Müxalifətin mitinqinə Mehmana görəmi gəlmişdilər?

mitinq

Həftəsonu paytaxtın mərkəzində qadın salonundaydım, qəfil işıqlar keçdi. "Yəqin mitinqə görədir", salonun sahibi qaranlıqda keçən yarım saatdan sonra dedi. "Mitinq bitib", astadan dilləndim. Saçları boyaqda oturub işığın yanmasını gözləyən 40-50 yaşlarındakı qadın maraq göstərdi: "Nə mitinq?"

Cavab salonun sahibəsindən gəldi: "Mehmana görə bu gün mitinq vardı". "Mehman kimdi", müştəri marağını boğammadı. "O video bloqçu də, məmurların villalarını, nələri var, onu çəkirdi, həbs elədilər, ində də çıxmağa qoymurlar, 8 il həbs eləyiblər, ona görə mitinq eləyirdilər".

"Mehmana hələ bu ittiham üzrə həbs verməyiblər axı", deyə müdaxilə etmək istəyirəm ki, iki rusdilli qadının "Mehman" söhbəti "Bakı gözəl yerdi, amma heyf "zakon"lar işləmir" tezisinə, ordan da daha "dərin qatlara endi".

Oxşar hala bir neçə saat sonra rəfiqəmlə getdiyimiz kafedə rastlaşdıq, bizə qulluq edən ofisiant ya aramızdakı siyasi müzakirəni duymuşdu, ya nə idisə, qəfil yaxınlaşıb dedi ki, o da bu gün mitinqə getmək istəyib, amma işə görə çıxa bilməyib, gələn dəfə isə mütləq gedəcək və dostlarını da aparacaq.

Mitinqə niyə getmək istədiyini nə ofisiant dedi, nə biz soruşduq, amma məndə bir sual yarandı: adamlar mitinqə azadlığa çıxmağına ikicə ay qalmıış yeni ittihamla üzləşmiş, bu ittihamı aclıq aksiyası etirazı ilə qarşılamış Mehman Hüseynovun azadlığını istədikləri üçünmü gəlmişdi?

Ta 2000-ci illərin əvvəllərindən müxalifətin Bakıdan tutmuş bölgələrdəki icazəli-icasəsiz bir çox yürüşünü, mitinqini izləyən bir jurnalsit kimi ən azı müşahidəçi təcrübəm var: son vaxtlar müxalifətin təşkil etdiyi mitinqlərdə kütləvilik o qədər də diqqət çəkmirdi.

Hətta AXCP sədri Əli Kərimli ötən ilin aprelində, erkən prezident seçkisi ərəfəsində BBC News Azərbaycancanın efirində etiraf etmişdi ki, təşkil etdikləri mitinqlərin kütləvi olmadığını onlar da görürlər: "Biz də bilmirik ki, hansı mitinqdə geniş xalq kütləsi bizə qoşulacaq. Bunu hökumət də bilmir".

Amma 19 yanvar mitinqi əvvəlkilərə bənzəmirdi: axın-axın adam gəlirdi, meydana girmək üçün basabas belə yaranmış, adamların çoxluğu iştirakçıların təhlükəsizliyini yoxlayan polislərin də işini çətinləşdirmişdi.

Mitinq Bakıda bir futbol stadionunda idi, amma səsi bölgələrə qədər gedib-çıxmışdı. Mitinqə qatılmaq imkanı olmayanlar "onun necə keçdiyini" dost-tanışdan öyrənməyə çalışırdı.

Sosial media idarəçiliyi ilə məşğul olan tanışlardan biri bizimlə söhbətdə bildirir ki, Bakının Yasamal rayonunda yerləşən "Məhsul" stadioununda mitinq keçirilən gün sosial şəbəkələrdə vətəndaş fəallığı artmış, bəzi media qurumlarının aksiyadan hazırladığı video reportajların, ayrı-ayrı şəxslərin çəkdiyi kadrların izləmə sayı bir neçə milyonu aşmışdı.

"Uzun müddətdir biz sosial şəbəkələrdə müşahidə aparırıq, nə izlənir, izlənmə sayı necə dəyişir. Son 5 ildə müxalifətin mitinqləri bu qədər izlənməmişdi", həmsöhbətimiz qeyd edir.

Bəs nə baş verdi ki, eyni ldierlərlə eyni yerdə keçirilən mitinq özündən əvvəlkilərə bənzəmədi?

Adamlar Mehman Hüseynovamı görə o mitinqə gəlmişdilər? "Mitinq videolarında" yeni hansı mesaj vardı ki, bu qədər çox izlənirdi?

Üstəlik, müxalifyönlü insanlar iki il əvvəl Mehman Hüseynov həbs ediləndə ona verilən ittihamı qondarma saymışdılar, onun həbsini fəaliyyəti ilə əlaqələndirmişdilər.

Birinci ittiham bu qəzəbi doğurmadığı halda ikinci ittiham niyə bu qədər dəhşətli gəlsin adamlara? Qırmızı xəttmi ayaqlanıb? Yoxsa Mehman Hüseynov tarıma çəkilmiş əsəbin biruzəsi üçün, sadəcə bir qığılcım idi?

