Azərbaycan: Minimum əmək haqqı 180 manat oldu

minimum əmək haqqı 180 manat oldu

Prezident İlham Əliyev fevralın 8-də imzaladığı sərəncamla minimum əməkhaqqının məbləğini 180 manat müəyyən edib. Sərəncam 2019-cu ilin martın 1-dən qüvvəyə minəcək.

Sənəddə həmçinin Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bu sərəncama uyğunlaşdırmaq tapşırılır.

Minimum əmək haqqının məbləği 50 manat, yəni 38,5 faiz artırılıb.

Hazırda minimum aylıq əməkhaqqının məbləği 130 manatdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, minimum əməkhaqqının artımı "birbaşa olaraq 600 minədək insanı" əhatə edəcək.

"Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım olacaq.

Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək".

Nazirlikdən bildiriblər ki, son 15 ildə Azərbaycanda əmək haqları 7, minimum əmək haqları isə 6,5 dəfə artırılıb.

"İşçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qanunla qadağandır", nazirlikdən bildiriblər.

Ötən ay keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov verdiyi açıqlamada 2018-ci ilin sonunda inflyasiyanın "təxminən 2.3 faizə" düşdüyünü bildirib.

Bu barədə daha geniş