Cəzaçəkmə müəssisəsində Qiyas İbrahimova təzyiq olubmu?

Qiyas Ibrahimov Fotonun müəllifi RAMİN DEKO
Image caption Yaxınları Qiyas İbrahimova qarşı cəzaçəkmə müəssisəsində təzyiq edildiyindən narahatdırlar.

Bakının mərkəzində Heydər Əliyevin heykəlinə şüar yazması ilə tanınan və narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunaraq on ill müddətinə həbs edilmiş Qiyas İbrahimovun yaxınları onun vəziyyətindən narahatdırlar.

Qiyas İbrahimovun anası Şura Əmraslanova BBC News Azərbaycancaya deyib ki, oğlu məhbus yoldaşları ilə birgə Mehman Hüseynov və digər məhbuslar üçün aclıq aksiyası keçirib və buna görə təhdidlərlə üzləşib.

"Qiyasa qarşı təziqlər edilib ki, aclıq aksiyası etmə, o da deyib ki, bu mənim haqqımdır. Təzyiqləri cəzaçəkmə müəssisəsinin rəhbərliyi edir",- deyə Şura Əmraslanova iddia edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov ittihamlara cavab olaraq bildirib ki, cəzaçəkmə müəssisəsində kim hər hansı qanuna zidd hərəkət edirsə onun qarşısı alınır.

"Orada yüzlərlə məhkum saxlanılır nə üçün heç kimə qarşı təxribat olmur, ancaq həmin adı çəkilən şəxsin adı hallanır? Xeyr, heç bir təxribatdan söhbət gedə bilməz. Nə də hər hansı bir qərəzli münasibət var. Sadəcə olaraq həmin adama daxili intizam qaydalarına rəayət etmək tövsüyyə olunub",- Mehman Sadıqov deyib.

"Ailəsi müraciət etməyib"

Ədliyyə Naziri yanında İctimai Komitənin koordinatoru Səadət Bənənyarlı bildirib ki, onlarda Qiyas İbrahimova təzyiqlər olması barəsində məlumat yoxdur.

"Onun ailəsindən hər hansı bir müraciət almamışıq. Ailəsindən müraciət alan kimi onun yanına gedəcəklər. Mətbuatda gedən məlumatlarda nəsə olur, sonra mən zəng edib soruşuram deyirlər elə bir şey yoxdur. Müraciət olan halda biz gedib məhbusa baş çəkirik",- Səadət Bənəniyarlı deyib.

Səadət Bənənyarlı onu da deyib ki, bundan əvvəl Mehman Hüseynova baş çəkmələrinin səbəbi onun yaxınlarından müraciət almaları olub.

"Telefondan istifadə etmək hüququndan istifadə etməsinə icazə verməyiblər. Hər dəfə gedəndə deyiblər ki, telefon işləmir. Bir dəfə gedəndə Qiyas görüb ki, kimsə danışıb çıxır. Deyib ki, necə olur ki kimsə danışıb çıxır mən gələndə telefon işləmir?",- anası Şura Əmraslanova deyir.

Penitensiar Xidmət rəsmisi isə bildirib ki, "qanunvericiliyə uyğun qaydada rejimindən asılı olaraq məhkumlar və həbs edilmiş şəxslər telefonla danışmaq hüququna malikdirlər. Onlar bütün hüquqlarından istifadə edirlər o cümlədən adı çəkilən şəxs (Qiyas İbrahimov-red.)".

...məhkumların məktubları senzuradan keçirilə bilər

Şura Əmraslanova iddia edir ki, oğluna qarşı təxribat etmək istəyiblər, amma o bunu anlayıb və oradan uzaqlaşıb.

Qiyas İbrahimovun anası deyib ki, "aclıq aksiyası etdiyi altı gün ərzində ona qarşı çoxlu haqsızlıqlar olub".

"Bir dəfə görüşdə Qiyas evə məktub yazmışdı və mənə verdi gətirməyə, məktubu mənim əlimdən aldılar",- Şura Əmraslanova bildirib.

Penitensiar Xidmətin nümayəndəsi deyib ki, cəzaçəkmə müəssisəsində məhkumların məktubları senzuradan keçirilə bilər və tam qanunidir.

Mehman Sadıqov əlavə edib ki, "Müəssisənin müdriyyəti tərəfindən atılan addımda qanuna zidd heç bir əməl yoxdur. Bütün məktublar qanunvericiliyə uyğun olaraq senzuradan keçirilir".

Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsi məktublara nəzarət edir və müvafiq aktlar tərtib olunur.

Qiyas İbrahimov kimdir?

NİDA hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov 2016-cı il mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanıblar.

Fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunublar. Onlar 10 il azadlıqdan məhrum ediliblər.

"Amnesty International" təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu "vicdan məhbusu" elan edib və onların azadlığa buraxılmasını tələb edib.

Hakimiyyət təmsilçiləri isə bildirirlər ki, onlar konkret cinayət əməlinə görə cəzalandırılıblar.

Bu barədə daha geniş