Fotonun müəllifi Alya Yaqublu

"Onun dirənişi insanlara bir növ nümunə oldu"

Müsavat partiyasının yetkilisi Alya Yaqublu son mitinqin əvvəlkilərə bənzəməməsini insanların hakimiyyətə ümidlərinin itirilməsində görür.

"Dəqiq ifadə eləsək, gözləntilər bitib", deyə o əlavə edir ki, böyük neft pulları ölkə iqtisadiyyatını bir müddət idarə etsə də, bir neçə il əvvəlki devalvasiyadan sonra yaranmış sosial problemlər bitmir və artıq "bu hakimiyyətin onu dəyişəcəyinə bəslənən ümidlər də puça çıxıb".

O düşünür ki, hakimiyyət apardığı siyasətlə "hər hansı köklü iqtisadi dəyişikliyə" getməyəcəyini", "cəmiyyət üçün yaxşılığa doğru planı" olmadığını göstərir və bu da "ildən-ilə azalan ümidləri dalana dirəyib".

Alya Yaqubluya görə, Mehman Hüseynovun aclıq aksiyasına başlaması xəbəri cəmiyyətin fəallaşmasına stimul verib: "Məhbəsdə siyasi məhbuslar çoxdur. Amma Mehman ikinci dəfə ədalətsiz ittihamla üzləşərkən, o dedi ki, əgər ölkədə proseslərin dəyişməsi üçün qurban vermək lazımdırsa, o, qurban olmağa hazırdır və aclığa başladı. Təbii ki, onun dirənişi insanlara bir növ nümunə oldu".

"İnsanlar küçələrə çıxdı ki…"

REAL sədri İlqar Məmmədov və siyasi məsələlər üzrə təhlilçi Azər Rəşidoğlu da təxminən eyni mövqeyi bölüşür: son mitinqin iştirakçıları daha çox öz problemlərini dilləndirmək üçün küçələrə çıxıb.

"İnsanlar öz haqlarını mövcud sistemlə, qanunlar, təsisatlar vasitəsilə təmin edə bilmirlər. Bu institutları, qanunları çalışdırmaq üçün onların küçələrə çıxıb dinc yolla etirazlarını bildirməsinə ehtiyac vardı", İlqar Məmmədov deyir.

REAL sədri hesab edir ki, bu aksiyanın təsiri təkcə Mehman Hüseynovun azadlığa çıxacağı ilə ölçülməyəcək, "bəlkə başqa təsirləri də oldu", deyə o əlavə edir.

"Bir qrupun narazılığı hamının hakimiyyət dəyişikliyi istəməsi demək deyil"

Mehman Hüseynovu geniş kütlənin tanımadığını deyən millət vəkili Zahid Oruc düşünür ki, mitinq meydanına "10-15 min adamın çıxması" müxalifətin "uğuru kimi" qiymətləndirilə bilməz.

"Hökumətdə çox böyük dəyişikliklər baş verib, struktur islahatları aparılırb, bunun müqabilində bəzi narazılılar ola bilər və bu aksiyaya qoşula bilərlər", o deyir.

Deputat xatırladır ki, 2015-ci il devalvasiyasılarından sonra yaranmış sosial problemlər fonunda sosial şəbəkələrdə "narazılıq ifadə edən" çoxlu rəylər görmək olardı, "hətta müxtəlif ərazilərdə müxtəlif hərəkətlənmələrə" səbəb olmuşdu, Zahid Oruc əlavə edir.

"Amma sosial narazılıq, hansısa iqtisadi prosesin gedişinin kimlərisə qane etməməsi, konkret əhali qruplarının problemləri bütün ölkədə hamının hakimiyyət dəyişikliyi istəməsi anlamına gəlməz", o deyir.

Zahid Oruc hesab edir ki, 19 yanvar mitinqi hakimiyyətin öz siyasətini daha uğurlu apardığını göstərmiş olur: "Əgər bu mitinqə deyilən kimi daha çox adam gəlibsə, demək, müxalifətin əvvəlki aksiyaları o qədər sönük olub ki, nisbət özünü dərhal göstərib".

Fotonun müəllifi A. Rəşidoğlu

"…ölkədə narazılıq var"

"Tribunadakı liderlərin" yüz minləri idarəetmək gücündə olmadığını deyən siyasi təhlilçi Azər Rəşidoğlu şənbə mitinqinin əvvəlikilərə nisbətdə "bir qədər izdihamlı" olmasını olkədə "sosial ədalətsizliyin", "məmur özbaşınalığının" artması ilə izah edir:

"İnflasiya nəticəsində ərzaq bahalaşır və insanlar tələbatlarını ödəyə bilmirlər, bunu hakimiyyət düşünməlidir ki, ölkədə narazılıq var və bu bu narazılığın başını ənənəvi müxalifətlə bir müddət qatmaq olar, ancaq uzun müddət başını qatmaq olmayacaq", o bildirir və ciddi islahatların aparılmasının vacibliyini vurğulayır.

Bu barədə daha geniş