Çin: Qədim bir məzarda "ölməzlik cövhəri" tapılıb

Qədim dolça Fotonun müəllifi Xinhua/Li An

Çinin Henan əyalətində arxeoloqların tapdığı qədim məzarda əfsanəvi "ölməzlik cövhəri" olan dolça aşkar edilib.

Bu cövhər barədə taoizm əfsanələrində dəfələrlə qeyd olunsa da, alimlər indiyə qədər ona rast gələ bilməmişdi.

Eramızdan əvvəl 202 - 8-ci illərə təsadüf edən Han sülaləsinə aid olan məzar və oradakı 3,5 litrlik dolça Luoyang şəhərində hələ keçən ilin oktyabrında aşkar olunub.

Dolçadakı mayedən yüngülvari alkohol qoxusu gəldiyi üçün alimlər həmin mayenin qədim şərab olduğunu düşünüblər.

Lakin keçirilmiş analizin nəticələri göstərib ki, dolçadakı maye Hindistan şorası və zəy daşı məhlulunun qarışığından ibarətdir.

Arxeoloji qazıntı işlərinə rəhbərlik edən Pan Fuşen bildirib ki, aşkar edilmiş tapıntı qədim taosizm əfsanələrində insana ölməzlik bəxş edən "can dərmanı" kimi qeyd olunub.

"Bu, Çində əfsanəvi "ölməzlik dərmanı"nın aşkar olunması barədə ilk hadisədir", - Xinhua agentliyi Luoyang Mədəniyyət və Arxeologiya Təbərrükləri İnstitutunun direktoru Şi Ciancjen sözlərini iqtibas edib.

Ölməzlik cövhəri

İki min ildən çox yaşı olan "ölməzlik cövhəri" sarımtıl şəffaf maye kimi görünür.

Adətən qədim məzarlarda düyü və qarğıdalıdan hazırlanmış şərab qabları tapıldığından alimlər düşünüblər ki, bu dəfə də qədim şəraba rast gəliblər.

Mayeni şüşə qaba töküb təhlil etdikdən sonra isə məlum olub ki, həmin maye alkoqollu içki yox, Hindistan şorası ilə zəy daşı məhlulunun qarışığıdır.

Mayenin tərkibində cüzi miqdarda bəzi digər maddələr də aşkar olunub.

Hindistan şorası sənayedə geniş istifadə olunur - xüsusilə, fişəng və gübrə istehsalında.

Zəy daşı məhlulu isə qarışığı qədim taoizm əfsanələrində mifik "ölməzlik cövhəri" kimi qeyd olunub.

"Ölməzlik cövhəri", "can dərmanı" kimi məhlulların və maddələrin adı digər qədim mədəniyyətlərdə də çəkilir.

Qədim Çin mədəniyyətində belə "dərmanların" tərkibinə qızıl, civə, mərgümüş də əlavə olunub.

Lakin alimlər hələ də bu cür cövhərin qədimdə dərman kimi içilməsi və ya mərhumu "o dünyada ölməz etmək üçün" məzarına qoyulması barədə qədim mətnlərə rast gəlməyiblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş