"Xomeynini Humeyradan ayıra bilməyən camaatın cəhalətindən istifadə etdilər" - İrandan Azərbaycana qaçmış azərbaycanlının hekayəsi

iran, islam inqilabı, şah Fotonun müəllifi Getty Images

XX əsrin ən mühüm hadisələrindən biri hesab olunan İran İslam İnqilabının 40-cı ilində Babək Muğanlı BBC News Azərbaycanca ilə şah dövründə İrandakı həyat, İran İslam İnqilabı zamanı şahidi olduğu hadisələr və öz həbsi ilə bağlı xatirələrini bölüşür. Onunla BBC News Azərbaycanca müxbiri Aygül Mehman danışıb.

İnqilaba aparan yürüşlər başlayır...

O illəri xatırlayanda gözümün önünə insanların necə sevincli olması gəlir. Ancaq o vaxt bilmirdik ki, bu inqilabdan 40 il sonra nələr olacaq.

Mən uşaq idim. Yaxşı yadımdadır, yaşadığımız şəhərdə hər gün nümayişlər olurdu. Məktəbdən çıxıb ora gedirdik. Bir çoxumuz inqilabın nə olduğunu bilmədən yürüşə qoşulmuşduq. Üstəlik, özümüz də tərəkəmə, şahsevən olduğumuza görə, çox məlumatımız yox idi.

Üstəlik, Xomeyninin adını belə bilmirdik. Bilmirdik ki, o kimdir, nəçidir? O vaxta kimi ya kənarda, yaxud da evdə danışarkən onun adını eşitməmişdim.

O vaxtlar İranda Humeyra adlı tanınmış müğənni vardı. Xomeynini tanımayanlar ona ya Humeyni, ya da Humeyra deyirdilər. Xomeynini Humeyradan ayıra bilmirdi camaat.

Yaşadığımız kiçik şəhərlərdə isə Xomeyninin adı heç qulağımıza dəyməmişdi. O, təxminən, 1955-ci ildə hərəkətə keçmişdi ki, oradan da İraqa sürgün olunmuşdu.

İnqilab ərəfəsi - 1978-ci ilin axırları idi. Bir prokuror qohumumuz vardı. Bir dəfə o və başqaları yığışdılar bizə ki, bəs Xomeyni gəlir. Onlar da "Kommunist" və "Tudə" partiyalarından idilər.

Şəhər mərkəzində polis idarəsi vardı. Uşaq idim, təşkil olunmuş yürüşdə mənim də əlimə bir bayraq verdilər. Getdik polis idarəsinin qarşısına, orada silahları gördüm. O vaxta kimi ancaq cəllad əlində silah görmüşdüm. Qorxdum.

Şəhərimizə İranın hər yerindən savadlı adamlar, mühəndislər gəlmişdilər. Bundan başqa, İsraildən, Fransadan, Koreyadan gələn müxtəlif işləri görən adamlar vardı. Amerikalılar da çox idi. Hamısı inqilab ərəfəsində yoxa çıxdılar. Nə baş verdiyini bilmirdik.

Bir neçə ay keçdikdən sonra partiyalar ayrıldı. Təşkilatlar yarandı, "Tudə", "Xalq Mücahid Partiyası" üzə çıxdı. İndi bunların hamısı xatirədir. Günlərlə, aylarla danışsan, bitməz.

"Hakimiyyətə gəlməyəcəm"

Fotonun müəllifi Babək Muğanlı
Image caption 2006-cı ildə Azərbaycandan siyasi sığınacaq almış mühacir Babək Muğanlı

Sonra Tehrana getdik. Orada 1980-ci ildə indiki İnqilab meydanından Firdovsi meydanına kimi yolun hər iki tərəfində kitab satılırdı. Yəni hər şey azad idi. 1979-81-ci illərdə açıq bazarlar vardı.

Ondan sonra bunlar başladılar camaatın beyninə dini nəsnələr yeritməyə. Hətta mən o vaxtkı qəzetlərin bəzilərini indi də saxlayıram. Yazırdılar ki, "imam sabah gəlir", "imamın uçağı dayandı" və. s.

Xomeyninin qarşısında dayanmağa o vaxt heç kimin cürəti çatmırdı. Hakimiyyəti dini xarakteri daşısa da...

Lakin o, Fransadan yeni gələndə deyirdi ki, mən hakimiyyətə gəlməyəcəm, prezident olmayacam. "Ümumiyyətlə, heç bir axund, heç bir molla hakimiyyətə gəlməyəcək, prezident olmayacaq".

Ancaq sonradan bütün verdiyi vədlərin əksini etdi.

Şah dövründə

Rza Şah o vaxt İranı atasından təhvil alanda ölkə xaraba idi, heç nə yox idi. Onların hər ikisinin İran qarşısında həm də böyük xidmətləri olub.

İçəridə siyasi təşkilatları boğmaq, onları edam etmək, sürgünə göndərmək, həbsə atmaq bunlar da var idi, ancaq bundan kütlənin xəbəri yox idi. Arxa pərdədə Şah nə cinayətlər edirdi, bizim bundan xəbərimiz olmurdu, amma İran inkişaf edirdi.

İran həmişə dindar ölkə olub. O vaxt Şah dövründə, bizdə məscidlərdə dindarlar namazlarını qılırdılar, biz dəstə ilə məscidə gedirdik.

Hansısa bir gənc araq satılan yerə - meyxanaya araq içməyə gedirdisə, ətrafa baxardı ki, görsün bir ağsaqqal bunu görürmü? Bunu da böyüklərdən ayıbdır deyə edirdilər, qorxudan yox. Fərq isə heç kimin bir-biri ilə işinin olmamasında idi.

O vaxtlar yağ qabları var idi, Tehranda böyük bir ərazidəki evlər həmin o hələbi qablardan tikilmişdi. Sistan-Bəlucistanda haray salırdılar ki, "heç nəyimiz yoxdur" - "su, işıq, qaz yoxdur" deyirdilər. Şah böyük şəhərlərə yetişmişdi, böyük şəhərlər gülüstan idi. Kiçik şəhərlərdə isə işsizlik vardı, çətinlik vardı.

O vaxt fəhlə 100 tümən alardı, indi maaş 100 min qat artıb. Ancaq indi fəhlə 1 milyon tümən də alsa, ailəsini dolandıra bilmir. O vaxt kasıblıq da vardı. Ancaq həm də ucuzluq idi. Dövlət nə qiymət qoyurdusa, malların üstündə də o qiymət olmalı idi. Şah dövründə insanların aldığı maaş onlara çatırdı. İndi bir ailədə yeddi nəfər işləyir, lakin yenə də dolana bilmir.

Fotonun müəllifi Babək Muğanlı
Image caption Babək Muğanlı İran İslam İnqilabı zamanı təşkil olunmuş yürüşdə

Çoxluq bilmirdi ki, nə üçün inqilab edir?

İnqilabdan əvvəlki İranda narkotikə çatımlılıq bu qədər asan deyildi. Hazırda molla rejiminin hakimiyyəti altında İranda narkotik istifadəsi geniş yayılıb. İnstitutlarda da var, hətta məktəblərə qədər gəlib, çatıb. Bu dəqiqə İranı tanımayan istənilən xarici narkotik almağa gəlsin, həmin şəxs dörd yol ayrıclarında, meydanlarda kimdən soruşsa, 15 dəqiqə ərzində İranda narkotik tapa bilər.

Bir boş araq şüşəsinə görə altı ay bir gün həbs cəzası var, üstəlik səksən şallaq və cəriməsi də öz yerində.

Bizdə araq satılan yerə meyxanə deyərdilər. Yadımdadır ki, onların hamısını tökdülər kanala, bağladılar, daşladılar, dağıtdılar.

İnqilab deyildi bu, şuriş - cahilcəsinə atılmış addım idi. İnqilabın bir kitabçası olar, bir tarixçəsi olar. Nə etdiyini anlamayan insanlar birdən-birə ayağa qaldırıldı.

