Görünür prezident anlayıb... İlham Əliyev niyə müsahibə verdi?

İlham Əliyev, Elçin Şıxlı, Xədicə İsmayıl, Zərdüşt Əlizadə, Mirşahin

Uzun illərdir ki, Azərbaycan mediasına müsahibə verməyən Prezident İlham Əliyev bağlanmış ANS TV-nin keçmiş jurnalisti, ölkədə tanınmış teleaparıcı Mirşahin Ağayevə yarım saatlıq müsahibə verib.

Bəs Prezident Əliyev mediaya danışmaq qərarına niyə gəlib? Özündən soruşmaq mümkün olmasa da, jurnalistlər bu barədə bir qənaətə gəliblər və biz də onlardan soruşduq.

Xədicə İsmayıl:

"Birincisi, görünür, prezident öz məmurları vasitəsiylə komunikasiyanın effekt vermədiyini artıq anlayıb",- Xədicə İsmayıl deyir. Amma o hesab edib ki, prezident bu əlaqənin "çox yanlış yolunu seçib".

Image caption Xədicə İsmayıl: "Birincisi görünür prezident öz məmurları vasitəsiylə komunikasiyanın effekt vermədiyini artıq anlayıb"

"Onun müsahibəsini birbaşa əlaqə saymaq olmaz. Bu müsahibədə nə sorğulama var idi, nə xalqdan gələn suallar var idi. O əslində cəmiyyətlə danışmalı idi".

Xədicə İsmayıl hesab edir ki, "biz həm də prezidentin indiyə qədər niyə bu media ilə əlaqədən qaçdığını da xatırlamalıyıq".

"2004-cü ilin yanvarında İlham Əliyev atasının ənənəsinə uyğun olan hava limanında olan brifinqlərin birində çox ciddi diplomatik səhvə yol verdi. O zaman verilən suallardan biri də Azərbaycanın Şimali Kipr Cümhuriyyətini tanıması ilə bağlı idi. Onda İlham Əliyev demişdi ki, əgər Cənubi Kipr əhalisi referendumda yox desələr onda Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıyacaq. Bu çox ciddi diplomatik səhv idi və Azərbaycanı Avropa Birliyi və Yunanıstanla üz-üzə qoydu", -Xədicə İsmayıl BBC News Azərbaycancaya deyib. O iddia edir ki, bu diplomatik səhv Qarabağla bağlı Azərbaycanın mövqeyini də xeyli zəiflətdi.

Jurnalist bildirib ki, İlham Əliyev "diplomatik səhvə yol verəndən" sonra onun bütün brifinqləri dayandırıldı.

"Ondan sonra İlham Əliyev jurnalistlərin suallarına cavab vermirdi. O hadisədən uzun müddət keçib. Ola bilsin İlham Əliyev özünü diplomatik səhvlər etməyəcək qədər hazırlıqlı siyasətçi hesab edir".

Xədicə İsmayıl bildirib ki, o dəfələrlə beynəlxalq mediada çalışan jurnalistlərin İlham Əliyevdən müsahibə almaq cəhdlərinin şahidi olub, amma bu cəhdlər də uğursuzluqla nəticələnib.

Onun sözlərinə görə, buna səbəb İlham Əliyevin onların verəcəyi suallar xoşlamadığı olub. Araşdırmaçı jurnalist hesab edir ki, "İlham Əliyev özünün seçdiyi suallara cavab vermək imkanı olanda müsahibə verib".

"İlham Əliyevin yerli və beynəlxalq mediaya müsahibələrinin sayı iki əlin barmaqlarının sayı qədər olub. İndiyə kimi, onun müsahibələrinin əksəriyyəti rus telekanallarına olub. Əgər İlham Əliyev hesab edirsə ki, o beynəlxalq mediaya müsahibə verərkən Azərbaycanın maraqlarını müdafiə edib, onda o bununla çox zəif şəkildə məşğul olub",- Xədicə İsmayıl deyib.

Xədicə İsmayılova hesab edir ki, prezident real jurnalistika ilə məşğul olan heç kimə müsahibə verməyib.

