Azərbaycanda övladlığa götürmə: dəyişiklər nə vəd edir?

Övladlığa uşaq götürmək Child adop Fotonun müəllifi Getty Images

Azərbaycanda övladlığa götürmə proseduru sadələşdirilir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iyunun 1-dən tətbiq edəcəyi yeni qaydalar nədir, qurumun şöbə müdiri Sabir Qocayev BBC News Azərbaycancaya bu barədə danışıb.

- Dekabrın 10-da prezident İlham Əliyev idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə" alt sistem yaradılıb.

Bu alt sistem bütün bu məsələnin həlli ilə bağlı vahid elektron informasiya sistemi olacaq. Bu prosesin iştirakçısı olan digər dövlət orqanları, yəni, Səhiyyə, Ədliyyə, Təhsil, Daxili İşlər Nazirlikləri, yerli icra hakimiyyəti orqanları həmin o vahid alt sistemdə uşaqlarla bağlı özlərində olan bütün məlumatları daxil edəcək.

Alt sistemə bilavasitə inteqrasiya olunmuş bir internet portalı da nəzərdə tutulub. Uşaq götürmək istəyən şəxslər o portala daxil olaraq, qeydiyyatdan keçərək uşaq götürməyə nə dərəcədə uyğun olub-olmadıqlarını qiymətləndirə biləcəklər. Biz çalışacağıq sistemi elə quraq ki, sənədləri aidiyyatı dövlət orqanlarından əldə edək. Yəni vətəndaş artıq sənəd toplamaq yükündən azad olacaq.

Uyğun gəldiyi təqdirdə vətəndaşla uşaq arasında qarşılaşdırma aparılacaq. Artıq kimsə gəlib mən uşaq istəyirəm desə, "hə, gəl, seç" prinsipi ilə deyil, hər bir uşaq üçün layiqli valideyn axtarılması sistemi ilə valideyn axtaracağıq.

Layiqli ailə və layiqli valideynlər arasında ən uyğun gələnini seçəcəyik. Burada uşaqların da seçim kriteriyaları olacaq. Eyni zamanda valideynlərin də kriteriyaları nəzərə alınacaq.

Qanunvericilikdə yaşla bağlı dəyişikliklər də olacaq. Valideyn namizədlərə qarşı qoyulan tələblər - evliliyin müddəti minimum və maksimum nə qədər olmalıdır, uşaqlarla valideyn arasında mümkün yaş fərqi və digər amillər nəzərə alınacaq.

Məcəllə dəyişikləri ilə bu kriteriyalar da yenilənəcək. Bundan başqa, əlilliyi, ya nisbətən böyük uşaqların, o cümlədən, bacı-qardaş, iki qardaş, iki bacının övladlığa götürülməsi az-az hallarda rast gəlinir. Biz həmin uşaqların da övladlığa götürülməsinin stimullaşdırmaq üçün dəstəkləyici mexanizmlər üzərində iş aparırıq.

- Valideynlər üçün nəzərdə tutulan prioritetlər dəyişir, yoxsa yenilənir?

- Valdeyn olmaq istəyən şəxslərin xəstəliklərlə bağlı dəyişiklər var. Müəyyən xəstəliklər var ki, onların daşıyıcılarına uşaq verilmir. Bu xəstəliklərin siyahısına bir daha baxıla bilər. O cümlədən, təkcə valideyn olmaq istəyən şəxs yox, ailənin digər üzvlərinin də müəyyən xəstəlikləri olarsa, bu zaman uşağın ailəyə verilməsi məhdudlaşdırıla bilər.

Analoji yanaşma məhkumluqla da bağlıdır. Valideyn namizədin indiki qanunvericiliklə ağır cinayət törətməsi ilə bağlı məhkumluğu varsa, ona uşaq verilmirdi. Yeni yanaşmada həm də uşağın getdiyi ailədə ağır cinayətə görə məhkum olunmuş şəxs varsa, həmin evə uşağın verilməsi məsələsinə baxacağıq.

Ola bilsin ki, bu məsələdə uşağın verilməsini məhdudlaşdıracağıq.

Yeniliklərdən biri də xəstəliklərin siyahısından əlillik zəmininin çıxarılmasıdır. İndi birinci və ikinci qrup əlilliyi olan şəxslər övladlığa uşaq götürə bilməzlər. Bu, BMT-nin əlilliyi olan şəxslərlə bağlı Konvensiyasına uyğun gəlmir. Ona görə də bu, həmin şəxslərə qarşı diskriminasiya olduğu üçün yeni qaydalardan bunu çıxaracağıq.

