Mehman Hüseynov üçün aclıq edən Tofiq Yaqublu: "İstəmirik insanları saxta ittihamlarla həbs etsinlər"

Artıq 4-7 gündür ki, bir neçə siyasi fəal həbsdəki video bloqçu Mehman Hüseynova dəstək üçün aclıq aksiyası keçirir.

Aclıq aksiyası keçirənlərdən Tofiq Yaqublu BBC News Azərbaycanca müxbirinə deyib: "İstəmirik insanları saxta ittihamlarla həbs etsinlər."

Video bloqçu Mehman Hüseynov 3 ildir ki, polisə böhtan atmaq ittihamı ilə həbsdədir. İndi o, yeni ittihamla üzləşib: bloqçu həbsxana işçisinə xəsarət yetirməkdə ittiham olunur.

Amma Mehman Hüseynov bu ittihamı qəbul etməyib və aclıq aksiyasına başlayıb, vəkilləri bildiriblər.

Hərçənd Penitensiar Xidmət onun aclıq aksiyası keçirməsini təkzib edir. Yaxınları da Mehmanın mədə ağrılarının qarşısını almaq üçün maye qidalar qəbul etidyini bildiriblər.

Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirənlər isə deyirlər ki, video bloqçu qida qəbul etsə də, onlar aksiyanı dayandırmayacaqlar.

Çünki onlar həm də həbsdə olan siyasi fəalların bəzilərinə qarşı yeni ittihamların irəli sürülməsinə etiraz edirlər.

Şəklin alt yazısı,

Rövşən Niftalızadə

Aclıq edən daha bir fəal AXCP üzvü Rövşən Niftalızadə deyib ki, "onlara saxta ittihamlarla cinayət işi qaldırıblar. Cinayət işinin qaldırılmasına görə də aksiya edirik".

Rusiyada yaşayan və vətənə qonaq gələn Natiq İsrafilli də aclıq aksiyasl keçirənlər arasındadır:

"İstəyirəm ki, Mehman da digərləri də azadlığa çıxsınlar. Siyasi məhbusların azadlıığa çıxmasın istəyirəm".

Tofiq Yaqublu deyib ki, aclıq aksiyası keçirənlər ancaq su içirlər. Arada bəzi yoldaşlarının vəziyyəti pisləşib, təcili yardım çağırmalı olublar, o əlavə edib.

O, tələbləri yerinə yetirilənədək aksiyaya davam edəcəklərini də deyib.

Azərbaycan hökuməti ölkədə siyasi məhbus olmadığını, siyasi fəaliyyətə görə heç kəsin təqib və həbs olunmadığını dəfələrlə bəyan edib.

Şəklin alt yazısı,

Müsavat partiyasının qərərgahında aclıq aksiyası keçirən siyasi fəallar