Mehman Hüseynov: "Prezidentə müraciəti özüm yazmışam, amma şərtlər olub"

Video açılmasa, YouTube-da izləyin.

"Mənə qarşı açılan ikinci cinayət işinin səbəbi kimi iddia olunan hadisə - guya mən kiməsə xəsarət yetirmişəm, belə hadisə ümumiyyətlə baş verməyib", martin 2-də həbsdən azad olunan video bloqçu Mehman Hüseynov deyir.

"Hadisə ümumiyyətlə baş verməyib. Məni apardılar cərimə təcridxanasına, saatlar keçdi, prokuror gəldi və bildirdi ki, həbsxana müəssisəsinin işçisi xəstəxanaya düşüb, ölür. Yuxu kimi idi. Əslində, gözləyirdim ki, həbsin axırına yaxın məni belə surpriz gözləsin, amma bu qədər iyrənc və çirkin şəkildə gözləmirdim. Ən azı hadisəni süni şəkildə yaradıb onu təşkil edərdilər və mən başa düşərdim ki, mən hansısa təxribata uydum", o çərşənbə axşamı günü jurnalistlərə deyib.

Mehman Hüseynovun vəkili Fuad Ağayev deyib ki, onlar təcridxanaya müraciət edərək iddia olunan hadisənin video görüntülərinə baxmaq istəyiblər, lakin təcridxanadan onlara deyilib ki, "müşahidə kameralarının yaddaş qurğuları yoxdur və video ancaq müşahidə üçün çəkilir".

Prezidentə müraciət

Mehman Hüseynov söyləyir ki, prezidentə müraciəti özü yazıb, "amma şərtləri olub".

"Müraciətdə elə yazmışdılar ki, guya hadisə baş verib, amma barışıqla həll edək. Amma mən bildirmişdim ki, bu məsələ prinsipialdır. Mən bu hadisənin iştirakçısı olmamışam və Əli Abdalov adlı vətəndaşı vurmamışam. Bildirmişəm ki, Mehman Hüseynova qarşı haqsızlıq olub. Əgər bu haqsızlığın aradan götürülməsini Azərbaycanda bir şəxs həll edə bilirsə, qoy o da bilsin. Mən dedim ki, mənim dediyim söz prezidentə çatmalıdırsa, düzü çatmalıdır".

"Hökumət qarşısında nota verdim ki,..."

Mehman Hüseynov deyir ki, onun aclıq aksiyası keçirməsinin səbəbi təkcə özünə qarşı yox, həm də beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi qəbul edilən digər şəxslərə qarşı irəli sürülən ittihamlar olub.

"Prokuror mənə deyəndə ki, yeni cinayət işi açılıb, mən bildirdim ki, mənim cəzama 2 ay qalıb və 2 mart tarixi mənim üçün çox önəmli tarix olacaq: mən öləcəm ki, digər siyasi məhbuslara qarşı bu çirkin kampaniya, bu haqsızlıq olunmasın. Mən hökumət qarşısında nota verdim ki, mənim üçün bu, ölüm, ya dirim söhbəti olacaq".

Aclıq aksiyası dayandırılmışdımı?

Bloqçu hesab edir ki, o, "apardığı mübarizənin nəticəsi olaraq" azadlıqdadır.

"Mən keçən ilin dekabrın 26-da aclıq aksiyasına başladım. Ayın 30-u vəziyyətim pisləşdi və Bakı İstintaq Təcridxanasında mənə bildirdilər ki, əgər mən bu aclıq aksiyasını dayandırmasam, mənə zorla sistem vasitəsilə yemək yedizdirib bunu hansısa vasitə ilə çəkib ictimaiyyətə göstərəcəklər. Mən başa düşdüm ki, Azərbaycan xalqı və ictimaiyyət artıq bilir ki, burada nə baş verir və qərara gəldim ki, özümü bu qədər alçaldıcı vəziyyətdə göstərməmək üçün 2 marta qədər ayaq üstə durmalıyam ki, mübarizəmi aparım".

Bundan əvvəl Penitensiar Xidmət BBC News Azərbaycancaya Mehman Hüseynovun aclıq aksiyasını dayandırdığını və bununla bağlı akta qol çəkdiyini demişdi.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov BBC News Azərbaycancaya deyib ki, "Mehman Hüseynov aclıq aksiyasını dayandırıb, su da içir, yemək də yeyir".

Mətbuat konfransında çıxış edən Mehman Hüseynovun vəkili Şəhla Hümbətova deyib ki, "belə bir akt olmayıb və əgər olsa idi, ictimailəşdirilərdi"

Mehman Hüseynov qeyd edib ki, o, həbsxanada olanda, aclıq aksiyası keçirəndə "Azərbaycan xalqı onun yanında olub".

"Mənim bu gün azadlıqda olmağıma görə səbəbkarlara təşəkkürümü bildirmək istəyirəm. Bu, ilk növbədə Azərbaycan xalqıdır. Mən mübarizəmi bu iki il müddətində həbsxanada davam etdirirdim və bu mübarizə mənə çox baha başa gəldi. Çünki mən bu illər ərzində çox şübhəli məqamlar altında anamı itirdim, ailəm dağılıb, atam bir tərəfdə, qardaşım Emin xaricdədir, o biri Naxçıvanda hərbidə idi. Bu itkilərə baxmayaraq çalışırdım ki, ayaq üstündə durum və Azərbaycan xalqına göstərim ki, mən möhkəməm.

Mən düşünürdüm ki, anamı itirəndən sonra çökəcəm, amma gözləntilərim məni doğrultmadı. Mən başa düşdüm ki, mən çox güclüyəm və həbsxanada öz mübarizəmi davam etdirdim, möhkəm ayaqda durdum. Baxmayaraq ki, mən anamı itirmişəm, qeyri-qanuni həbs müddətimin sona çatmasına iki ay qalmış Azərbaycan hökuməti mənə surpriz hazırlayıb və mənə qarşı yeni provakasiya, yeni cinayət işi qaldırıb. ".

Bloqçu beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınan İlkin Rüstəmzadə, Bayram Məmmədov, Qiyas İbrahimov və digər fəalların onun aclıq aksiyasına qoşulduğunu deyib.

"Düzünü deyən jurnalistlərin qədrini həbsxanada bildim"

Mehman Hüseynov mətbuat nümayəndələrinə təşəkkürünü bildirib.

"Jurnalistlərə təşəkkür edirəm. Baxmayaraq ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı bir az çətin durumdadır, demək olar ki, ölkədə azad mətbuat qalmayıb, qalan 2-3 düzünü deyən jurnalistlərin qədrini həbsxanada çətinlikdə olanda bildim.

İki ay ərzində adi vətəndaşlar, jurnalistlər, beynəlxalq təşkilatlar öz gücünü çöldə göstərərkən həmin o təzyiqin iki qatı - içəridə Azərbaycan hökuməti tərəfindən zərbələr olurdu".

Bloqçu deyir ki, həbsdə olan müddətdə aləsi ilə sərbəst əlaqə saxlamaq imkanları məhdud idi.

Mətbuat konfransında jurnalistlərlə yanaşı Bakıdakı xarici ölkə səfirliklərinin təmsilçiləri də iştirak edib.

Mehman Hüseynov kimdir?

Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilmişdi.

O, Daxili İşlər Nazirliyinin şikayəti əsasında polisə "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə ittiham olunub.

Həbs müddətinin bitməsinə bir neçə ay qalmış Mehaman Hüseynova cəzaçəkmə müəssisəinin işçisinə zor tətbiq etməklə bağlı yeni cinayət işi açılmışdı.

Bloqçu bu ittihamları qəbul etməyib.

Onun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov isə ölkəni tərk edib.

Avropa Parlamentinin nümayəndələri Azərbaycan hökumətindən Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmişdi.

Bu barədə daha geniş