Tofiq Yaqublu: "Polis bizə dedi ki, buradan keçə bilməzsiniz, Xocalı abidəsinə yaxınlaşa bilməzsiniz"

Şəklin mənbəyi, Tofiq Yaqublu
Tofiq Yaqublu: "Polislərdən biri partiyanın Məclis üzvü Mehman Kərimlini vurub, bundan sonra o huşunu itirdi".
"Polis bizə dedi ki, buradan keçə bilməzsiniz, abidəyə yaxınlaşa bilməzsiniz, əvvəlcə xahiş etdilər, sonra başladılar vurmağa, döyməyə, söyməyə".
Müsavat partiyasının Divan üzvü Tofiq Yaqublu BBC News Azərbaycancaya deyib ki, Müsavat partiyasının bir qrup üzvü çərşənbə axşamı günü Xocalı abidəsini ziyarət etmək istəyib, lakin polis qarşıdurması ilə üzləşib.
"Bizə heç bir səbəb bildirmirdilər, sadəcə deyirdilər ki, olmaz, abidəyə yaxınlaşa bilməzsiniz. Abidədən təxminən 30 metr aralı asfaltın üzərinə sərhəd qoyublar ki, gülü bura qoyub gedə bilərsiniz. Halbuki biz yaxınlaşan anda abidənin önündə kifayət qədər adam var idi".
BBC News Azərbaycancanın Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.
Tofiq Yaqublu söyləyir ki, polis abidənin önündəki insanların "şəhidlərin qohum-əqrəbası" olduğunu deyib.
"İndiyə kimi həmişə abidəyə gəlib gül qoya bilmişik. 20 yanvarda Şəhidlər Xiyabanına ziyarətdən başlayıblar problem yaratmağa. Biz burada bir siyasi aksiya keçirmirdik, sadəcə anım günü idi. Başqa bir məqsədimiz yox idi".
Cənab Yaqublu iddia edir ki, "polislərdən biri partiyanın Məclis üzvü Mehman Kərimlini vurub, bundan sonra o huşunu itirdi".
"Oradakı təcili yardım işçiləri Mehman Kərimlinin infarkt keçirdiyini deyirdilər, daha sonrakı müayinələrdə dedilər ki, gərgin stress vəziyyəti ilə zərbə üst-üstə düşüb, gərginlik keçirib. İndi vəziyyəti yaxşıdır".
Yanvarın 20-də bir qrup müxalifət qüvvələrinin Şəhidlər Xiyabanını ziyarət etməsi zamanı da polislə qarşıdurma baş vermişdi.
AXCP sədri Əli Kərimli saxlanılaraq ictimai yerlərdə aksiyaların təşkili və keçirilməsi qaydalarının pozulmasında ittiham olunaraq 2500 manat cərimə olunmuşdu.
Saxlanılan digər fəallardan bir neçəsinə cərimə, bəzilərinə isə sutkalıq inzibati həbs cəzası verilmişdi.
Azərbaycanda, 27 il əvvəl Xocalıda törədilmiş kütləvi qırğının qurbanları anılıb.
Çərşənbə axşamı günü Bakıda, 613 insanın qətlilə nəticələnmiş Xocalı faciəsinin ildönümü ilə bağlı yürüş keçirilib.
Yürüşdə prezident İlham Əliyev və hökumət rəsmiləri, minlərlə paytaxt sakini iştirak edib.