Rüstəm İbrahimbəyov: "Prezident Administrasiyasından mənə telefon zəngi oldu və dedilər ki, gəl"

Rüstəm İbrahimbəyov Fotonun müəllifi Azərbaycan Kinematoqrafçılar İttifaqı

"Müraciətlərə cavab olaraq Prezident Administrasiyasından mənə telefon zəngi oldu və dedilər ki, gəl".

2013-cü il prezident seçkilərindən sonra Azərbaycana gəlməyən Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Turan-a müsahibəsində bildirib ki, Bakıya gəlməsi üçün Prezident Administrasiyasına iki yazılı müraciəti olub.

Onun sözlərinə görə, həmin müraciətlərdə Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq birliyinin əmlakı və sənədləri barədə məsələlərə toxunub.

Rüstəm İbrahimbəyov öz müraciətlərində "vətəndaş mövqeyini dəyişmədiyini, ancaq buna görə başqalarının əziyyət çəkməməli olduğunu" qeyd etdiyini bildirir.

"İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz qalmalıdır, əziyyət çəkməlidir? Mənim vətəndaş mövqeyim hakimiyyətin fikrindən fərqləndiyinə görə kinematoqrafçıların mülkiyyətini və əmlakını götürmək lazımdır? Kinematoqrafçılar İttifaqını mənim tərəfdarlarıma və əleyhdarlarıma bölmək, insanları mənəvi cəhətdən sındırmaq nəyə lazımdır?", - o sual verir.

Rüstəm İbrahimbəyov söyləyir ki, ölkə siyasətində nələrinsə dəyişib-dəyişmədiyini "yaxın gələcək göstərəcək".

"Siyasətə gəlincə, sadəcə, hamıya xatırlatmaq istəyirəm: bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir. Əgər bu gün həmin məsələlər, məsələn, korrupsiya yuxarılarda müzakirə olunursa və ona qarşı mübarizə aparılırsa, niyə bizi dövlətin düşmənləri elan edirdilər?"

Cənab İbrahimbəyov Bakıda olduğu müddətdə həmkarları ilə görüşüb.

Rüstəm İbrahimbəyov Azərbaycan kinodramaturqu, Dövlət mükafatı laureatı, Azərbaycanın xalq yazıçısıdır, Azərbaycan və Rusiyanın əməkdar incəsənət xadimidir.

Ölkənin ana müxalifətini təmsil etmiş Milli Şuranın Təşəbbüs Qrupu 2013-cü il Azərbaycanda prezident seçkilərində Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürmüş, amma onun ikili vətəndaşlığı (Rüstəm İbrahimbəyov həm də Rusiya vətəndaşlığını daşıyır) bu namizədliyin rəsmi mərhələyə keçməsinə maneə olmuş, Milli Şuranın seçkidə namizədi keçmiş millət vəkili Cəmil Həsənli olmuşdu.

Əlaqəli mövzular

Bu barədə daha geniş