Freedom House: "Azərbaycan Cənubi Qafqazda yeganə "azad olmayan" ölkədir"

polis
Image caption Foto-Arxiv

Azərbaycan Freedom House təşkilatının 2019-cu il hesabatında "azad olmayan" dövlətlər sırasında göstərilib.

Siyasi hüquqlar və mülki azadlıqlara həsr olunan hesabatda Azərbaycan həmçinin Cənubi Qafqazda yeganə "azad olmayan" ölkə kimi qiymətləndirilib.

Rəsmi Bakı Freedom House-ın bundan əvvəlki hesabatlarını "qərəzli" hesab edib və ölkədə bütün insan haqlarının müdafiə edildiyini bildirib.

Vaşinqtonda mənzillənən təşkilatının "2019-cu il dünya ölkələrində azadlığın vəziyyəti" haqqında hesabatında Azərbaycanın 11 xal topladığı deyilir. Ermənistan 51, Gürcüstan isə 63 xal əldə edərək "qismən azad" ölkələr siyahısında yer alıb. Ermənistan bu il 6 xal irəliləyib. Bu irəliləmənin Ermənistan prezidenti Nikol Paşinyanın qələbəsindən sonra baş verən dəyişiklərlə əlaqəli olduğu qeyd edilir.

Sənəddə yazılır ki, siyasi hüquqlar və vətəndaş azadlıqları göstəricilərinə görə, Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan geriləyib, Ermənistan irəliləyib. İran və Rusiya isə eyni göstəricilərdə qalıb.

Hesabatda deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev "müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalar, dövlət resurslarından sui-istifadə və həqiqi siyasi opponentlərin təqibi yolu ilə" "növbəti prezidentlik dönəmini təmin edib".

Azərbaycan hakimiyyəti ölkədə media və vətəndaş cəmiyyəti azadlıqlarının qorunduğunu və siyasi opponentlərinə qarşı hər hansı repressiya aparılmadığını bildiriblər.

Prezident İlham Əliyev keçən il Davosda bildirmişdi ki, Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir.

"Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır", prezident Əliyev vurğulamışdı.

Ötən ilin aprelində keçirilən erkən prezident seçkilərindən sonra MSK-nın nəticəsinə görə, səslərin təxminən 85 faizini qazanmış İlham Əliyev andiçmə mərasimində seçkinin tam ədalətli və obyektiv keçdiyini, rəqiblərinin onu "sərt tənqid etdiyini" bildirmişdi.

"Hesabat qərəzlidir"

Prezident yanında Əfv Komissyasının üzvü Əliməmməd Nuriyev hesabatı "qərəzli" sayır.

"Freedom House-un Azərbaycana qarşı bir çox məsələlərdə tutduğu mövqe o qədər də obyektiv hesab edilə bilməz. Bir çox hallarda qərəzli mövqedə yanaşır. Azərbaycanda əlbəttə ki, problemlər var, amma bu, o səviyyədə deyil ki, Azərbaycan azad olmayan ölkələr siyahısında yer alsın".

Cənab Nuriyev deyir ki, "əgər Azərbaycanda hüquq və azadlıqlar qorunmasaydı, Azərbaycan bir sıra dünya reytinqlərində mövqeyini yaxşılaşdıra bilməzdi".

Əliməmməd Nuriyev Freedom House təşkilatının Azərbaycanla bağlı məlumatlar hazırlayan mənbəyinin dəyişməsini, bir neçə fərqli mənbələrə əsaslanmasını istəyir.

"Əsas məsələ odur ki, təşkilat hansı mənbələrlə işləyir. Bu mənbələr heç vaxt açıqlanmır. Görünən ondan ibarətdir ki, Freedom House-a verilən informasiyaların mənbəyinin özündə problem var və bu problemlər istər-istəməz onun qiymətləndirməsinə təsir göstərir. Azərbaycanın daxilində də ölkəyə qərəzli olduğunu hər zaman nümayiş etdirən insanlar var. Onlar belə qurumları özlərinin yalnış informasiyası ilə təmin edirlər, nəticədə belə qiymətləndirmə alınır".

"Təəccüblü deyil"

Media hüququ üzrə təhlilçi Xalid Ağəliyev Azərbaycanın beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarında "adətən son yerlərdə olmasını təəccüblü" hesab etmir.

"Azərbaycanda media sahəsini diqqətdə saxlayan biri kimi, hər hansı müsbət tendensiyanın şahidi olmamışam. Əksinə, əvvəlki problemlər daha açıq şəkildə davam edir. Məsələn, hər hansı bir etiraz aksiyasından sonra onlarla müxalifgörüşlü şəxslərin həbsi kimi olaylar təbii ki, geriləməni stimullaşdıran amillərdir", o deyir.

Cənubi Qafqaz ölkələrinin hesabatdakı statusunu şərh edən Cənab Ağəliyev Gürcüstan mediasının reklam gəlirlərindən söz açır.

"Gürcüstanda elə qəzetlər var ki, aylıq reklam gəliri yüz min dollarla ölçülür. Azərbaycanda isə ümumilikdə medianın reklam bazarı yüz minə gəlib çıxmır. Yəni, vəziyyət bu dərəcədə pisdir".

Xalid Ağəliyev güman edir ki, Ermənistanda ötən il baş vermiş siyasi proseslər zamanı medianın daha sərbəst davranması, medianın baş verənləri obyektiv işıqlandırmasına hökumətin müdaxilə etməməsi onların siyahıda irəliləməsinə səbəb olub.

Freedom House-un hesabatında 195 ölkə qiymətləndirilib. Onlardan 86-sı azad, 59-u qismən azad, 50-si azad olmayan ölkə siyahısında yer alıb.

Təşkilat qeyd edir ki, dünyada 13 ildir ki, demokratiyanın tənəzzülü davam edir.

Bu barədə daha geniş