Mərkəzi bankın sədri Elman Rüstəmov: “Azərbaycanda devalvasiyadan danışmaq qeyri-ciddidir”

Elman Rüstəmov Fotonun müəllifi Azertag

"Azərbayсanda devalvasiya haqqında danışmaq bir qədər qeyri-ciddidir. Həm cari ilə, həm də orta müddətli dövrə olan bütün proqnozlar makroiqtisadi sabitlik üzərində qurulub".

Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rustəmov cümə günü keçirilən mətbuat konfransında deyib.

"Bu gün Azərbaycanda cari ildə makroiqtisadi sabitliyi təmin etmək üçün istənilən qədər resurs və imkan var. 2019-ci il makroiqsadi vəziyyət baxımından 2018-ci ilə oxşayır. İlk ildir ki, fiskal qaydalar fəaliyyət göstərir. Bu il Azərbaycan valyuta bazarına 6,8 milyard dollarlıq transfert daxil olacaq. Neftin qiymətinin Azərbaycan iqtisadiyyatına təsiri əhəmiyyətli dərəcədə neytrallaşdırılıb. Cari il ortamüddətli bütün parametrlər makroiqtisadi sabitlik, aşağı inflyasiya, dayanıqlı məzənnə ideologiyası üzərində qurulub", - o qeyd edib.

"Belə şəraitdə hansı devalvasiyadan danışmaq olar?"

Cənab Rüstəmov ötən ilin inflyasiya göstəricilərinə də toxunub:

"2017-ci ili təxminən 13 faizə yaxın inflyasiya ilə yekunlaşdırmışdıq, 2018-ci ilin sonunda isə bu, təxminən 2.3 faizə düşmüşdü. İnflyasiyanın belə aşağı olmasında həyata keçirilən monetar siyasətin, məzənnə dayanıqlığı siyasətinin xüsusi rolu olub".

"Azərbaycan Dövlət Neft Fondunun aktivləri 3 milyard dollar artıb. Keçən il də çox proqnozlar verilirdi ki, manat ucuzlaşacaq, devalvasiya olacaq. Biz həmişə deyirik ki, fundamentallara baxın. Əgər ilin sonunda fundamentallar 3.5 milyard dollarlıq profisitdirsə, belə şəraitdə neftin qiyməti orta olaraq 70 dollar olaraq formalaşıbsa, belə şəraitdə hansı devalvasiyadan danışmaq olar?"

Fotonun müəllifi CBAR.AZ

Qonşu ölkələrin Azərbaycana təsiri

Elman Rüstəmov qonşu ölkələrdə baş verən maliyyə problemlərinin Azərbaycana təsirindən danışıb:

"Aprel və avqust aylarında başlıca ticarət tərəfdaşlarımız olan qonşu ölkələrin milli valyutalarında çox ciddi dəyişikliklər baş verdi. Bu, Azərbaycana da həm psixoloji, həm digər kanallarla təsir göstərdi, lakin ümumilikdə fundamental xarakter daşımadı".

"Deyirlər ki, ən amansız vergi inflyasiyadır. İnsanlar hər gün kassa aparatları qarşısında dayanıb, qiymətlər vasitəsilə bu vergini ödəyirlər", - cənab Rüstəmov deyib.

Elman Rüstəmov qeyd edib ki, prezident İlham Əliyev 2019-cu ildə və ortamüddətli dövrdə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin dərinləşdirilməsi, onun dayanıqlığının artırılması ilə bağlı tədbirlər planının hazırlanması üçün Nazirlər Kabinetinə göstəriş verib və sözügedən tədbirlər planının layihəsi artıq hazırdır.

Əmanətlərin sığortalanması davam edəcəkmi?

"Azərbaycanda "Əmanətlərin tam sığortalanması haqqında" qanunun qüvvədə olma müddəti artırıla bilər", - Elman Rüstəmov deyib.

Sözügedən qanun bank əmanətlərinin üç il müddətində tam sığortalanmasını nəzərdə tuturdu. Bu müddət isə 2019-cu ilin fevral ayının sonunda başa çatır.

O bildirib ki, "bu üç il müddətində bank sektorunda bütün lazımi işlər görülüb başa çatmalı idi, lakin bu işlər bitməyib".

"Hesab edirəm ki, bir qədər də vaxt lazımdır ki, bu işlər görülüb qurtarsın. Buna görə də, bu qanunun müəyyən müddətə uzadılması məqsədəuyğun olardı", - o deyib.

Cənab Rüstəmov qeyd edib ki, bu qanun "ölkədə maliyyə sabitliyinin qorunması üçün vacib rol oynayıb və oynamaqdadır" və qanunun müddətinin uzadılması istiqamətində müzakirələr aparılacaq.

Fotonun müəllifi REPORT.AZ

200 manatlıq əskinaslar haradadır?

Elman Rüstəmov 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasına baxmayaraq, tez-tez rast gəlinməməsinin səbəblərindən biri kimi "kölgə iqtisadiyyatı"nı göstərib .

"Bunun bir səbəblərindən biri odur ki, bu əskinaslardan əmək haqqı və pensiya səviyyəsinə görə bankomat sistemində istifadə olunmur. Digər səbəbi isə kölgə iqtisadiyyatıdır. Kölgə iqtisadiyyatı əlində olan nəğd pulları rəsmi dövriyyəyə çıxarmır. Buna görə də bu pulun dövriyyəsi bizim düşündüyümüzdən azdır. Yoxsa təxminən 50 faiz - 10 dəfə çox ola bilərdi".

Cənab Rüstəmov söyləyib ki, 200 manatlıq əskinaslar bu gün pul dövriyyəsinin beş faizini, yəni 400 milyon manat təşkil edir.

Bu barədə daha geniş