Azadlığa çıxan Mehman Hüseynov evinə qayıdıb
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Azadlığa çıxan Mehman Hüseynov evinə qayıdıb

İki illik həbs müddətini başa vuran video bloqçu Mehman Hüseynov azadlığa buraxılandan sonra evi qarşınında toplaşan fəal, siyasətçi, ictimaiyyət üzvləri və jurnalistlərə qısa şərh verib.

BBC News Azərbaycancanın müxbiri məzarlıqdan sonra evinə gələn Mehman Hüseynovun gələcək planları ilə maraqlanıb.

Suala cavab verməkdən imtina etdiyini deyən Mehman Hüseynov bu barədə mətbuat konfransında danışacağını bildirib.

"Hamı deyir ki, fəaliyyətimi davam etdirirəm amma ortada heç nə yoxdu", - bloqçu bildirib.

Evinə gəlməkdən əvvəl Mehman Hüseynov 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarını ziyarət edənlərə qoşulub.

Qəbiristanlıqda o, jurnalistika seçimi barədə danışıb:

"Jurnalistikanın ən sərt, ən düzgün yolunu seçmişəm və bu yolla da axıra kimi gedəcəyəm", - Turan agentliyinin saytında yayımlanan müsahibədə Mehman Hüseynov deyir.

Bloqçu həmçinin ötən il vəfat etmiş anası Firəngiz Hüseynovanın qəbrini də ziyarət edib.

İnternetdə korrupsiya ilə bağlı video bloqları ilə tanınan Mehman Hüseynov 2017-ci ildə polisə "böhtan atma" maddəsilə iki il müddətinə azadlıqdan məhrum olunub.

Həbsdən çıxmasına iki ay qalmış bloqçu cəzaçəkmə müəssisəsinin zabitinə qarşı zor tətbiq etməkdə təqsirləndirildi.

İttihamları rədd edən cənab Hüseynov 2018-ci ilin dekabr ayında aclıq aksiyasına başladığını bəyan etmişdi.

Bəzi ictimai-siyasi fəallar da Mehman Hüseynova dəstək məqsədilə aclıq aksiyası keçirmiş, bir sıra müxalif qüvvələr yanvarın 19-da Bakıda mitinq keçirmişdi.

Yanvar ayının 22-də Azərbaycan Prezidenti Mehman Hüseynovun işi ilə bağlı cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini ölkənin baş prokuroruna tövsiyə edib.

Avropa Parlamenti yanvarın 17-də "Mehman Hüseynovla bağlı təcili qətnamə" qəbul edib.

Baş Prokurorluq bu tövsiyədən sonra Mehman Hüseynova verilən ikinci ittihamla bağlı cinayət işinin icraatını ləğv edib.

Video açılmasa, buradan izləyin.