Bakıda müxalifət mitinqi keçirilib - Şəkillər və video

mitinq

19 yanvarda Bakıda Məhsul stadionunda müxalifətin bloqçu Mehman Hüseynov və "siyasi məhbusların" azadlığa buraxılması tələbilə mitinqi keçirilib.

VİDEO açılmırsa, YouTube kanalımızda izləyin.

Mitinqi müşahidə edən müxbirimiz Cəmilə İbrahimova deyir ki, stadionunda girişində hamı yoxlanılır; ilk yoxlanışda çantaları, sonrakında isə metal detektoru ilə.

"Bir qız tibbi maska taxmışdı. Çıxarmağı dedillər, qız "tibbi maskadır" dedikdə, ona dedilər ki, "aç, üzün kameraya düşsün, sonra bağla", deyə müxbirimiz müşahidələrini bölüşür.

"İnternet yoxdur"

"İnternet yoxdur, mitinq başlamamışdan bir saat əvvəldən internet yoxdur", müxbirimiz deyir.

İştirakçılardan bəziləri müxbirlərimizə bildiriblər ki, onlar mobil internetin mitinq görüntülərinin anında paylaşılmaması üçün kəsildiyini güman edirlər.

Müxbirimiz deyir ki, mitinqdə yüzlərlə insan iştirak edib.

Mitinqdə "Mehman Hüseynova azadlıq", "Azərbaycan xalqına azadlıq", "İstefa", Siyasi məhbuslara azadlıq" kimi şüarlar səsləndirilib.

Demokratik Qüvvələrin Milli Şurasının təşkil etdiyi mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat, ReAl partiyalarının fəalları, eləcə də ReAl sədri İlqar Məmmədov, AXCP lideri Əli Kərimli, Müsavat partiyasının sədr müavini Tofiq Yaqublu iştirak edib.

Mitinq təxminən saat 3-də başlayıb və təxminən iki saat davam edib.

AXCP lideri mitinqdə təxminən 20000 insanın iştirak etdiyini deyib.

Bakı şəhər Baş Polis İdarəsi bəyanat yayıb

Bakı şəhər Baş Polis İdarəsinin mitinqdən sonra paylaşdığı bəyanatda deyilir ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqdə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

"Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib", məlumatda deyilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş