aksiyasına qoşulacaqlar.

O deyir ki, oğlu onlara qarşı da ikinci ittihamın irəli sürülə biləcəyinin mümkünlüyünü söyləyib: "Qiyas dedi ki, Mehmanın vəziyyəti, o hal bizi də gözləyir, hamımızı gözləyir, ona görə də biz də bu aksiyaya qoşulacağıq", Şura Əmiraslanova əlvə edib.

Onun sözlərinə görə, Qiyas İbrahim aclıq aksiyasını müddətsiz tutacaqlarını bildirib.

"Heç kim aclıq etmir"

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə onların aclıq aksiyası keçirdiklərini təkzib edir. Qurumun sözçücü Mehman Sadıqov BBC News Azərbaycancaya deyib ki, onlar aclıq aksiyası ilə bağlı adıçəkilən şəxslərdən ərizə almayıblar.

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov BBC News Azərbaycancaya deyib ki, "heç kim aclıq etmir".

"Heç bir cəzaçəkmə müəssisəsində aclıq edən yoxdur. Bizə bu barədə müraciət edən olmayıb", o bildirib.

Bundan əvvəl bir neçə fəal Mehman Hüseynova dəstək olaraq Müsavat Partiyasının qərargahında aclıq aksiyasına başlayıb. Onlar həbsdə olan siyasi fəalların bəzilərinə qarşı yeni ittihamların irəli sürülməsinə etiraz edirlər.

Qiyas İbrahim və Bayram Məmmədov 2016-cı ildə narkotik maddələrin dövriyyəsində ittiham edilib və hər ikisinə 10 il həbs cəzası verilib. Onların mərhum prezident Heydər Əliyevin heykəli üzərinə cızılmış qraffiti ilə əlaqədar saxlandığı iddia olunub.

"Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadə 2017-ci ildə qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs edilib və 7 il azadlıqdan məhrum edilib.

Jurnalist Elçin İsmayıllı 2017-ci ildə həbs edilib və 9 il həbs cəzası verilib. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

İlkin Rüstəmzadə 2013-cü ildə həbs olunub. O, xuliqanlıq maddəsi ilə ittiham edilərək 8 il həbs cəzasına məhkum edilib.

Bu məhbuslar onlara verilən ittihamları qəbul etmirlər, həbslərini ictimai-siyasi fəaliyyətləri ilə əlaqələndirirlər. Beynəlxalq hüquq müdafiə təşkilatları onları "siyasi məhbus" kimi tanıyıb.

Mehman Hüseynov polisə böhtan atmaqda təqsirləndirərək 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib. O, bu ittihamı rədd edir. Mehman Hüseynov həbs müddətinin bitməsinə az qalmış ona qarşı açılan yeni ittihamlara etiraz edərək aclıq aksiyası keçirdiyini bəyan edib. Penitensiar Xidmət onun aclıq aksiyası keçirdiyini təkzib edərək bildirib ki, Azərbaycanda heç kim, o cümlədən Mheman Hüseynov ictimai-siyasi fəaliyyətə görə təqib olunmur.

Bu barədə daha geniş