Novxanı bələdiyyəsinin sədri: "Məhəmməd Əmini kim tanımır ki?"

Məhəmməd Əmin Rəsulzadə Rəsulzadənin barelyefi Novxanı Rəsulzadənin ev muzeyi Fotonun müəllifi Şahin Tağıyev

Novxanı Bələdiyyəsinin sədri Şahin Tağıyev Məhəmməd Əmin Rəsulzadənin oğurlanmış xatirə lövhəsinin yerinə asılmış barelyeflə bağlı açıqlama verib.

"Biri dedi Xalq Cümhuriyyəti olmalıdır, biri dedi Demokratik Cümhuriyyət olmalıdır. Biri dedi ki, Xalq Cümhuriyyətinin qurucularından biridi, digəri dedi yox, qurucusudur. Biz də bu söz-söhbəti kəsmək üçün belə yazmağa qərar verdik", Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev Məhəmməd Əmin Rəsulzadənin oğurlanmış xatirə lövhəsinin yerinə asılmış barelyeflə bağlı deyir.

BBC News Azərbaycancaya danışan bələdiyyə sədri bildirir ki, yeni xatirə lövhəsini asarkən "hətta müxalifyönlü şəxslərlə" də məsləhətləşib.

"Müxtəlif adamlardan soruşdum. Mənə belə məsləhət gördülər, elə yazdırdım, bu dəfə də dedilər yox, belə səhvdir. Mən də bu sual-cavabdan qaçmaq üçün dedim ki, Məhəmməd Əmini kim tanımır ki?"

Şahin Tağıyev deyir ki, Məmməd Əmin Rəsulzadənin "titullarını yazmaq üçün üç dənə o ölçüdə barelyef gərəkdir". Ona görə də qısa yazmağı üstün tutublar.

O, əlavə edir ki, barelyef yenidən dəyişdirilməyəcək.

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin barelyefi yerli mediada yazılan xəbərlərə görə ötən həftə doğulduğu evin divarından oğurlanıb. Onu oğurlayan iki nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.

Xatirə lövhəsinin oğurlanmasına sosial media istifadəçilərinin etirazından sonra, həmin yerə yeni barelyef qoyulub.

Lakin qoyulmuş barelyefin üzərindəki məlumatlar yazılarkən yanlışlara yol verildiyi üçün abidə təkrar dəyişdirilib.

Bu dəfə isə barelyefin üzərində sadəcə Rəsulzadənin adı və neçənci ildə doğulması əks olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş