Sənədsiz mənzillərin sahibləri "kupça" ala biləcəklər

Ev bazarı evlərər kupça veriləcək Sənədsiz evlərə sənəd veriləcəkmi? Fotonun müəllifi NURPHOTO

Sənədsiz mənzillərin sahibləri "kupça" ala biləcəklər.

Gələn il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla, tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarına (yaşayış komplekslərinə) çıxarış veriləcək.

Çoxmənzilli binaların istismarına icazə verilməsi qaydalarının sadələşdirilməsi ilə bağlı prezident İlham Əliyevin verdiyi fərmanda belə göstərilib.

Əmlak məsələləri üzrə təhlilçi Ramin Osmanov BBC News Azərbaycancaya bildirib ki, bundan sonra sözügedən fərman xeyli mənzilin qeydiyyat probleminin həllinə gətirib çıxaracaq.

"Evlərin qeyri-leqal yolla dövriyyəsi dayandırılacaq"

"Bu fərmandan sonra artıq həmin binaların istismara qəbulu qaydaları sadələşdiriləcək.

Cənab Prezidentin fərmanından da görünür ki, Fövqəladə Hallar Nazirliyinin çoxmənzilli yaşayış binalarındakı dayanıqlılıqla bağlı rəy verdiyi bina istismara qəbul olunmalıdır.

Bakı Şəhər İcra Hakimiyyəti sənədləşmə işlərində müəyyən qüsürları olan binalara istismar aktı verməkdən imtina edirdi.

Qurum artıq bundan sonra heç bir halda çıxarış verməkdən imtina edə bilməyəcək.

Düşünürəm ki, bu fərman bir tərəfdən uzun müddətdən bəridir öz həllini gözləyən problemi çözəcək, digər tərəfdən isə xeyli mənzilin qeydiyyat probleminin həllinə gətirib çıxaracaq", təhlilçi deyib.

O hesab edir ki, uzun illərdir ki, "kupça"sız qalan mənzillərin qeydiyyata alınmasından həm də büdcə qazanacaq.

"Külli miqdarda evlərin qeyri-leqal yolla dövriyyəsi dayandırılacaq. Eyni zamanda çoxmənzilli binaların idarəedilməsində də müəyyən müsbət təsiri olacaq.

Artıq mənzil sahibləri mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığına görə, binanın idarə olunmasında iştirak edəcəklər", Ramin Osmanov söyləyib.

İpoteka, kirayə mənzil və sosial evlər üçün potensial bazar

Cənab Osmanov həm də bu fərmanla "artıq İpoteka və Zəmanət Fondu üçün potensial bazarın açılmış olduğunu" deyib.

"İpoteka və Zəmanət Fondunun alıb bazara çıxaracağı mənzillər 2013-cü ildən Tikinti və Şəhərsalma Məcəlləsi qəbul olunduqdan bu yana tikilmiş binalardan alınmalıdır.

Yəni İpoteka və Zəmanət Fondu oradakı ucuz mənzilləri alıb kirayə verə biləcək".

Bu fərman 2020-ci ilin yanvarın 1-dək qüvvədədir.

Bu barədə daha geniş