İlham Əliyev 2015-ci il böhranı barədə: "Ölkəmiz buna hazır deyildi"

ilham əliyev Fotonun müəllifi president.az

2015-ci ilin böhranına "ölkəmiz hazır deyildi", prezident İlham Əliyev bunu "etiraf etdiklərini" və bu böhranın Azərbaycana "böyük zərbə" vurduğunu bildirib.

Həmin il dünya bazarında neftin qiyməti kəskin aşağı düşdüyündən Azərbaycan iki dəfə devalvasiya ilə üzləşmiş, manat dollara nisbətdə 100 faizdən çox ucuzlaşmış və bank sistemi iflic olmuşdu.

Cümə günü bir qrup mədəniyyət xadimi ilə görüşən prezident qeyd edib ki, artıq ölkə bu böhrandan çıxıb və üstəlik, "iqtisadi inkişafa qədəm qoyub".

İlham Əliyev cümə axşamı problemli kreditlərlə bağlı verdiyi fərmandan danışıb, deyib ki, dünən imzaladı fərman 800 min insanı əhatə edir: "Deyə bilərəm ki, bu fərmanın dünyada analoqu yoxdur".

İlham Əliyev deyib ki, iqtisadi imkanlar yaranan kimi ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar veriblər.

"Bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq təmin edilib"

Prezident ümid edib ki, gələn ildən icbari tibbi sığorta sisteminə keçiləcək: "Biz bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Deyə bilərəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib".

İlham Əliyev məhkəmə-hüquq sahəsində islahatlara "çox ciddi ehtiyac" olduğunu vurğulayıb və müvafiq göstərişlər verildiyini deyib.

Anma prezident məhkəmə-hüquq sahəsində kokret hansı islahatlara ehtiyac olmasına aydınlıq gətirməyib.

"Bakıda xaotik tikinti prosesi artıq sona çatır"

Prezident deyib ki, Bakıda "xaotik tikinti prosesi artıq sona çatır". Onun sözlərinə görə, bunun üçün Şəhərsalma və Arxitektura Komitəsi qarşısında ciddi vəzifələr qoyulub ki, buna son qoyulsun:

"Əlbəttə, biz imkan verə bilmərik ki, inşaat sektorunda durğunluq yaransın. İnşaat iqtisadiyyatın təkanverici sektorlarından biridir, on minlərlə iş yeri yaradan sahədir. Ancaq Bakının bundan sonrakı şəhərsalma qaydaları baş plan əsasında olmalıdır", o deyib.

Bu barədə daha geniş