Azərbaycan: sabah və birigün bütün təhsil müəssisələrində dərslər dayandırılır, rəsmilər işəgötürənlərə müraciət edib

Bakıda qarlı hava Fotonun müəllifi AFP/Getty Images

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakıda gözlənilən hava şəraitini "ifrat təhlükəli" adlandırıb.

Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvarın 18-ə kimi olacaq hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib.

Müraciətə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.

Nazirliyin məlumatında o da bildirilib ki, küləyin gücü on bala kimi olduqda quruda aparılan tikinti işlərində çalışanların həmçinin dənizdə buruqda çalışanların işləri dayandırılmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BBC News Azərbaycancaya verilən məlumata görə, küləyin gücü altı baldan çox olduqda əksər işlər dayandırılır.

Qurumdan bildirilib ki, proqnozlaşdırılan 33-38 m/san gücündə olan küləyin isə sürəti 11-12 bal gücünə bərabərdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəyan edib ki, sosial sığınacaqlar gücləndirilmiş iş rejimində çalışacaqlar.

Sığnacağa 18 yaşından yuxarı olan evsiz, baxımsız, kimsəsiz şəxslərin yerləşdiriləcəyi və burada yataq, yemək və ilkin tibbi yardımla təmin olunacaqları bildirilib.

Fotonun müəllifi GERARD JULIEN/Getty Images

Hava şəraitinin kəskin dəyişəcəyilə əlaqədar bütün ali və orta təhsil müəssisələrində, o cümlədən uşaq bağçalarında iki günlük iş dayandırılır, təhsil naziri əmr verib.

Nazir Ceyhun Bayramovun imzaladığı əmrdə o da deyilir ki, tədrislə bağlı digər tədbirlər də təxirə salınır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, sabahdan yanvarın 18-nə kimi ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək.

Şiddətli şimal-qərb küləyinin əsəcəyi və və küləyin maksimal sürətinin arabir 38 m/s-yə çatacağı gözlənir.

Ötən günlə müqayisədə havanın temperaturu kəskin 10 dərəcə aşağı enəcək.

Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında sulu qar və qar yağacağı ehtimal edilir.

Həmçinin bax:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
London qar yağanda niyə bu qədər çarəsiz olur?

Bu barədə daha geniş