Xomeyni gələndə də onu çıxartdılar aya. Biz Xomeyninin şəklini ayda görürdük. Ayın üstündəki kölgələrə baxıb deyirdik ki, o saqqalıdır, o bığıdır...

Yəni cəhalət bu qədər baş alıb gedirdi. Şaha etiraz edənlər arasında savadlı kəsim də vardı təbii ki. İnqilabdan sonra Xomeyni hamısının "kökünü kəsdi".

Məhdudlaşdırılan azadlıqlar...

1980-81-ci illərdə qadağalar başladı. Meyxanalar hamısı bağlandı. Camaat məcbur oldu hicaba bürünməyə. Məktəblərdə, institutlarda islami təşkilatlar yarandı, orada da azadlıqlar məhdudlaşdırıldı.

Söz azadlığı vardı İranda. Onun qarşısı alındı.

1981-ci ildə müxalifləri kütləvi şəkildə edam etdilər. Xalq Mücahidlərini də o cümlədən.

"Tudə" Partiyasının və digər bütün təşkilatların üzvlərini gətirdilər televiziyaya. "Azad danışıq" adlı verilişdə onları məcbur etdilər "biz 40 ildir Şurəviyə (Sovet Hokumətinə-red.) qulluq, İrana xəyanət etmişik" desinlər.

Hətta o vaxt bir məsəl vardı: "Moskvada yağış yağanda Tehranın kommunistləri zontik (çətir-red.) götürürlər".

Yəni, bütün azad nəsnələrin - toplaşma, ifadə, mətbuat azadlıqlarının qarşısını almağa başladılar. Qəzet-jurnal, televiziyaları bağladılar.

Yadımdadı, Tehran Universitetinin qabağı boyunca - təxminən 1 kilometrlik ərazidə kitab satılırdı. Bir gündə töküldülər, əllərində çomaqla, vurub o kitabların hamısını dağıtdılar. Bir kitabı salamat buraxmadılar.

Bütün kitabxanaları odladılar. İslam dini, şiə dini, şiə əqidəsi adı altında bütün insanların azadlıqlarını əllərindən aldılar.

Hicab məcburiyyəti

Şah dövründə əmr verilmişdi ki, valilər, icra, hakimləri, bələdiyyə rəisləri əhali qarşısına ailəsiylə birgə başıaçıq çıxmalıdırlar.

Bu da bizim üçün çətin idi. Ancaq şah zamanında hicabını saxlayan rəiyyətə təzyiq yox idi. Məcburi deyildi baş açmaq. Mənim anam ölən gününə kimi hicablı idi. Bacılarım da elə.

O zaman biz qızlı-oğlanlı 9-cu sinifə kimi birlikdə, bir sinifdə oxuyurduq, başını örtən də vardi, başı açıq olan da. Heç kimə "niyə başını örtüb məktəbə gəlmisən" deyən də yox idi.

Məcburi hicaba keçid başladı. 1981-82-ci illərdə məktəbdən çıxan qızların hamısı qara çadraya büründü. İnqilab keçikçiləri də yolu ikitərəfli bağlayardılar ki, gənclər gəlib o qızlara baxmasın. Ta ki, qızlar məktəbdən çıxıb evə gedənə kimi. Sonra hicablar min formaya düşdü, ay çənəyə kimi olmalıdır, ay ayaqlar göründü, ay ayaqları olmalıdır - bu kimi hərtərəfli qadağalar başladı.

Qadınlar

Şah qadınlara seçki azadlığı vermişdi. Xomeyni İrandan sürülməmişdən öncə ona qarşı çıxmışdı ki, "qadınların seçki azadlıqları olmamalıdır". Gələndən sonra həmin istəyini yerinə yetirdi. Yəni bunların hakimiyyətə gəlməsi milləti 40 yox, 140 il geriyə apardı.

İran prezidenti Ruhani inqilabın ildönümündə dedi ki, bizdə partiyalar var, təşkilatlar var. Hamısı da azaddır. Hanı o hizbilər, hanı o təşkilatlar? Hamısını tutub saldılar zindana. Bir partiyadan 120 min edam olunmuş adam var. Bu gün də orada meydanlarda adamlar asılırlar.

