İlham Əliyev: "İş yerləri ixtisar olunmamalıdır"

İlham Əliyev Fotonun müəllifi President.az

Çərşənbə axşamı "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda prezident vurğulayıb ki, bölgələrdə bir çox iş yeri açılıb, qeyri-neft sektorunun inkişafına dəstək verilib.

Prezident deyib ki, dövlət strukturlarında aparılan islahatlar, "sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə" yönəlib.

"Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır", o vurğulayıb.

"Yerli icra orqanları diqqətli olmalıdırlar"

İlham Əliyev deyib ki, yerli icra strukturları "yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər".

"Bütün dövlət məmurları - Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər", cənab Əliyev deyib.

O əlavə edib ki, yerli icra strukturları həll edə bilmədikləri problemlər barədə mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, onlar məsələni operativ həll etsinlər.

"Dördüncü proqram xahişlər əsasında formalaşıb"

İlham Əliyev deyib ki, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının tərkibi, əsasən, yerlərdən gələn xahişlər nəticəsində formalaşıb.

"Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb, çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşıb", o bildirib.

Özünüməşğulluq layihəsi "böyük ümidlər" verir

O, özünüməşğulluq proqramının icrasının "böyük ümidlər" verdiyini deyib. Prezident əlavə edib ki, bu il 7 min ailə bu proqramla əhatə olunacaq.

"Baxarıq, imkan olarsa, daha çox ailə bu proqramla əhatə olunacaq. Beləliklə, hələ ki, iş tapa bilməyənlər özünüməşğulluq hesabına ailə büdcəsini təmin edəcəklər".

İlham Əliyev Azərbaycan nadir ölkələrdəndir ki, öz sahibkarına, öz fermerinə "bu qədər diqqət göstərir" deyib.

O, sahibkarlardan daha böyük nəticələr gözlədiyini dilə gətirib: "Gözləyirik ki, onlar bundan sonra da ölkə iqtisadiyyatına öz töhfələrini verəcəklər".

Yeni xalça fabrikləri tikiləcək

Prezident deyib ki, indiyə qədər 20 xalça fabriki işə salınıb və hər fabrikdə xüsusilə qadınlar üçün orta hesabla 100, yaxud 150 iş yeri yaradılıb.

"Mən fabriklərin əksəriyyətinin açılışlarında iştirak etmişəm və görmüşəm ki, buna nə qədər böyük ehtiyac var.

Bu, qadınları işlə təmin etmək, qədim milli sənətimizi yaşatmaq üçün çox düşünülmüş bir addımdır. Bütövlükdə isə bizdə 31 xalça fabrikinin tikilməsi nəzərdə tutulur və burada təqribən 5 minə yaxın iş yeri açılacaq".

İlham Əliyev əlavə edib ki, bu il Sumqayıt şəhərində əyirici-boyaq fabrikinin açılışı gözlənilir və bundan sonra xalça istehsalında xarici xammaldan asılılıq aradan götürüləcək.

Dövlət başçısı deyib ki, iplik və hazır tekstil fabriklərinin tikilməsinə də ehtiyac var.

"Bizdə iplik fabrikləri var. Verilən məlumata görə, tədarük edilən pambığın təxminən 50 faizi artıq Azərbaycanda emal olunur və bu, əlavə dəyər yaradır".

Ancaq potensialın daha böyük olduğunu vurğulayan prezident, ölkədə pambıq istehsalının artdığını deyib və sahibkarların iplik fabriklərinin tikilməsinə ciddi yanaşmasını tövsiyə edib.

Bu barədə daha geniş