Azərbaycanda hökumət sərt siyasətini yumşaldırmı? Etirazlardan sonra verilmiş 5 qərar

Azərbaycanda etirazla qarşılanan bəzi məsələlər sonradan öz müsbət həllini tapıb.
BBC News Azərbaycanca son vaxtlar diqqət çəkən və öz müsbət həllini tapan etirazlar və onlardan sonra verilən qərarları toplayıb.
Birdəfəlik ödəniş ala bilməyənlərin etirazı
Prezident İlham Əliyev Qarabağ müharibəsində yaxınını itirmiş bütün ailələrin 11 min manatlıq vəsaiti alacağını bildirib. O deyib ki, bəzi ailələr illər oncə müəyyən vəsait alıblar, amma indi verilən 11 min manatla müqayisədə bu, cüzi məbləğ olub.
- Əli Kərimli: "25 ildir adam yerinə qoyulmamaq - hər kəs yorulub"
- Aydın Mirzəzadə Mehman Hüseynov barədə suallarımıza cavab verir
İlham Əliyev qanunla bu ailələlərə artıq müavinət düşməli olmadığını, amma bunun "ədalətli həll olmadığını" söyləyib və deyib ki, 3 min yaxın ailənin müavinət məsələsi "ədalətli həllini tapmalıdır".
O, bu məqsədlə 135 milyon manat ayrıldığını bildirib.
Prezidentin Qarabağ müharibəsində yaxınını itirmiş ailələrə 11 min manatlıq birdəfəlik ödənişin verilməsi ilə bağlı fərmanından sonra 3 minə yaxın ailə bu siyahıdan kənar qalmasına görə Prezident Adminstrasiyasının, Milli Məclisin qarşısında aksiyalar keçirmişdilər. Sonuncu aksiyada saxlananlar da olmuşdu.
Mehman Hüseynova verilən ikinci ittihama xitam verilməsi
Video bloqçu Mehman Hüseynov Daxili İşlər Nazirliyinin şikayəti ilə polisə "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə həbs olunmuşdu.
Həbsdən çıxmasına iki ay qalmış Mehman Hüseynova qarşı yeni ittihamlar irəli sürülüb. O, cəzaçəkmə müəssisəsinin işçisi olan zabitə qarşı zor tətbiq etməkdə təqsirləndirilib.
Ona qarşı irəli sürülən bu ittihamı rədd edən Mehman Hüseynov dekabr ayının 27-də aclıq aksiyasına başladığını bəyan etmişdi.
Bundan sonra Avropa Parlamenti yanvarın 17-də "Mehman Hüseynovla bağlı təcili qətnamə" qəbul etmişdi.
Bəzi ictimai-siyasi fəallar da Mehman Hüseynova dəstək məqsədilə aclıq aksiyası keçirmiş, bir sıra müxalif qüvvələr yanvarın 19-da Bakıda mitinq keçirmişdi. Mitinq müxalifətin son aksiyalarından kütləviliyinə görə fərqlənmişdi.
Yanvar ayının 22-də isə Azərbaycan Prezidenti Mehman Hüseynovun işi ilə bağlı cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini ölkənin baş prokuroruna tövsiyə edib.
Baş Prokurorluq bu tövsiyyədən sonra Mehman Hüseynova verilən ikinci ittihamla bağlı cinayət işinin icraatını ləğv edib.
Barelyef etirazı
Yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəzulzadənin Bakının Novxanı kəndində yaşamış olduğu evin divarında 1992-ci ildə vurulmuş barelyefinin yoxa çıxması qəzəblə qarşılanmışdı.
Sonradan məlum olmuşdu ki, barelyef oğurlanıb, bu zaman narazılıq barelyefin niyə yenisi ilə əvəz olunmamasına yönəlmişdi.
- Rəsulzadə Türkiyədən niyə getdi?
- Azərbaycan Xalq Cümhuriyyəti, yoxsa Azərbaycan Demokratik Respublikası?
Novxanı bələdiyyəsi tez bir zamanda oğurlanmış və parçalanmış barelyefi yenisi ilə əvəz etsə də, bu dəfə onun üzərindəki mətn söz-söhbətə səbəb olub. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri və Milli Müsavat Partiyasının banisi olaraq təqdim edilib.
Amma sosial media istifadəçiləri yazıblar ki, 1918-cü ildə qurulan dövlətin adı Azərbaycan Xalq Cümhuriyyəti, beynəlxalq adı isə Azərbaycan Demokratik Respublikası olub.
Bundan sonra Novxanı bələdiyyəsi yeni barelyef hazırlatdırıb və Məhəmməd Əmin Rəsulzadənin kim olduğunu burda göstərməyib. Belə təqdimat da etirazlarla nümayiş olunur, ancaq Novxanı bələdiyyəsindən BBC News Azərbaycancaya bildiriblər ki, artıq düzəliş olmayacaq.
Güzəştli mənzilin birinci satışında etiraz
Əhalinin mənzil təminatını yaxşılaşdırmaq üçün həyata keçirilən layihələrdən biri olan Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) 2018-ci ilin may ayında 260 mənzili satışa çıxardı. Ancaq satış prosesi şəffaflıq ittihamı ilə kütləvi narazılıqla müşayiət olundu.
Bundan sonra MİDA satışın nəticələrini ləğv elədi.
İkinci satışdan sonra da narazılıq yaşandı, ancaq bu dəfə satış baş tutmuş sayıldı.
İxtisara etiraz
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə "Azərenerji" ASC-yə göstəriş verib.
Ötən ilin dekabrında bir qrup şəxs bu qurumda tutduğu vəzifəsindən azad olunması ilə bağlı Mehriban Əliyevaya məktubla müraciət edib.
Azərtac xəbər verir ki, araşdırma nəticəsində həmin şəxslərin struktur dəyişikliyi nəticəsində ixtisara düşdüyü bəlli olub.
Mehriban Əliyeva məsələnin işçilərin əmək hüquqlarının bərpa olunması şərti ilə operativ həllinə və onların müvafiq işlə təmin olunmasına dair göstəriş verib.