Azərbaycan Parlamenti insan haqlarını niyə müzakirə etmir?

Parlament Fotonun müəllifi Getty Images

Avropa Parlamenti cümə axşamı həbsdə olan video bloqçu Mehman Hüseynova yeni ittihamın irəli sürülməsi fonunda Azərbaycandakı insan haqlarının vəziyyətini müzakirə edib, həbsdəki "siyasi məhbusların dərhal azadlığa buraxılması" tələbilə qətnamə qəbul edib.

Hökumət rəsmiləri Mehman Hüseynova verilən yeni ittihamın onun ictimai-siyasi kimliyi ilə əlaqəsi olmadığını söyləyirlər. Video bloqçu isə ona böhtan atıldığını deyərək bu ittihamı rədd edir.

Avropa Parlamentindəki müzakirələrdən sonra BBC News Azərbaycancaya izləyiciləri sosial media saytlarında sual edib: Niyə bizim deputatlar insan haqlarını müzakirə etmir? Biz də bu sualla Fazil Mustafa və Səməd Seyidova müraciət etdik.

"Avropa Parlamentindəki bu son müzakirələr siyasi spekulyasiya xarakteri daşıyır", Milli Məclisin insan hüquqları komitəsinin üzvü Fazil Mustafa BBC News Azərbaycancaya deyir.

Fotonun müəllifi Azertag
Image caption Fazil Mustafa: "Əslində siyasi xarakterli məsələlər daha çox qabardılır, amma mülki hüquqlarla bağlı elə çox məsələlər, hüquq pozmaları var ki, bu arxa planda qalır"

- Fazil bəy, beynəlxalq qurumlar Azərbaycanda insan haqlarının vəziyyətini "rüsvayçı" kimi qiymətləndirir, onlarla ictimai-siyasi fəaliyyəti olan şəxslərin həbsxanaya salındığını, təqib edildiyini və ya ölkədən çıxışına qadağa qoyulduğunu bildirib. Azərbaycan parlamenti ölkədəki insan haqlarının vəziyyətini niyə müzakirə etmir?

- Azərbaycan parlamentində hansısa nöqsanlar, problemlər varsa, dilə gətirilir. Avropa Parlamentindəki bu son müzakirələr siyasi spekulyasiya xarakteri daşıyır. Konkret olaraq, biz də həbsdə olan şəxslərlə bağlı Azərbaycanın imicinin pozulmasının qarşısındayıq. Konkret hadisə ilə bağlı aydınlaşma olmadan belə bir qərar verilməsi açıq-aşkar Azərbaycana yönəlik bəhanələr silsiləsindən biridir. Bu olmasa, başqa bir bəhanə tapacaqdılar.

- Söhbət Avropa Parlamentindəki müzakirənin haqlı-haqsız olmasından getmir. Söhbət ondan gedir ki, Avropa Məhkəməsi hər il onlarla, yüzlərlə şikayət əsasında həm siyasi hüquqların, həm mülkiyyət hüquqlarının pozulmasına, ədalətli məhkəmə araşdırılmamasına görə Azərbaycan hökumətini cərimələyir.

- Əslində siyasi xarakterli məsələlər daha çox qabardılır, amma mülki hüquqlarla bağlı elə çox məsələlər, hüquq pozmaları var ki, bu arxa planda qalır. Əslində biz bu məsələləri gündəmə gətirməliyik ki, insanların mülkiyyət hüquqlarına, əmlakları ilə bağlı, sahibkarların qanunsuz yolla əmlaklarının zəbt olunması hallar var. Bu gün həbsxanalarda konkret siyasi fəaliyyətinə görə həbs edilən şəxs yoxdur.

Sadəcə ola bilər ki, bloqçu, jurnalist, ya başqa fəaliyyəti olanların fəaliyyəti hakimiyyət tərəfindən o qədər də xoşlanmadığından onlara qarşı hansısa addımlar atılıb, bəlkə də arzuolunandan daha sərt addımlar atılıb, amma bütövlükdə siyasi fəaliyyət anlayışını əhatə edən məhbus yoxdur. Belə bir vəziyyətdə mülki hüquqlarının pozulması halları daha çoxdur, bunun müzakirəsinə ehtiyac var. Avropa Məhkəməsindən də daha çox bu yöndə cərimə gəlir və ona görə də bunu müzakirə etməliyik ki, məhkəmələr bu praktikaya son qoysunlar və dövlət bu qədər vəsait ödəməli olmasın.

- Onlarla jurnalsit, ictimai-siyasi fəalın ya ölkədən çıxışına qadağa qoyulub, ya müxtəlif ittihamlarla həbs edilib. Yəni təkcə mülki hüquqlar deyil, siyasi hüquqların da pozulması halları var və biz də bu suala cavab axtarırıq ki, Azərbaycan parlamenti niyə insan haqlarını müzakirə etmir?

- Siyasi xarakterli işlər azdır, olsun 10, 15 iş. İkinci də ki, siyasi fəaliyyətə, tənqidi yazısına görə həbs edilən yoxdur axı. Hansısa partiya mənsubu, partiya lideri həbsdə deyil ki...

