Azərbaycanda zəlzələ: xəsarət almış bir nəfər reanimasiyadadır

zəlzələ Fotonun müəllifi seismology.az
Image caption Fevralın 5-dən 6-na keçən gecə İsmayıllı, Şamaxı və Masallıda, eləcə də Xəzər dənizində yeraltı təkanlar qeydə alınıb

"Zəlzələ nəticəsində xəsarət alan şəxslərdən biri reanimasiyadadır, vəziyyəti normaldır, qalan hər şey yaxşıdır", Şamaxı Rayon İcra Hakimiyyətinin sektor müdiri Təbriz Qəniyev deyib.

O, BBC News Azərbaycancaya bildirib ki, hazırda hadisə yerində komissiya işləyir.

"Hər şey qaydasındadır. Zəlzələnin vurduğu zərəri aydınlaşdırmaq və ortaya çıxmış fəsadların aradan qaldırılması üçün təşkil olunmuş komissiya hadisə yerindədir".

Çərşənbə axşamı və çərşənbəyə keçən gecə baş vermiş zəlzələ nəticəsində Şamaxının dağ kəndlərində dağıntılar olub, xəsarət alanlar var.

Zəlzələ nəticəsində İsmayıllıda 1, Şamaxıda isə 4 məktəbin binasında xırda çatlar yaranıb, Təhsil Nazirliyi məlumat yayıb.

Qurum bildirib ki, hazırda məktəblərdə davamiyyət nisbətən zəif olsa da, dərslər davam edir.

Şamaxı Rayon İcra Hakimiyyətinin sektor müdiri Təbriz Qəniyev BBC News Azərbaycancaya deyib ki, zəlzələdən yüngül xəsarət alanlar olub, amma ölüm halları baş verməyib.

Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, İsmayıllı rayonunda yerin 8 kilometrliyində baş vermis zəlzələ episentrdə 6, ətraf bölgələrdə 5-3 bala qədər hiss olunub.

Həmin vaxt ölkənin müxtəlif məntəqələrində, o cümlədən Xəzər dənizində fasilələrlə bir neçə zəlzələ baş verib.

Fotonun müəllifi FHN
Image caption Zəlzələ nəticəsində Şamaxının bəzi yerlərində evlərdə uçqun olub

Şamaxı Rayon İcra Hakimiyyətinin sektor müdiri Təbriz Qəniyevin sözlərinə görə, xəsarət alanların vəziyyəti normaldır:

"Zəlzələ vaxtı küçəyə çıxanlardan kimsə ayağını, qolunu zədələyib və ya həyəcandan təzyiqi qalxıb. Həmin adamlara ilkin tibbi yardım göstərilib. Vəziyyət nəzarət altındadır",- Təbriz Qəniyev deyib.

Onun sözlərinə görə, Talışnuru, Nağaraxana, Qəleybuğurd kimi dağ kəndlərində əvvəlcədən qəzalı olan tikililərdə fəsadlar qeydə alınıb.

"Yeraltı təkanlar dağ kəndlərində və şəhərin özündə daha çox hiss olunub. Bəzi dağ kəndlərində 10-15 tikilidə dağıntılar olub. Dağıntılar arasında evlər, tövlələr və hasarlar var", icra hakimiyyətinin rəsmisi bildirib.

Təkanların hiss olunduğu İsmayıllı rayonunda isə ciddi fəsadlar qeydə alınmayıb.

İsmayıllı rayonu İcra Hakimiyyəti Başçısının müavini Rövşən Ağayevin BBC News Azərbaycancaya dediyinə görə, zəlzələnin episentri rayonunun Sulud kəndi ərazisində qeydə alınsa da heç bir dağıntı olmayıb.

"Nə xəsarət alan, nə də qəza qeydə alınmayıb",- Rövşən Ağayev bildirib.

O bildirib ki, rayon fövqəladə hallar komissiyası əvvəlcədən qəzalı vəziyyətdə olan evlərdə və tikililərdə çatlar əmələ gəlməsini qeydə alıb, amma dağıntı yoxdur.

Bu barədə daha geniş