Ən önəmli yeniliklərdən biri də uşaq verildikdən sonra monitorinqdir ki, 18 yaşına qədər həmin uşağın üzərində nəzarət olacaq. Belə deyək də, uşaq götürmək istəyən şəxslərlə kompleks iş aparılacaq.

Həmin şəxslər təlimlərə cəlb olunacaq. Müəyyən kurslar var, hazırda materiallar müəyyənləşdirilir. Kursların sonunda dəyərləndirmələr olacaq. Bu qiymətləndirmə nəticəsində hər bir valideynin balı olacaq. Həmin bal sistemdə qeydə alınacaq.

Sonra da qarşılaşdırmada müəyyən bal toplamış şəxs hər hansı uşağa uyğun gəlirsə, uşaq həmin şəxsə veriləcək. Təbii ki, burada uşaqların da seçimi nəzərə alınacaq, bu tipdə kompleks və tamamilə şəffaf bir sistem qurmağa çalışırıq və bu məsələ ilə bağlı işimiz hələ çoxdur.

- Uşaq götürməyə çalışanlar prosesin müddətinin uzunluğundan şikayətçidirlər.

- İndiki prosedurda vətəndaşlar üçün bir qədər anlaşılmaz, qaranlıq məqamlar çoxdur. Bilirsiniz ki, qeydiyyat hazırda üç qurumda aparılır. Üç yaşına qədər uşaqlar üçün səhiyyə müəssisəsində, 3 yaşdan yuxarı təhsil müəssisələri, xarici övladlıqla bağlı isə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğul olur.

Bundan sonra, bütün qeydiyyat məsələləri ilə işlər bizim nazirlik tərəfindən sırf informasiya sistemləri üzərindən aparılacaq. Hazırda maksimum elektronlaşdırılmış şəkildə, real vaxt rejimində və digər qurumlarla inteqrasiya şəraitində işləyəcək bir sistemin yaradılması üzərində iş gedir.

- Yəni valideynlər əvvəlki kimi illərlə gözləməyəcək?

- Hələlik sözügedən sistem formalaşsın, valideyn himayəsindən məhrum olub qalımış uşaqlar o sistemə inteqrasiya olunsun. Sistem qoşulduqdan sonra isə hər bir şəxs artıq girib orada yeni qanunvericiliyin tələblərinə uyğun olaraq, mövcud tələblərə cavab verib-vermədiyini yoxlaya biləcək.

Ondan sonra həmin valideynlərlə müsahibələr aparılacaq. Hələ ki, mexanizm üzərində iş gedir.

- Tək analara, tək atalara, evlənməmiş şəxslərə məhdudiyyətlər varmı, olacaqmı?

- Məhdudiyyət yox, bu artıq seçim məsələsidir. Təbii ki, onlar da uşaq götürə bilərlər. Belə bir məhdudiyyət yoxdur. Uşaq götürən şəxs qanunvericiliyin qoyduğu tələblərə uyğun gələcəksə, övladlığa uşaq götürə bilər. Nazirlik də o uşağın orada qalmasına nəzarət edəcək.

- Övladlığa hansı yaşda uşaqları götürürlər?

- Elə uşaqlar var ki, onları götürmək istəyən daha çoxdur. Bu sağlam və körpə uşaqlardır.

Bacı-qardaş, iki bacı, iki qardaş və digərləri nisbətən daha az götürülmək istəyən uşaqlar kateqoriyasıdır. Biz bir də çalışacağıq ki, bütün uşaqlar müəssisələrdə qalmasınlar, maksimum ailə mühitində böyüsünlər.

İlk hədəfimiz uşaqları öz bioloji valideynləri ilə birləşdirməkdir. Araşdırıb valideynləri tapa bilsək, bunun üçün həmin valideynlərə psixoloji və məşğulluq məsələlərində dəstək olmaq, nazirliyin mexanizmləri ilə uşaqların xərclərinin müəyyən qismini qarşılamaq istəyirik. Amma bunlar hələlik təkliflərdir.

- Yeni sistem işə düşənə kimi övladlığa uşaq verilməsi prosesi dayandırılacaqmı?

- Proses hələ ki, köhnə qayda ilə davam edir. Alt sistem işə düşdükdən sonra bizim sistem üzərindən aparılacaq. Biz, hələlik, qanunvericiliyin təkmilləşdirilməsi və sistemin qurulması ilə məşğuluq.

Bu barədə daha geniş