İlham Əliyevin Azərbaycan mediasına son 15 ildə ilk müsahibəsi

İlham Əliyev, yerli televiziya, yerli media Fotonun müəllifi president.az
Image caption İlham Əliyev uzun illərdən sonra yerli jurnalistə müsahibə verib

Azərbaycan prezidenti İlham Əliyev son 15 ildə ilk dəfə olaraq ölkə mediasına müsahibə verib. O, hədəfinin xoşagəlməz hallara qarşı siyasəti davam etdirmək olduğunu bildirib.

İlham Əliyev bağlanmış ANS televiziyasının keçmiş jurnalisti Mirşahinə müsahibəsində ASAN xidmət, Qarabağ sülh danışıqları, xarici siyasət barədə danışıb.

O deyib ki, ASAN xidmət"də "korrupsiya, rüşvətxorluq, kobudluq, bürokratiya sıfırdır". "Yəni, mənfi halların qarşısını almaq mümkündür. Bunu biz özümüz etmişik. Heç bir xarici təşkilat bunu bizə tövsiyə etməmişdir", O Real internet televiziyasına bildirib.

"Qərar da bizimdir, icraçılar da Azərbaycan vətəndaşlarıdır, gənclərdir və nəticəni də Azərbaycan vətəndaşları görürlər. Ona görə bu, ictimai davranış sahəsində, ictimai xidmətlər sahəsində, məmur-vətəndaş münasibətlərində inqilabdır", prezident deyib.

Prezident yerli mediaya niyə danışmırmış?

Prezident Əliyev "daha çox xarici mediaya danışmasını" onunla əsaslandırıb ki, "Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq" xüsusi əhəmiyyət daşıyan bir məsələdir.

"Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni, bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq",- İlham Əliyev deyib.

Digər səbəb kimi isə bildirib ki, onun ölkə daxilində Nazirlər Kabinetinin iclaslarında və görüşlərdəki çıxışlarının bir çoxu "hesabat xarakterlidir".

"Ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır"

Jurnalistin Qarabağ münaqişəsi ilə bağlı sualına müharibənin əvvəlini xatırlatmaqla başlayan İlham Əliyev "Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın, köçkünün ağır vəziyyətini" AXC-Müsavat hakimiyyətinin "ağır mirası" kimi qiymətləndirib.

O deyib ki, hazırda Qarabağ münaqişəsinin həlli yönümündə danışıqlar Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılır.

"Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır. Ona görə danışıqların aparılması əlbəttə ki, müsbət hal kimi qiymətləndirilə bilər".

İlham Əliyevin fikrincə, müasir dünyada güc amili ön plana çıxır. "Bu gün dünyada "kim güclüdür, o da haqlıdır" prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq. Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq.

Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırıq. Ona görə güc amili həmişə gündəlikdə olub və olacaq. Biz bunu nəinki bizim münaqişə, bir çox başqa münaqişələrlə bağlı da görürük. Ona görə biz müxtəlif imkanlardan istifadə edəcəyik və Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir".

"Azərbaycan balanslaşdırılmış xarici siyasət aparmır"

Prezident deyib ki, Azərbaycan "balanslaşdırılmış xarici siyasət" aparmır.

"Bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq.

Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub",- o, əlavə edib.

Bu barədə daha geniş