- Fazil bəy, özünüz vurğuladınız ki, bəzi məhkəmələrdə mülkiyyət hüquqları ilə bağlı ədalətli araşdırmalar olmur, çoxlu mülki hüquqlarının pozulması halları var. Belə olan halda, nədən hesab edirsiniz ki, müxtəlif ittihamlarla, sərhəddi qeyri-qanunsuz keçmə, yaxud ölkəyə bəyannaməsiz xarici valyita keçirmə, ya narkotik istifadəsi və satışı ittihamları ilə üzləşən siyasi-ictimai fəalların, jurnalistlərin məhkəmələrində tamamilə ədalətli, obyektiv araşdırma aparılıb? Yeri gəlmişkən, Avropa Məhkəməsinin bu tip ittihamlarla bağlı Azərbaycan hökumətini cərimələdiyi hallarda kifayət qədər çoxdur: ittihamın yetərincə sübuta yetirilməməsi, ədalətli məhkəmə araşdırmasının olmaması səbəbiylə...

- Elə cərimələr olub ey... Amma hazırda belə hallar yoxdur. Məsələn, Fransada 2 mindən artıq etirazçı həbsdədir. Onlar da siyasi məhbusdur də. Avropanın inkişaf etmiş ölkələrindən birində 2 mindən artıq siyasi məhbus varsa, deməli, bizdə 10-15 normal sayıla bilər. Amma məsələyə belə müqayisəli yanaşmaq doğru deyil. Əsas odur ki, Azərbaycan məhkəmələrinin qərəzlilik səviyyəsi yüksəkdir və onu ortadan qaldırmaq üçün Azərbaycan parlamentində müzakirə aparmalıyıq ki, bu təcrübəni azaldaq, Avropa Məhkəməsinə gedən şikayətlərin sayını minimuma endirək.

- Siz özünüz parlamentdə insan haqlarının müzakirəsinə təşəbbüs göstərmisinizmi?

- Əlbəttə, amma mən daha çox mülkiyyət münasibətlərinə diqqət yetirirəm, məhkəmələrdə yüzlərlə vətəndaşın pozulan hüquqlarını müzakirəyə çıxarıram. Amma parlamentin gündəliyində olması, hansısa qərarlar verilməsi üçün bu məsələlər əvvəlcə komitələrdə müzakirə edilməlidir. Burda da çoxluğun iradəsi fərqli bir mövqe ortaya qoyur. Ona görə də bizim problemin diqqətə gətirməkdən başqa yolumuz yoxdur, sayımız azdır.

"Kimsə sizə deyirsə ki, Azərbaycanda problem yoxdur, o ən azı səmimi deyil"

Fotonun müəllifi Azertag
Image caption Səməd Seyidov Avropa Parlamentindəki çıxışları "təxribat" adlandırıb

Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsinin rəhbəri Səməd Seyidov hesab edir ki, Avropa parlamenti Azərbaycandakı insan haqlarının vəziyyətini müzakirə etməklə ikili standarta yol verib: "Təəssüf olsun ki, Avropa Parlamentinin içərisində hələ də elə bir qrup mövcuddur ki, Azərbaycan - Avropa İttifaqının münasibətləri konstruktiv, xoşagələn tərzdə cərəyan etməyə başlayan kimi onlar bunun üstündən xətt çəkmək istəyirlər, gündəliyi dəyişməyə çalışırlar".

Səməd Seyidov deyir ki, bu, birinci dəfə deyil və "bu təxribat"dır. Onun sözlərinə görə, "bu təxribata əl atanlar" "istədikləri cavabı ala bilməyəcəklər", buna imkan verilməyəcək: "Azərbaycan parlamenti Avropa Parlamenti ilə öz əməkdaşlığını davam etdirir, Azərbaycan hökuməti ilə Avropa İttifaqı arasında əlaqələr yüksək səviyyədədir".

Fotonun müəllifi Azertag
Image caption BBC News Azərbaycancaya izləyiciləri sosial mediada səhifələrində sual edib: "Niyə bizim deputatlar insan haqlarını müzakirə etmir?"

Millət vəkili vurğulayır ki, Azərbaycanda insan haqları ilə bağlı çox işlər görülüb, söz azadlığı, toplaşma azadlığı var. Ancaq o deyir ki, "bütün ölkələrdə olduğu kimi" Azərbaycanda da insan haqları ilə bağlı problemlər var:

"Kimsə sizə deyirsə ki, Azərbaycanda problem yoxdur, o ən azı səmimi deyil. Ancaq Fransada adamları öldürürlər, küçələrlərdə onları dağıdırlar, minlərlə adamı türməyə salırlar. Hansısa beynəlxalq təşkilatda bunun müzakirəsini görmüsünüzmü? Yox. Amma Azərbaycanla bağlı vəziyyət dərhal müzakirə olunur", deyə deputat bildirir.

Səməd Seyidov əlavə edir ki, onlar hər hansı müzakirənin yox, "ikili standartların" əleyhinədirlər: "Problemlər mövcuddur, həlli yolları da bəllidir".

Hökumət tənqidçiləri bildirirlər ki, ölkədə fundamental insan haqları, o cümlədən söz və toplaşma azadlığı tez-tez pozulur, siyasi fəallar təqib olunur, müxtəlif cinayət ittihamları ilə həbs edilirlər.

Bu barədə daha geniş