"Çıxışlar o zaman hesabat xarakterli olur ki, səni dinləyən adamlar səni tənqidi düşüncə ilə qarşılaya bilirlər və hansısa halda hansısa faktın doğru olmadığını birbaşa adama xatırlada bilirlər. Onun kabinet iclaslarında uzun sürən nitqləri faktlardan ibarət olmayıb. İstənilən çıxışını götürsək, orada faktların təhrif olunmasının dəfələrlə şahidi olmuşuq. Bu müsahibə hesabat deyil. Demokratik seçilmiş Milli Məclisimiz olsaydı, prezident çıxıb həmin Milli Məclisdə hesabat versəydi və deputatlar onu sorğulaya bilsəydi, bunu hesabat adlandıra bilərdik",- Xədicə İsmayıl deyib: "onun çıxışları təbliğat olub, hesabat yox".

Fotonun müəllifi AYNA.AZ
Image caption Elçin Şıxlı: "Prezident indidən belə cəmiyyətə, ictimaiyyətə çatdırmaq istədiyi lazimi mesajları birbaşa özü söyləyəcək".

Elçin Şıxlı

Hazırda fəaliyyətini dayandırmış Ayna-Zerkalo qəzetinin baş redaktoru Elçin Şıxlıya görə, prezident bundan sonra cəmiyyətə, ictimaiyyətə çatdırmaq istədiyi lazimi mesajları birbaşa özü söyləyəcək".

"Prezident bu yolla fikrini bildirib. Hesabat verilərkən böyük mətbuat konfransı çağırılmalıdır. Orada tək bir media strukturu deyil, televiziyaların yarısından bir qədər çoxu, dövlət və üzdə olan digər informasiya agentlikləri çağırılmalıdır; onda daha geniş yayılır. Əgər hesabatdırsa, bu belə olmalıdır. Düşünmürəm hesabat olduğunu",- Elçin Şıxlı deyib.

O deyib ki, prezident onu göstərmək istəyib ki, "artıq öz fikirlərini birbaşa özü bildirməlidir".

Image caption "Əhali ilə danışmaq üçün gərək səmimi olasan, düz sözü deyəsən, nağıl danışmaq lazım deyil",- Zərdüşt Əlizadə belə hesab edir.

Zərdüşt Əlizadə

Siyasi şərhçi və jurnalist Zərdüşt Əlizadə isə hesab edir ki, prezidentin yerli mediaya müsahibəsinə ehtiyac yaranıb.

"Bundan əvvəl Azərbaycanı, əhalini ümumiyyətlə Azərbaycanı saymırdı, çünki, imkanları böyük idi. İndi görünür ki, ona çatıb ki, Azərbaycanla hesablaşmaq lazımdır",- Zərdüşt Əlizadə deyib.

"Azərbaycanda hakim zümrənin daxilində çat yaranıb, prezident hesab edir ki, müəyyən şərtlərlə əhali arasındakı surətini bir balaca yaxşılaşdırmaq olar".

O hesab edir ki, bu müsahibə əhali ilə danışmaq deyildi.

"Əhali ilə danışmaq üçün gərək səmimi olasan, düz sözü deyəsən, nağıl danışmaq lazım deyil",- Zərdüşt Əlizadə belə hesab edir.

"Bu il islahatlar ilidir kimi sözlər əvəzinə Əliyev xalqın güzaranına, özünün əvvəl verdiyi vədlərin icrasına, onun müxtəlif milyard dollarlar tələb edən layihələrinin səmərəsizliyinə, xalqa heç nə verməmiş o beynəlxalq tədbirlərə və bir də yaxın ətrafının, nazirlərinin, deputatların, qohumlarının, tanışlarının maddi vəziyyətinə baxsın", Zərdüşt Əlizadə deyib.

Prezidentin müsahibələri

Prezident Əliyev Mirşahinə müsahibəsində "daha çox xarici mediaya danışmasını" onunla əsaslandırıb ki, "Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq" xüsusi əhəmiyyət daşıyan bir məsələdir.

"Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni, bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq",- İlham Əliyev deyib.

Digər səbəb kimi isə bildirib ki, onun ölkə daxilində Nazirlər Kabinetinin iclaslarında və görüşlərdəki çıxışlarının bir çoxu "hesabat xarakterlidir".

Bu barədə daha geniş