Şah zamanında kiçik yaşlı uşaqların güllələndiyini eşitməmişdik. Ancaq bunlar azyaşlıları cəzalandırmağa başladılar. Gətirdilər insanları, kiçik şəhərlərdə asmağa başladılar. Azərbaycanla İranın arası açılanda bir şəhərdə bir nəfəri asmışdılar. Bu yazıqlar da görməmişdilər axı, şoka düşmüşdülər ki, bu nədir insanı bu qədər adamın içində necə asmaq olar?

Milyardlarla oğurluqlar, bütün fabriklərin hamısı dayanıb, bahalıq, işsizlik baş alıb gedir, fabrik-zavodlar işləmir. Banklar iflasa uğrayıb. Millətin pullarını vermirlər, banklara qoyulmuş əmanətləri qaytarmırlar.

Və bütün bunların hamısı bütün dünyanın gözü qarşısında baş verir.

Adam oğurlamaq, yoxa çıxartmaq, haqqını istəyəni yerində boğmaq, ailələri dağıtmaq, 8 il yalandan İran-İraq müharibəsini törədilməsi, hansı ki, təsirləri hələ də bitmir. Bunlar hamısı bu hakimiyyətin dövründə baş verib.

Fahişəlik 10-12 yaşa düşüb, eyni zamanda narkotik istifadəsi yaşı da 10-12 yaşa düşüb. Doğrudur, şah dövründə də şəhərlərdə fahişəxanalar vardı.

Tehranın özündə də ümumxanalar vardı. Onda da insan alveri vardı, lakin bunlar rəsmi fahişəxanalarda baş verirdi. İnqilabdan sonra isə həmin yerləri dağıtdılar və hamı evinə dağılışdı.

Ancaq indi Şah da gəlsə, bu vəziyyəti düzəldə bilməyəcək. O firavanlıq ki, şah dövründə vardı, keçdi getdi. O, cinayətləri ki, bunlar etdilər, əhali də bunların cinayətlərindən o qədər bezib ki, indi Şahı arzulayır.

Şahın vaxtında Beyləqanla üzbəüz ərazidə, biz tərəfdə Muğan adlanır ora, ilan mələyən deyirdilər. İki il ərzində Orta Şərqin bütün böyük şirkətləri orada firmalarını, fabriklərini yerləşdirmişdilər. Şah oranı cənnətə çevirmişdi.

Xomeyni isə xanları, bəyləri çağırıb demişdi ki, ərazilərin xüms-zəkat vergisini verəcəksinizsə, torpaqları sizin əlinizdən almayacağam. Şah isə bütün ailələri yer sahibi etmişdi. Onun dövründə torpaq bölücüləri qapı-qapı düşüb camaatı evindən çağırırdı ki, gəl sənə 12 hektar yer verəcəm. Bu camaata torpaq verdi şah, su çəkdi bu ərazilərə, kanalizasiya sistemini qurdu.

O vaxt xanlardan, bəylərdən torpaq almaq çətin idi. Ona görə də buna "ağ inqilab" deyirdilər. Bir sözlə, şah o cəhənnəmdən bir behişt yaratmışdı. Yəni mən bunu gözümlə görmüşəm. İnqilabdan 40 il keçib, bunlar o işlərinin birini belə görməyiblər. Məhəmmədrzanın atası Rza şah qatar yolunu düzəltdirib başa çatdırdı ki, bu İranda bir ilk idi. İnkişaf yaxşı idi.

O zamanlar ölkənin harasında abadlığa ehtiyac vardısa, oranı düzəldirdilər. İndiki kimi, ölkənin sərvətini bəlli bölgələrə daşımırdılar.

Şah dövrünün İranında institutu qurtarana qədər dövlət səndən bir qəpik pul almırdı. İndi isə gərək 10 nəfər işləyə bir evdən bir nəfəri oxuda.

