"Danışanda susdururlar, heç milçəyin də xətrinə dəymək olmaz"- BBC müxbirinin Ağcabədi müşahidələri

Ağcabədi

İki həftə əvvəl etirazların olduğu Ağcabədidə hər şey sakit görünür, amma bizimlə danışan insanlar gileylidir. Bahalaşmadan, işsizlikdən, yol problemi, məmur və polis özbaşınalığından...

Bizimlə danışan sakinlərdən biri deyir ki, cəmi bir həftə ərzində bir un kisəsinin qiyməti 8 manat artıb. O, mal ətini 11-12 manata, qoyun ətini isə 12-13 manata alır.

Meyvə-tərəvəzin bahalı olmasından isə rayonda demək olar ki, hamı şikayətçidir.

"Almanı 1-1.5 manata, bananı 1.70-2.70 manata alırıq. Bakıda buradan ucuzdur. Niyə?", - sakinlərdən biri soruşur.

BBC News Azərbaycancanın müxbirləri ilə söhbətləşən sakinlərin çoxu rayonda işsizlik problemindən danışır.

"Adamın varsa, işin var, adamın yoxdursa, yox", sakinlərdən biri məyusluqla danışır.

"Ancaq taksi sürücüsü və fəhlə işləyə bilirik, onda da qəpik-quruş var. Dolanmaq olmur"...

Dövlət Statistika Komitəsinin məlumatına görə, Ağcabədidə 2017-ci ildə 364 nəfər işsiz statusu alıb, 70 nəfər işsizliyə görə müavinət alıb. 2018-ci il üzrə isə rəqəmlər hələ açıqlanmayıb.

"Prezident gələnə yaxın asfaltladılar"

Ağcabədinin mərkəzində asfalt örtüyünü kəskin dağılmış görürük. Yolun çox hissəsi palçıq içərisindədir. Taksi sürücüsü deyir ki, bir neçə il əvvəl prezidentin rayona səfəri ərəfəsində yolu yeniləsələr də, "asfaltın ömrü çox çəkməyib".

"Prezident gələnə yaxın tələm-tələsik yolu asfaltladılar. Yağış yağdı, dağıtdı. Hələ bura yolun ən yaxşı hissəsidir", sürücü deyir.

Prezident İlham Əliyev 2017-ci ildə Ağcabədiyə səfəri zamanı deyib ki, "Növbəti illərdə Ağcabədidə kənd yollarının tikintisi davam etdiriləcək. Bir neçə kənd yolu layihəsi icra edilib və gələn ildə də nəzərdə tutulur".

İlham Əliyev 2018-ci ildə Ağcabədinin bir neçə kəndinin yol tikintisinə 8 milyon manat pul ayrılması barədə sərəncam da verib.

Avşar kəndi

Maraqlısı odur ki, Ağcabədinin mərkəzdən kənar hissələrində, hətta bəzi kəndlərində asfalt örtüyü şəhərin mərkəzindən daha yaxşı vəziyyətdədir. Belə kəndlərdən biri də Avşar kəndidir.

Sakinlər deyir ki, kəndin bir hissəsində olan "yaxşı asfalt örtüyünü" orada yaşayan bir neçə xeyirxah kənd sakininə borcludurlar. Onlar yolu öz hesabına çəkdiriblər.

Avşar kəndinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır, amma görüb-eşitdiklərimizdən belə anlaşılır ki, indi nə iş tapmaq olur, nə də əkin-biçinlə məşğul olmaq.

Yanvarın 20-də Ağcabədi sakinləri bahalaşma, sosial problemlər və işsizliyə görə icra hakimiyyətinin yaxınlığında etiraz aksiyası keçiriblər.

Sosial şəbəkələrdə etirazların Avşar kəndinin sakinlərindən başlandığı deyilirdi. Yayılmış video görüntülərdə yüzdən çox insanın toplaşdığı görülürdü.

Söhbətləşdiyimiz sakinlər deyir ki, məsələ əslində bir sahibkara qarşı qoyulan qadağadan başlayıb və insanlar onu müdafiə etmək üçün toplaşıblar.

Rusiyaya gedib-gələn bir sahibkar işlətdiyi kafenin yanında əlavə tikili tikmək istəyib, amma buna yerli qurumlardan icazə çıxmayıb, bizə danışanlardan biri deyir. İddialara görə, tikintiyə icazə verməli olan memar sahibkara deyib ki, "hesab verməsən, heç nə tikə bilməzsən".

Müsahiblərimizdən biri deyir ki, məsələdə bir növ "anlaşılmazlıq olub" və Ağcabədi İcra Hakimiyyətinin başçısı məsələni həll edib, həmin sahibkar da istədiyi tikilini tikir.

Həmyerliləri də buna görə toplaşıb onun hüquqlarını müdafiə etməyə başlayıblar, "bundan sonra tikiliyə icazə verilib, həmin adam isə çıxıb Rusiyaya gedib".

Ağcabədi rayon İcra Hakimiyyətindən məsələyə münasibət almaq mümkün olmayıb.

"Heç milçəyin də xətrinə dəymək olmaz"

Kənddəki problemlərdən danışan başqa bir müsahibimiz isə məmur özbaşınalığından gileylənir. "Danışanda susdururlar, heç milçəyin də xətrinə dəymək olmaz".

"Burada çox təbliğat aparıblar, vətəndaşların dilini kəsiblər. Ağcabədi rayonunda müəyyən məmurlar var ki, onlarla ayaqlaşmaq olmur, kiminsə cibinə narkotik atır, tutdurur, pul yığırlar".

Digər həmsöhbətimiz isə onun dediklərini təsdiq edir : "Hüquqlarımızı müdafiə edə bilmirik deyə bu vəziyyətə düşmüşük".

"Rusiya olmasa..."

Kənddə qadınlar çox "gözə dəymir. Əslində, heç kişilər də bir o qədər çox görünmür. Rəsmi rəqəmlərə görə 6406 nəfər əhalisi olan kənddə bir boşluq müşahidə olunur.

Qarşımıza çıxan gənclər deyirlər ki, onlar hər il mart ayında qazanc dalınca Rusiyaya gedirlər, oktyabrda isə kəndə qayıdırlar. Deyirlər ki, Rusiyada qazandıqlarını gətirib "kənddə yeyirlər".

"Kəndin hamısı Rusiyadadır. Bu dəqiqə ora getsən, orada azərbaycanlı burdan çoxdur. Rusiya olmasa, Allaha and olsun, Azərbaycan acından ölər", - gənclərdən biri söyləyir.

Həmsöhbətimiz kənddə iş imkanlarının olmadığından, əkin sahələrinin isə satılıb-bitdiyindən şikayət edir. O deyir ki, buna görə hamı kənddən qaçmağa çalışır, gələn il isə "hamı kənddən çıxacaq".

Müsahibimizin yanımızdakı qohumu da söhbətə qatılır. Dediyinə görə, üç aydır kəndə gəlib, Rusiyada qazandığı puldan beş min manat xərcləyib, amma bir manat da olsa qazanmayıb.

"Bir söz var ki, acından günorta dururuq, biz bekarçılıqdan günorta dururuq", - o deyir.

Bu barədə daha geniş