İlham Əliyev: "Problemli kreditlər həll olunacaq"

İlham Əliyev, problemli kreditlər Fotonun müəllifi president.az

Bazar ertəsi günü prezident iqtisadi və sosial məsələlərlə bağlı keçirdiyi müşavirədə bildirib ki, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır.

Onun sözlərinə görə, bununla bağlı təkliflər paketi hazırlanır.

"Bu, o qədər də sadə məsələ deyil", deyə vurğulayan İlham Əliyev buna "maliyyə imkanlarının çatması məsələsinin də ön planda" olduğunu bildirib.

"Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir".

Çoxmənzilli binaların "kupça" probleminə "son qoyulub"

İlham Əliyev indiyə kimi tikilmiş, amma dövlət sənədi verilməmiş çoxmərtəbəli binalarda bu problemin də həll ediləcəyini deyib:

"Biz bu məsələyə də son qoyduq. Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər. Dörd yüz çoxmənzilli binada təxminən 60 minə yaxın əhali yaşayır. O vətəndaşların ailə tərkibləri təqribən toplam 300-400 min arasıdır", prezident bildirib.

"Böyük sosial paket hazırlanır"

İlham Əliyev deyib, bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Onun sözlərinə görə, minimum əmək haqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bu "böyük sosial paketin" tərkib hissəsidir. "Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq", prezident vəd verib.

Onun sözlərinə görə, bu proqram 500 mindən çox adamı əhatə edəcək. "Sadaladığım bütüm bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq", İlham Əliyev əlavə edib.

Ancaq o, artırılan minimum əmək haqqının indiki məbləği ilə razı omadığını vurğulayıb:

"Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırdıq - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıbdır. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın".

"Büdcə daxilolmaları artıb"

İlham Əliyev hesab edir ki, "aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər" büdcə daxilolmalarına da müsbət təsir göstərb. Onun sözlərinə görə, ilin birinci ayında daxilolmalar kəskin artıb: "Vergi orqanları plandan əlavə 80 milyon manatdan çox vəsait toplamışlar. Gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplamışlar və ümumi daxilolmalar 105 milyon manat artmışdır, təkcə bir ay ərzində".

O, islahatların davam edəcəyini vurğulayaraq 2019-cu ilin "bütövlükdə Azərbaycan üçün uğurlu il olacağını" ümid etdiyini söyləyib.

Bu barədə daha geniş