Şah dövründə azərbaycanlıların vəziyyəti də pis deyildi. Mən o zaman təhsil almışam. Bizdə dərslərdə ana dilində danışmaq, məktəbdə Azərbaycan dilinin istifadəsi qadağan deyildi. Müəllimlərin çoxu demək olar ki, Azərbaycanlı idi. Onlar bizimlə daha çox Azərbaycan dilində danışırdılar ki, dərs oxuyanda yaxşı başa düşək.

Ancaq Xomeyni dövründə məktəblərə yuxarılardan məktub gəlirdi ki, müəllimlər siniflərdə dərs vaxtı Azərbaycan dilində danışa bilməzlər.

Milli kimlik məsələsi

Şah dövründə milli kimlik məsələsi yox idi. O vaxtlar qəzet-filan çıxarırdılar türk dilində. İranda bizə türk deyirlər axı.

İndi də türk dilində radio var, qəzet çıxır.

Bizim bir müəllimimiz var idi. Bu getdi deputat oldu. Bununla da rəhmətlik Cəlil Məmmədquluzadənin hadisəsi mənim başıma gəldi.

Bir gün bu deputat olmuş müəllim televiziyada danışır. Anam da soruşdu ki, bu bizim Nurəddin deyilmi? Bu hansı dildə danışır? - Dedim, əşşi, bizim dildə danışır da. Anam dedi ki, "bəs mən onu təkin (yəni aydın-red.) başa düşmürəm".

Millətçilik məsələsi son illərdə başladı. Bu məsələ Şah zamanında o qədər qabarmamışdı.

Konstitusiyanın 19-cu maddəsində yazılır ki, hər bir millət öz dilində yazıb-oxuya bilər. Lakin bu kağız üzərində belədir. Özü də bu təkcə bizim azərbaycanlılara qarşı belə deyil. Ərəblərə də belə münasibət var. Ümumiyyətlə, farsına, türkünə, əcəminə fərq qoymadan hamısına zülm etdilər.

"...İslama qarşı nifrət..."

Misirli bir yazıçı var. Həmin yazıçının gözəl bir sözü var. O deyir ki, "Xomeyni bir güllə kimidir ki, 1400 il əvvəl tuşlanıb, sürətlə gəlir, qarşısında da nə varsa, dağıdır".

Doğrudan da, bu molla hökuməti gəldi, insanları, onların xarakterini dəyişdi. İnsanların əqidəsini dəyişdi.

Bunlar insanların dinini də əlindən aldılar. Yəni camaat baxıb gördü ki, molla ulaqla oyan-buyana gedirdi, indi uçaqla (təyyarə ilə-red.), bahalı maşınlarla gəzir, milyardları var, onlar da dedi ki, dinin xadimi budursa, mənə bu din lazım deyil. Ölkədə cəmiyyəti elə hala gətirdilər ki, indi də İranda dinsizlik baş alıb gedir.

Bu gün İranda hamı deyir ki, Şah ölkədə qalsaydı, İran Gülüstan olardı. Şah da bir az qudurdu, dedi mən yaşılgözlərə (Amerikalılara) neft verməyəcəm. Bir də ki, Orta Şərqin jandarmına çevrilmişdi. Dünyada dördüncü güc idi. Ona görə də, belə oldu. Bu təkcə Xomeyninin gücü deyildi. Arxa pərdədə çox oyunlar oynandı...

2006-cı ildə Azərbaycandan siyasi sığınacaq almış Babək Muğanlı 1981-ci ildə həbs olunub və 3 il həbsdə qalıb.

O deyir ki, 1988-ci ildə İran İslam Respublikasında bir çox partiyaların saxlanmış üzvlərinə verilən üç sual və həmin suallara verilən cavablar bir çoxlarının, eləcə də onun gələcəyini müəyyənləşdirir.

  • Sən yenə əvvəlki mövqeyindəsən?
  • Həmin partiyanı dəstəkləyirsən?
  • İnqilaba qarşısan?

Həmin suallara verilən cavablar nəticəsində, üç mindən çox şəxs edam edilib.

Bu barədə daha geniş